Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Sosial / Rəsmi Bakı Minsk Qrupu həmsədrlərindən imtina edəcəkmi? – TƏHLİL

Rəsmi Bakı Minsk Qrupu həmsədrlərindən imtina edəcəkmi? – TƏHLİL

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 29-da bir qrup gənclə görüşündə ATƏT-in Minsk qrupu həmsədrlərini bu sözlərlə tənqid etdi: “Həmsədrlərin fəaliyyətini mənfi qiymətləndirirəm. Həmsədrlər münaqişənin həllinə yox, dondurulmasına çalışırlar. Məsələnin həll olunmamasında onların ən böyük rolu var. Həmsədrlərin bugünkü fəaliyyəti tamamilə mənasızdır. Onlar nəinki Ermənistana təzyiq etmirlər, hətta Ermənistanı mümkün olan problemlərdən qoruyurlar. Baxın, Avropa Şurasında son dinləmələrdə onların təxribatçı fəaliyyəti nəyə gətirib çıxardı. Çünki ikili standartlar var. Səbəb nədir? Soruşanda cavab yoxdur. O da bir taktikadır. Nə vaxt ki, sual sərf etmir, cavab vermirlər. Amma bu cavabı biz bilirik – ikili standartlar. Əlbəttə ki, burada siz də bilməlisiniz, Azərbaycan xalqı da bilməlidir. Daha doğrusu bilir, amma mən bunu deyəcəyəm. Burada din amili rol oynayır. Müsəlman olduğumuza görə bizə ikili standartlar münasibəti göstərilir. Xüsusilə indiki dövrdə ki, Avropada islamofobiya pik həddinə çatıb”.
İlham Əliyev ilk dəfədir ki, həmsədrləri bu cür kəskin ifadələrlə tənqid edir. Azərbaycan prezidentinin narazılığına səbəb olan əsas faktor Minsk qrupu həmsədrlərinin AŞPA ilə bağlı yayınladığı son bəyanat oldu. Həmsədrlərin bəyanatında deyilirdi ki, AŞPA Dağlıq Qarabağla bağlı qətnamə qəbul etməməlidir. Məsələ burasındadır ki, “işğal altındakı torpaqlarda zorakı hallarla bağlı” qətnamənin qəbulu Azərbaycanın xeyrinə idi. Həmsədrlərin bəyanatı qətnamənin qəbuluna mənfi təsir etdi və sənədin qəbulu üçün lazım olan 4 səs çatmadı.
Azərbaycan prezidenti əvvəllər də həmsədrlərin fəaliyyətini tənqid edərdi, ancaq bu dəfə İlham Əliyev konkret ittihamlarını bildirdi: “Həmsədrlər münaqişənin həllində maraqlı deyillər”, “Həmsədrlər Ermənistana dəstək verirlər”, “Həmsədrlər Azərbaycan müsəlman dövlət olduğuna görə münaqişənin ədalətli həllinə maraq göstətrmilər”.
Əslində bu cür kəskin ittihamlardan sonra rəsmi Bakının həmsədrlərlə birgə fəaliyyəti çətin olacaq. Hətta mümkündür ki, həmsədrlərin bölgəyə növbəti səfərində Azərbaycan prezidenti onlarla Bakıda görüşməsin, bu missiyanı xarici işlər naziri Elmar Məmmədyarov yerinə yetirsin. İlham Əliyevin son çıxışından sonra ekspert dairlərində və cəmiyyətdə iki sual ətrafında müzakirələr aparılır:
Birinci sual belədir: “Azərbaycan Mnsk qrupu həmsədrlərindən imtina edəcəkmi?”
İkinci sual isə belədir: “Azərbaycan həmsədrlikdə hansı dövlətləri görmək istəyir?”
ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyindən imtina etmək çətin bir iş deyil. Çətinlik bu qərardan sonra yaranacaq. Çünki rəsmi Bakı həmsədrlərdən imtina edəcəyi halında danışıqlara son verən tərəf olacaq. Rəsmi Bakının qərarının əksinə olaraq isə İrəvan Minsk qrupu həmsədrlərinin fəaliyyətindən razı qaldığını bəyan edəcək və beynəlxalq aləmdə özünü “sülhpərvər” kimi göstərməyə çalışacaq və istədiyi nəticəni əldə edəcək. Onsuz da həmsədrlər illərdir işğalla bağlı status-kvonu qoruyurlar. Bu isə Ermənistanın xeyrinədir.
Rəsmi Bakının həmsədrlərdən imtinası sülh danışıqlarının nəticə vermədiyi və Azərbaycanın torpaqları müharibə vasitəsilə geri qaytarmağa hazır olduğu mənasını verəcək. Avrasiya bölgəsində indiki gərgin geosiyasi durumda, Azərbaycanın böyük enerji və tranzit layihələrini reallaşdırmağa çalışdığı dövrdə rəsmi Bakının müharibəyə başlaması problematikdir. Müharibə bütün bu layihələrin reallaşmasını təhlükə altına alacaq. Ona görə də rəsmi Bakı indiki şərtlər daxilində müharibə qərarı verməyə tələsməyəcək. Belə olan halda rəsmi Bakı özünün imitasiya adlandırdığı danışıqları davam etdirmək məcburiyyətindədir.
“Azərbaycan həmsədrlikdə hansı dövlətləri görmək istəyir” sualı da geniş müzakirə olunur. Rəsmi Bakı həmsədrlikdə Fransanı Almaniya ilə əvəz etmək, əlavə olaraq Türkiyəni də qrupa salmaq istəyərdi. Minsk qrupunun üzvü olan Almaniya ATƏT-in hazırki sədridir və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Rəsmi Bakı həmsədrlərin hazırki formatını dəyişdirmək üçün ATƏT-in mənzil qərargahında – Vyanada Minsk Qrupunun bütün üzv dövlətlərinin iştirakı ilə konfrans keçirməyi təklif edir. Rəsmi Bakı bununla istəyir ki, Minsk Qrupunun digər üzvləri hazırki həmsədrlərin – ABŞ, Rusiya və Fransanın fəaliyyətinə qiymət versinlər, eyni zamanda özləri də fəallaşsınlar.
Problem ondadır ki, hazırki həmsədrlər – ABŞ, Fransa və Rusiya həmsədrlikdə özlərindən başqa digər dövlətləri, o cümlədən Almaniya və Türkiyəni münaqişənin həllində fəallaşmasını istəmirlər. Ermənistanın da mövqeyi eynidir. Rəsmi İrəvan Bakının Vyanada konfrans ideyasına mənfi yanaşır. Buna görə də yalnız rəsmi Bakının istəyi ilə Minsk qrupunun formatını dəyişmək çətindir.
Bu arada, Minsk qrupu ilə yanaşı digər iki formatın yaradılması barədə də xəbərlər yayılır.
Birinci format: Dağlıq Qarabağ münaqişəsinin həllinə bir neçə regional dövlət cəlb olunsun. Rusiya ilə yanaşı, İran, Qazaxıstan və Belarusun adları çəkilir.
İkinci format: Dağlıq Qarabağ münaqişəsinin həllinə Rusiya və İran cəbl olunsun. Bununla da dördlü format – Rusiya + İran + Azərbaycan + Ermənistan yaradılsın.
Hər iki format Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməyəcək. Doğrudur, birinci formatda Qazaxıstan və Belarus var ki, bu iki dövlət münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyünün qorunmasını vacib sayırlar. Ancaq bu iki dövlət eyni zamanda Rusiyanın hərbi-siyasi müttəfiqləridir və Moskvanın istəkləri əleyhinə çıxmayacaqlar. Moskva isə müttəfiqi Ermənistanın maraqlarını diqqətə alır. Ikinci format isə ümumiyyətlə Azərbaycanın əleyhinədir. Rusiya və İran Ermənistanın bölgədəki iki ən yaxın müttəfidir. Moskva və Tehran Azərbaycanın Qərblə və Türkiyə ilə əməkdaşlığına tənqidi yanaşırlar və Azərbaycanın ərazi bütövlüyünün bərpasında maraqlı deyillər. Ona görə də rəsmi Bakı nə birinci, nə də ikinci formata yaşıl işıq yandıracaq.
Rəsmi Bakı üçün indiki şəraitdə yeganə alternativ Ermənistanı və Dağlıq Qarabağ separatçılarını təzyiq altında saxlamaqdır və bu az da olsa öz müsbət nəticəsini verir. Ermənistan azalan insani və maliyyə potensialını işğal altındakı torpaqların qorunmasına xərcləyir və bu potensial getdikcə tükənir.
“Atlas” Araşdırmalar Mərkəzi

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …

Bir cavab yazın