Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Sosial / Rəsmi statistika şübhə doğurur: İşin içində iş var

Rəsmi statistika şübhə doğurur: İşin içində iş var

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2019-cu ildə ölkədə 192 min yeni iş yeri açılıb. Keçən il 9,4 min iş yeri isə bağlanıb. Bağlanmış iş yerlərinin 51,5%-i özəl sektorda idi. Ümumiyyətlə, rəsmi statistika pessimizmi ruhlandırmır. Ekspertlər və adi vətəndaşlar isə bunun ölkənin əmək sektorundakı real vəziyyəti əks etdirdiyinə şübhə ilə yanaşırlar. Həqiqətən neçə nəfərin iş yerini itirdiyi məlum deyil.

Mövzunu AYNA-ya şərh edən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, rəsmi statistika çox vaxt şübhə doğurur: “Problem ondadır ki, hesablamalarda yalnız Dövlət Statistika Komitəsi iştirak edir. Alternativ mənbələr yoxdur və nəticələri yoxlamaq, rəqəmləri müqayisə etmək mümkün deyil. Yuxarıdakı rəqəmlərdə biz yalnız rəsmi şəkildə işləyən müəssisələrdən, yəni rəsmi əmək sektorundan danışırıq. Bundan əlavə, VÖEN-i qeydiyyata alınan, sonradan bu və ya digər səbəbdən sahibkarlıq fəaliyyətini dayandıran fərdi sahibkarlar da nəzərə alınıb. ASAN xidmət və DOST mərkəzlərində belə bir tendesiya mövcuddur ki, onlar staj əsasında işləyən işçilərini də qeydiyyata alır və bununla da yeni iş yerləri qazanmış olurlar”.

“Hər hansı bir nəticə çıxarmaq üçün hansı sektorlarda işlərin bağlandığını, hansı peşələr arasında ən çox işdən çıxarılanların olduğunu, konkret olaraq harada yeni iş yerlərinin açıldığını bilmək lazımdır. Dəqiq, şəffaf bir tərtibata ehtiyacımız var, həmin tərtibat isə yoxdur və bu da bir çox sual və şübhələr doğurur. Həqiqi məlumatlara sahib olmaq üçün həm də hesablamalarla məşğul olacaq müstəqil bir quruma ehtiyac var. Bir çox ölkələrdə işçilərin hüquqları uğrunda mübarizə aparan və işçilərin mənafelərinə əsaslanaraq işəgötürənlərə tələblər irəli sürən həmkarlar ittifaqları tərəfindən statistika aparılır. Ölkəmizdə birliklər formal xarakter daşıyır. Haradasa QHT-lər statistika ilə məşğul olur, lakin Azərbaycanda zəruri məlumatlar əldə edən QHT yoxdur”, – Cəfərli bildirib.

 “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov isə AYNA-ya deyib ki, 9 mindən çox iş yerinin bağlanması ölkə miqyasında qorxulu bir rəqəm deyil: “Lakin bu rəqəmin artmaması üçün sahibkarlara normal işləmək imkanı verilməli və qarşılarında maneə yaradılmamalıdır”.

Digər həmsöhbətimiz, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) rəhbəri Sahib Məmmədovun sözlərinə görə, işçilərin ixtisar edilməsi həmişə iş yerlərinin bağlanması anlamına gəlmir: “Çox vaxt işəgötürənlər arzuolunmaz işçilərdən xilas olurlar, sonra vəzifənin adını bir az dəyişdirir və digər insanları həmin yerə götürürlər. Ümumiyyətlə, yerli işəgötürənlər insanları ixtisar etməyə meylli deyillər, çünki bu halda kompensasiya ödəməli olurlar. Öz istəkləri ilə ayrılmalarına üstünlük verirlər. Bundan əlavə, indi daha tez-tez işəgötürənlər müəyyən müddətə bir işçi ilə əmək müqaviləsi bağlayır və müqavilənin vaxtı bitdikdən sonra, sadəcə müqavilənin vaxtını uzatmırlar. Bu vəziyyətdə onları günahlandırmaq olmaz, çünki qanunvericiliyin müəyyən maddələri var ki, onlar da bu maddəni rəhbər tuturlar”.

“Bəzi iş yerlərinin bağlanması, digərlərinin açılması normaldır və burada illik balans vacibdir. Rəsmi rəqəmlərə görə, keçən il əvvəlki ilə nisbətən 11% daha çox əmək müqaviləsi bağlanıb. Bu, yeni iş yerlərinin yaradılması demək deyil, yeni vergi islahatı ilə əlaqədar qeyri-rəsmi əmək bazarından rəsmi bazaya keçid deməkdir. Ancaq Azərbaycanda kölgədə qalan sektorun səviyyəsi hələ də yüksəkdir”, – müsahibimiz vurğulayıb.

Yaradılmış iş yerlərinə gəlincə, Məmmədovun fikrincə, “190 min iş yeri” rəqəmi digər məlumatlarla uzlaşmır: “Beləliklə, 150 mindən çox adam işlə təmin olunmayıb. Bütün sferalarda işdən qovulma riski var. Hamısı daxili və xarici amillərdən, qlobal bazar şəraitindən asılıdır. Ölkəmiz neft məhsullarının dünya qiymətlərindən asılıdır, yəni iş yerlərinin yaradılması və azaldılması artıq xarici amillərdən daha çox asılıdır”.

Həmçinin oxuyun

Bu şəxslər 3 min manat cərimələnəcək: Qanun təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib. Qanunla …