Cümə , Aprel 12 2024
Ana səhifə / Sosial / Qohum nikahına qadağa: “Qoy əvvəlcə xəstə uşaqların sayını açıqlasınlar, sonra…”
A just married couple shows there nice wedding rings on there finger.

Qohum nikahına qadağa: “Qoy əvvəlcə xəstə uşaqların sayını açıqlasınlar, sonra…”

Azərbaycanda qohum evliliklərinin sayı artıb.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, son illərdə Azərbaycanda qohum nikahları artıb:

“2021-ci ildə Azərbaycanda qohumlar arasında 2363 nikah qeydə alınıb ki, onlardan 204-ü boşanıb. Həmçinin 2022-ci ildə isə ölkədə 2542 qohum nikahı qeydə alınıb, onlardan da 608 nəfəri boşanıb. Bu rəqəmlər deməyə əsas verir ki, ölkədə qohum evliliklərinin sayı artıb”. 

O əlavə edib ki, bu kimi evliliklərinin qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir. Ən çox qohum nikahlar Bakıda (742), Mil-Muğan (296) və Lənkəran-Astara (274) regionlarında qeydə alınıb. Bildirilib ki, dövlət tərəfindən bu istiqamətdə lazımi tədbirlər görülür. Qanunvericiliyə dəyişikliklər edilir, yeni sənədlər qəbul edilir, maarifləndirmə işləri aparılır:

“Lakin buna baxmayaraq, bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplərin, qohumların evlənməsinə müsbət yanaşılması kimi patriarxal düşüncələrin mövcudluğu belə nikah hallarının baş verməsinə səbəb olur. Qohumlar arasında nikahın mənfi nəticələrinin dövrün aktual və mühüm ailə problemlərindən biri olduğu nəzərə alınaraq beynəlxalq təcrübə öyrənilib və ABŞ-ın 24 ştatında, Çində, Cənubi Koreyada, Türkiyədə, Estoniyada, Ukraynada, Tacikistanda və Gürcüstanda baba və ya nənəsi ümumi olan şəxslər arasında nikahın bağlanmasının qadağan edildiyi məlum olub.

Bununla əlaqədar qohumlar arasında bağlanan nikahın doğura biləcəyi fəsadlarla bağlı ictimaiyyətin rəyi öyrənilərək baba və (və ya) nənəsi ümumi olan şəxslər arasında nikahın bağlanmasına yol verilməməsi məqsədilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsində müvafiq dəyişiklik edilməsi təklif olunur”. 

Qeyd edək ki, ölkəmizdə qohum nikahlar uzun illərdir olsa da, tibbi baxımından alimlər bunu doğru hesab etmirlər. Belə ki, həkimlər bir sıra xəstəliklərin məhz qohum evliliyinin nəticəsi olaraq yarandığını da deyirlər.

Doğrudanmı, qohum evlilikləri kimi ənənəni yaşatmalıyıq, yoxsa uşaqların sağlamlığını düşünməliyik? 

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva “Cebhe.info”-ya bildirib ki, ümumiyyətlə, qanunvericilikdə yaxın qohum nikahlara qadağa var:

“Yaxın qohumlar dedikdə ata, övlad, bacı-qardaş, yəni eyni qana məxsus insanlar arasında nikaha qadağalar öz əksini tapır. Əslində bizdə belə bir halllara rast gəlinməyib. Demək olar ki, yoxdur. Əgər belə hallar olarsa, onlardan dünyaya gələn övladlar eyni qana məxsus olduqlarına görə problemlər yaranır, əksərən xəstə uşaqlar doğulur. Ümumi qohumlar isə qan qohumları, nisbətən uzaq qohumlar sayılır. Yəni xalaqızı, xalaoğlu, dayıqızı, əmiqızı, əmioğlu, bibiqızı və s.  Hətta dastanlarımızda, nağıllarımızda da var ki, əmiqızı əmioğlu ilə evlənib, yaxud dayıqızı bibioğluna aşiq olub.

Bu, daim də olacaq. Ancaq bu nikahlardan doğulan uşaqlarda xəstəliyin ortaya çıxmasına dair statistik məlumatlar yoxdur. Yəni bu izdivacdan nə qədər xəstə  doğulur və hansı xəstəlikdən? Ona görə də burada öncə statistik yoxlamalar, analizlər, elmi tədqiqatlar aparılmalıdır. Bundan sonra belə nəticəyə gəlmək olar ki, qohum evlilikdən nə qədər xəstə uşaqlar dünyaya gəlib”.

Təşkilat sədri misal göstərib:

“25 il öncə bir beynəlxalq təşkilatın layihəsi var idi və psixoloqları dəvət etmişdilər, mən də onların arasında idim. Onların belə bir təbliğatı var idi ki, qohumlar arasında heç bir nikah olmasın. Hətta belə bir misal da göstərmək istəyirdilər ki, azərbaycanlı qızlar digər millətdən olan oğlanlarla evlənsin, guya bu evlilikdən doğulan uşaqlar daha gözəl, sağlam olurlar. Mən bu təbliğatı bəyənmədim. Ona görə ki, Azərbaycan millətinin başqa millətlə nikahından doğulan uşağın hansı millətə məxsus olması da sual altında olur. Azərbaycan sağlam, gözəl bir millətdir. Müəyyən bir xəstəlik yaranırsa, o xəstəliyin səbəbini axtarıb tapmaq lazımdır.

Qohum nikahlar arasında xəstəliklərin olmaması üçün qanunvericilikdə bəzi qadağalar və bununla bağlı müəyyən irəliləyişlər də var. Bu, nikaha daxil olmadan öncə evlilik üçün müraciət edən hər iki gəncin tibbi müayinədən keçməsidir. Bu, çox gözəl vasitədir. Bu qayda tətbiq ediləndə çox sevindik ki, gənclər evlənəndə genetik olaraq hansısa xəstəlik daşıyırlarsa üzə çıxacaq. Çox təəssüf ki, əksər hallarda biz bu arayışın necə alındığını bilirik. Ona görə də bu arayışa çox ciddi yanaşmaq lazımdır, ciddi nəzarət olmalıdır. Həmin gənclər müəyyən prosedurlardan keçməli, hansı xəstəlik daşıyıcısı olduğu məlum olmalıdır.

Əslində ona görə qohum nikahlar olmasın deyirlər ki, hər bir insanda 23 cüt xromosom var. Digər şəxslə evlənəndə həmin xromosomlar üst-üstə düşəndə doğulan uşaqlar həm ata, həm də anadan gələn xromosomları daşıyır. Ata və ana eyni nəslə məxsus olduqlarına görə elə xəstəlik var ki, valideyn daşıyıcı olsa da, uşaq tam xəstə doğula bilər. Çünki daşıyııcı iki xromosom üst-üstə düşdüyünə görə dominanat olaraq uşaqda özünü göstərəcək. Ona görə də evlənmədən şəffaf yolla tibbi arayış alınsın və nikaha girmək istəyənləröz xəstəlikləri barədə tam məlumatlı olsunlar ki, sonradan heç biri məsuliyyət daşımasınlar”. 

Z.Mustafayevanın sözlərinə görə, ümumiyyətlə, qohum nikahlardan doğulan xəstə uşaqlarla bağlı hazırlanan statistika ilə bağlı sosial şəbəkələrdə, sosial mediada geniş məlumat verilməlidir:

“İnsanları bir işə yönəltmək istəyiriksə, mütləq inandırmaq lazımdır. Əgər insanlar inanmırsa və biz elə sözdə deyiriksə ki, uşaqlar xəstə doğula bilər, həmin insanlar gedib normal həkimdən keçməyəcək, gələcəkdə doğulan uşağın xəstə olub-olmayacağı barədə düşünməyəcəklər. Ona görə də hər bir halda nəyisə dəyişmək, qanunvericilikdə nəsə yeni bir bənd əlavə etmək istəyiriksə, mütləq əsaslandırmaq lazımdır. Bunun üçün də müəyyən təcrübə, araşdırmalar, sorğular aparılmadır. Bu, özünü doğruldacaqsa, onda bu istiqamətdə tədbirlər görmək lazımdır”. 

Həmçinin oxuyun

Sığorta şirkəti qəzaya düşən avtomobilə dəymiş zərəri tam ödəməyib – VİDEO

Sığorta şirkəti qəzaya uğrayan avtomobilin təmiri üçün dəymiş zərəri tam ödəməyib.Belə bir halla paytaxt sakini …