Cümə , Aprel 12 2024
Ana səhifə / Sosial / “Qızılca ilə əlaqədar xəstəxanalarda yer tapmaq müşkülə çevrilib”

“Qızılca ilə əlaqədar xəstəxanalarda yer tapmaq müşkülə çevrilib”

Azərbaycanda son 2-3 ayda qızılca virusu yayılıb. Virusa yoluxanların statistikası gizli saxlanılsa da, yerli mətbuatda indiyədək 10-dan çox azyaşlının qızılcadan vəfat etdiyi bildirilir.

34 yaşlı Bakı sakini Arifə Abdullayeva ötən ayın sonunda qripə yoluxub. Xəstəlik tam sağalmamış üstəlik qızlcaya da yoluxub. A.Abdullayeva Meydan TV-yə bildirib ki, onu xəstəxanaya yerləşdirmək üçün təcili yardım həkimləri təxminən 2-3 saat ərzində xəstəxana axtarışına çıxıblar. Məlum olub ki, xəstəxanalar viruslu xəstələrlə dolub.

“Palatalar dolmuşdu. Məni bir az da tanışlıqla xəstəxanaya yerləşdirə bildilər. Karantin müddəti bitir. Amma hələ də özümə gələ bilməmişəm. İş qabiliyyətim aşağı düşüb. Özümü yorğun və gücsüz hiss edirəm”, – deyib.

Foto: “Azertag”

Təcili yardım həkimlərindən biri Meydan TV-yə danışıb ki, qızılca virusundan müraciətlər artıb. Çağırışların hamısı haqqında TƏBİB və ərazi üzrə poliklinkalara məlumatlar ötürülür. Çox zaman ağır xəstələr və ölümlərlə bağlı diaqnozda qızılca deyil, onun törətdiyi fəsadlar qeyd olunur.

Həqiqətən də, xəstəxanalarda yer tapmaq müşkül məsələyə çevrilib. Bəzi modul tipli xəstəxanalar məhz qızılca xəstələri üçün ayrılıb”, – həkim deyib.

Foto: Vaqif Qarayevin şəxsi arxivindən

Pediatr Vaqif Qarayev isə bildirib ki, bir ay əvvəl müraciətlər və paylaşımlar uşaqlarla bağlı idi. İndi 25-35 yaşlılar daha çoxdur:

“Son 15 ildə peyvəndə qarşı savaş başlanıb, nəticəsini hamı hiss edir. Peyvənd olunanlar da yoluxa bilir, amma bu, 4-5 faiz civarındadır. Lakin təhlükəli ağırlaşmaları olmur”.

TƏBİB-dən isə sorğuya cavab olaraq bildirilib ki, qızılca xəstələrinin təcili və təxirəsalınmaz tibbi yardım şöbələrində çeşidlənməsi, müalicəsi, ağırlaşmaların idarə olunması, köçürülmələri və çarpayı fondunun idarə olunması ilə əlaqədər şöbələrin tibbi avadanlıqlarla, sərfiyyatla təmin edilməsi həyata keçirilir. Bakı-Sumqayıt və regionlarda qızılca xəstəliyinə yoluxan və ya yoluxduğu güman edilən xəstələrin (böyüklərin) stasionar müalicəsi məqsədi ilə Sabunçu Tibb Mərkəzinin sturkturunda olan Məhəmmədi müvvəqqəti modul tipli xəstəxana kompleksində 270 çarpayıdan ibarət şöbə təşkil edilib. Eyni zamanda, rayon mərkəzi xəstəxanalarının yoluxucu xəstəliklər şöbəsində, o cümlədən 1 Saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında qızılca xəstəliyinə yoluxan və ya yoluxduğu güman edilən xəstələrin müalicəsi aparılır.

Həmçinin oxuyun

Sığorta şirkəti qəzaya düşən avtomobilə dəymiş zərəri tam ödəməyib – VİDEO

Sığorta şirkəti qəzaya uğrayan avtomobilin təmiri üçün dəymiş zərəri tam ödəməyib.Belə bir halla paytaxt sakini …