Şənbə , Mart 2 2024
Ana səhifə / Sosial / Qurban Yetirmişli: “Zəlzələnin qarşısını almaq olmaz” – FOTOLAR

Qurban Yetirmişli: “Zəlzələnin qarşısını almaq olmaz” – FOTOLAR

Yaxın günlərdə Bakıda güclü zəlzələnin olacağı ilə bağlı xəbərlər yanlışdır. Belə xəbərlərlə əhalini narahatlıq içərisində saxlamaq olmaz.

Virtualaz.org saytı xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli bu gün keçirilən mətbuat konfransında bildirib.

Q.Yetirmişlinin sözlərinə görə, Azərbaycanda sonuncu dəfə ən güclü zəlzələ 1902-ci ilin fevralında Şamaxıda baş verib. Həmin zəlzələnin gücü 9 baldan çox olub.

“Sonradan belə gücdə zəlzələ qeydə alınmayıb. Lakin Azərbaycan seysmik aktiv bölgədir, hər zaman zəlzələ baş verə bilər. Hər gün zəif təkanlar baş verir. Zəif təkanların qeydə alınması normaldır”, – mərkəz rəhbəri əlavə edib.

Yetirmişli qeyd edib ki, Bakı seysmik aktiv zonadır. Paytaxtda 8-9 ballıq ərazilər var: “Zəlzələnin qarşısını almaq mümkün deyil. Amma zəlzələnin vura biləcəyi zərəri azaltmaq mümkündür, tikinti aparılarkən zonanın seysmik aktivliyi nəzərə alınmalıdır. Artıq tikinti aparılmadan əvvəl bizim mərkəzə müraciət edilir, mütəxəssislərimiz tərəfindən ərazinin seysmik vəziyyəti araşdırılır”.

Mərkəz rəhbəri deyib ki, Ermənistanda yerləşən atom stansiyası bölgə üçün təhlükəlidir. Həmin stansiya tikilərkən ərazi 7 bal gücündə zəlzələlər nəzərə alınmaqla qiymətləndirilib Digər alimlər də atom stansiyasının böyük təhlükə yaratdığını, buna görə də fəaliyyətinin dayandırılmasının vacibliyini qeyd ediblər.

Tədbirdə iştirak edən ABŞ-ın “Livermore” Milli Laboratoriyasının seysmoloji layihələr departamentinin rəhbəri R.Gök isə deyib ki, seysmik xidmətlərin göstərilməsi, məlumatların hazırlanmasında müasir avadanlıqların rolu böyükdür. Azərbaycanda müasir avadanlıqlar var.

ABŞ-ın “İRIS DATA SERVICE” şirkətinin direktoru Tim Ahern isə Qafqazın seysmik aktivliyinin qiymətləndirilməsinin xüsusi əhəmiyyəti olduğunu söyləyib: “Azərbaycanda seysmologiya ilə bağlı təlimlərin keçirilməsi vacibdir. Təlimlərdə iştirak edən müxtəlif ölkələrin tədqiqatçıları bir-biri ilə məlumatlarını bölüşdürür, gənc alimlərə tövsiyələr verirlər”.

Həmçinin oxuyun

Elza dəmir yığaraq 4 uşağı ilə dolanmağa çalışır

Elza Məmmədova 1 ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Balaxanının qazı olmayan, şəraitsiz məhəlləsində yaşayan …