Cümə , Sentyabr 18 2020
Ana səhifə / Sosial / Qurban bayramı ərəfəsində ətin qiyməti ilə bağlı ziddiyyət

Qurban bayramı ərəfəsində ətin qiyməti ilə bağlı ziddiyyət

Azərbaycanda son günlər ətin bahalaşması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, bir neçə gündür ki, qəssablar ətin qiymətini 50 qəpik bahalaşdırıblar. Məlumdur ki, hər il Qurban bayramı ərəfəsində ətin qiymətində müəyyən bahalaşma olur. Bu, əsasən satıcıların süni şəkildə qiymət artırmaları ilə əlaqələndirilir və bir müddət sonra qiymətlər normallaşır. 
Ancaq ötən il Qurban bayramı ərəfəsində qalxan qiymətlər, sonradan aşağı enmədi. Bəs hazırda bazarda ətin qiyməti necədir? Doğrudan da qiymət artımı varmı?

“Yeni Müsavat”ın reportyor qrupu olaraq ət bazarında olub, qiymətlərlə maraqlandıq. Müşahidə etdik ki, bazarda ət sarıdan qıtlıq yaşanmır. Satıcılar hər alıcının cibinə uyğun olaraq bazara ət çıxara biliblər. Söhbət mal, qoyun və çəpiş ətindən gedir. Belə ki, bazarda quzu ətinin qiyməti 13 manat 50 qəpikdən başlayır. Hazır kəsilmiş quzuları göstərən satıcılar bildirdilər ki, qiymətlərdə son günlər artım müşahidə edilməyib. Satıcılar söylədilər ki, əksinə, ötən il quzu ətini 14 manata satıblar. Bildirdilər ki, müştəri çox ət aldığı zaman endirim də edirlər. Mal ətinin qiyməti isə 8-11 manat arasında dəyişir. Eyni zamanda çəpiş ətinin qiyməti isə 12 manat 50 qəpiyədir.

Alıcılar bildirdilər ki, ötən həftələrdə qiymətlər 50 qəpik ucuz olub. Bazara quzu əti almaq üçün gələn vətəndaş Sahib Məmmədov bildirdi ki, məhəllələrdə satılan ətlərin qiyməti daha da bahalaşıb: “Əvvəllər 10 manat 50 qəpik olan mal ətini, bir neçə gündür ki, 11 manata satırlar. Eləcə də quzu ətini 13 manata alırdıq. İndi deyirlər ki, 13 manat 50 qəpikdir. Hələ bura bazardır, qiymətlər belə bahalaşıb. Məhəllələrdə olan qəssabxanalarda qiymətlər bir qədər də artıqdır. Səbəbi də Qurban bayramıdır. Rayonda da qiymətlər bahalaşıb. Bu da onunla əlaqədardır ki, fermerlər deyirlər ki, otlaq yerlərinin hamısına pambıq əkilir. Bəhanə edirlər ki, otun qiyməti baha olduğu üçün camaat mal-qara saxlaya bilmir. Saxlayan da qiyməti bayramqabağı qaldırır ki, ilboyu olan kəsirlərini 3 gün ərzində çıxara bilsin. Bu da əslində düzgün hal deyil. Dövlət tərəfindən bazarlara nəzarət olmalıdır ki, kim necə gəldi, qiymət qoyub satmasın”. Digər alıcılar da oxşar fikirlər söylədilər…

Bəs statistika nə deyir?

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Ukraynadan 6.85 min ton dondurulmuş mal əti idxal edib. Bu məlumatı Ukraynanın Dövlət Gömrük Xidməti yayıb. Məlumata görə Ukraynadan Azərbaycana ixrac edilən dondurulmuş mal əti bu ölkənin ümumi ət ixracının 26.4 faizini təşkil edir. Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına görə, Azərbaycan əhalisinin qırmızı ətə olan illik tələbatı 350 min tona yaxındır. İki il əvvələ qədər bunun 263 min tonu yerli istehsal hesabına ödənilirdi. Xaricdən idxal edilmiş dondurulmuş ət əsasən ictimai iaşə müəssisələrində, dövlət təşkilatlarında istifadə olunur.
Onu da qeyd edək ki, ötən günlərdə qonşu Gürcüstanda da ət bahalaşıb. Belə ki, Tbilsinin aqrar bazarlarında bir ay bundan qabaq kiloqramı 18 lari (10,4 manat) olan mal əti hazırda 20 lariyə (11,5 manat) təklif olunur. Mağazalarda isə ətin qiyməti 21 lari (12 manat) təşkil edir.

Qonşu ölkədə ətin bahalaşması bu qida məhsulunun çatışmazlığı və xarici ölkələrə diri mal-qaranın ixracı ilə əlaqələndirilir. Mal ətinin qiymətinin artmasının davam edəcəyi proqnozlaşdırılır.

Həmçinin oxuyun

Misir Mərdanovun qızı “Azəriqaz”ı məhkəməyə verdi – FOTOFAKT

“Göyərçin Uşaq Bağçası” MMC “Azəriqaz” İstehsalat Birliyinə qarşı məhkəmə iddiası qaldırıb.Yeniavaz.com xəbər verir ki, Bakı …