Şənbə , Avqust 24 2019
Ana səhifə / Sosial / Qontareva Rüstəmovun manat siyasəti haqda danışmaq istəmədi

Qontareva Rüstəmovun manat siyasəti haqda danışmaq istəmədi

Keçmiş sovet respublikaları arasında milli valyutası kəskin dəyərdən düşən tək ölkə Azərbaycan deyil. Belələrinin arasında iqtisadiyyatı neftdən asılı olan Rusiya və Qazaxıstan da var, Ukrayna kimi heç nefti olmayan ölkə də.

Virtualaz.org xəbər verir ki, 2014-cü ildən, yəni Donbassda rusiyameylli separatçılarla müharibə başlayandan bu yana Ukraynanın milli valyutası qrivna 3 dəfəyə yaxın dəyər itirib. Bəs belə vəziyyətdə Ukraynanın baş bankiri-Milli Bankın rəhbəri hansı siyasət aparıb? Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov kimi strateji valyuta ehtiyatlarının az qala əriyib tükənməsini gözləyib, yoxsa daha əvvəldən milli valyutanı üzməyə buraxıb?

Haqqin.az saytının xüsusi müxbiri Kiyevdə Ukrayna Milli Bankının rəhbəri Valeriya Qontareva ilə söhbətləşib. Qontareva deyib ki, 2014-cü ilə qədər Yanukoviç hökuməti qrivnanın fiksə edilmiş məzənnəsi siyasətini aparırdı. Bu isə iqtisadiyyatın problemlərinin həlli üçün qətiyyən işə yaramırdı. Fiksə edimiş məzənnə siyasəti uzun müddət iqtisadiyyatda disbalansın artmasına, habelə strateji valyuta ehtiyatlarının azalmasına gətirib çıxarmışdı. “Nəticədə 2014-cü ildə biz tənzimlənən kurs siyasətinə keçəndə qrivanın məzənnəsi kəskin aşağı düşdü”-ukraynalı baş bankir deyib.

Qontareva deyib ki, təxminən o vaxtlarda ölkənin şərqində müharibənin başlaması milli valyutanın kəskin ucuzlaşmasına təsir edən amillərdən biri idi. Çünki Donbassda ölkənin əsas sənaye potensialı cəmləşmişdi. Müharibə nəticəsində yüzlərlə müəssisə dayandı, infrastruktur dağıldı. Nəticədə Ukrayna iqtisadiyyatı ÜDM-in 7 faizə yaxınını və ixrac valyuta yığımının 14 faizini 2014-cü ildə itirdi.

2015-ci ildə vəziyyət daha da pisləşdi. Ölkənin şərqində münaqişə gücləndi, sənaye istehsalı kəskin aşağı düşdü. Üstəlik dünya bazarlarında neftin ucuzlaşması nəticəsində Ukraynanın ixrac malları da kəskin ucuzaşdı. Bu vəziyyət bütün il boyu davam etdi və valyuta bazarında panika başladı. Nəticədə qrivna devalvasiyaya məruz qaldı, qiymətlər artdı, bank kapitalının axını başladı. “Lakin eyni vaxtda baş verən bu təlatümlərə baxmayaraq biz  valyuta bazarında situasiyanı stabilləşdirə bildik və qrivnanın kursunu müəyyən səviyyədə tənzimləməyə nail olduq. Ötən 10 ay ərzində 1 ABŞ dolları 20-24 qrivna arasında dəyişdi”-Qontareva bildirib.

Baş bankirin sözlərinə görə, valyuta bazarında sabitləşməyə Donbassda hərbi əməliyyatların dayandırılması, Beynəlxalq Valyuta Fondunun maliyyəsi, habelə Milli Bankın gördüyü inzibati tədbirlər sayəsində nail olmaq mümkün oldu. “Biz hələ 2014-cü ildən sərt inzibati tədbirlər görməyə başladıq, Ukraynadan kapitalın axınını dayandırmaq üçün sərt addımlar atdıq və vayuta əməliyyatlarında spekulyasiyanı dayandırdıq”-Qontareva deyib.

Ukrayna Milli Bankın rəhbərinin sözlərinə görə, bu tədbirlər sayəsində xarici valyutaya tələbatı azaltmaq və onun ölkədən daşınıb aparılmasını məhdudlaşdırmaq mümkün oldu. Qontareva deyib ki, hazırda Ukraynanın bank sektorunda da sabitləşmə müşahidə olunur. Fiziki şəxslərin milli valyuta ilə depozitləri artır

Bəs Azərbaycan Mərkəzi Bankının yürütdüyü monetar siyasət Ukrayna Milli Bankının rəhbərinin mövqeyinə görə  nə dərəcədə düzgündür? Bəlkə Ukraynada olduğu kimi Azərbaycanda da valyuta ehtiyatlarının əriməsini gözləmədən manatın kursunu sərbəst buraxmaq və ölkədən valyuta axınının qarşısını almaq üçün əvvəlcədən sərt tədbirlər görmək lazım idi?

Valeriya Qontareva bu barədə  şərh vermək istəməyib. “Hər Mərkəzi Bank mahiyyətcə unikal şərtlərdə işləyir. Ona görə də bir Mərkəzi Bankın digərinin işini şərh etməsi düzgün olmazdı”-ukraynalı baş bankir deyib.

Həmçinin oxuyun

Yetkinlik yaşına çatmadan fahişəliyə cəlb edilənlər – RƏQƏMLƏR

Hər il Azərbaycanda yetkinlik yaşına çatmayan qızların fahişəliyə cəlb edilməsi halları qeydə alınır. Ölkə üzrə …

Bir cavab yazın