Cümə , Fevral 26 2021
Ana səhifə / Sosial / Rəsmi gəliri olmayan ailələr “kirayə mənzillər”i necə əldə etsinlər? – ŞƏRH

Rəsmi gəliri olmayan ailələr “kirayə mənzillər”i necə əldə etsinlər? – ŞƏRH

İpoteka və Kredit Zəmanət Fondu cari ilin yanvar ayında kirayə yolu ilə satışa çıxarılan mənzillərin siyahısını açıqlayıb. Kirayədə yaşayan əksər ailələrin sosial təminatının aşağı olduğunu nəzərə alsaq, deyə bilərik ki, layihə üçün nəzərdə tutulan evlərin satış şərtləri çətindir və qiymətlər yüksəkdir. Həmçinin, burada yaranan problemli məqamlardan biri də, ölkədə əksər ailələrinin aylıq gəlirlərinin rəsmiləşdirilməməsidir.

Mövzu ilə bağlı Pravda.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, uzun illər kirayədə yaşayan, gəlirlərinin rəsmi olmamasına baxmayaraq, kirayənin 300-500 aylıq ödənişini qarşılaya bilən ailələr var və belə ailələrə kirayə yolu ilə mənzil satışı edilmir.

Ekspertin sözlərinə görə, kirayə yolu ilə mənzil almaq üçün mütləq tələblərdən biri rəsmi gəlirlər haqqında sənədlərdir ki, bu da ciddi problemdir: “Sadəcə, əsas problemli məqam odur ki, hər kəsin rəsmi iş yeri yoxdur və yaxud da işçi yüksək maaş alsa da, onun cəmi 250-300 manatı rəsmiləşdirilib. Əgər bir ailədə tutaq ki, xanım hansısa şirkətdən aylıq 250-300 AZN rəsmi maaş alır, həyat yoldaşı isə ustadır və yaxud da kiçik bizneslə məşğul olur, qısacası, bu ailənin kirayə yolu ilə İpoteka və Kredit Zəmanət Fondundan mənzil əldə etmək üçün imkanları var. Amma təəssüflər olsun ki, tələblər buna icazə vermir və şərtlər işlənib-hazırlanarkən belə ailələr nəzərə alınmayıb. Ailələr var ki, uzun illər kirayədə qalır və işlərinin rəsmi olmamasına baxmayaraq, onlar kirayənin 300-500 aylıq ödənişini qarşılaya bilirlər. Əslində layihə həmin ailələr üçün nəzərdə tutulsa da, amma ala bilmirlər. Yenə də ortaya rəsmi gəlirin olmaması problemi çıxır. Mən hesab edirəm ki, rəsmi gəliri olmasa da, əlavə gəliri olub evin xərclərini ödəyə bilən ailələrə evlərin verilməsi daha məqsədəuyğundur, çünki heç kim zəmanət vermir ki, rəsmi gəlirlərini təqdim edib ev alan ailələr 25 ilə qədər müddət ərzində işdən ayrılmayacaqlar. Belə olan halda problemli kreditlər yaranır.  Bir nümunə göstərim: Belə bir təcrübə var ki, banklar ipoteka kreditlərini daha çox öz işçilərinə verirlər. Çünki rəhbərlik bilir ki, işçi hazırda burada işləyir və onun gəliri üçün ipoteka verilməsi uyğundur, yəni bir əminlik var. Amma diqqət etsək, bir neçə il öncə, elə ondan sonra da ard-arda bir sıra banklar bağlandı və yüzlərlə bank işçiləri işsiz qaldılar. Nəticədə, problemli ipotekalar elə ən çox bankın öz keçmiş işçiləri hesabına yarandı”.

Ekspert həmçinin əlavə edib ki, bu evlər əslində sosial təminatı aşağı olub, uzun illər ərzində kirayədə qalan ailələr üçün nəzərdə tutulub, amma tələblər bunu ödəmir: “Əgər bir ailə başçısı aylıq 1000-1200 AZN rəsmi gəliri var və ailədə 3 azyaşlı uşaq varsa, ailənin hər üzvü üçün 190-200 manat məbləğində yaşayış minimumu çıxılır və məlum olur ki, bu ailə kirayə yolu ilə mənzil alışı edə bilməyəcək. Amma eyni gəlirlə həmin ailə kirayə qalaraq xərclərini ödəyə bilir”.

Həmçinin oxuyun

Evləri yanan köçkünlər harada qalacaqlar? – Açıqlama

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb. …