Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Sosial / “Qış sərt keçsə də, işıq sönməyəcək, qaz kəsilməyəcək” – Kommunal qurumlardan açıqlama…

“Qış sərt keçsə də, işıq sönməyəcək, qaz kəsilməyəcək” – Kommunal qurumlardan açıqlama…

Qışın gəlişinə sayılı günlər qalıb. NASA bu il tarixin ən soyuq qışı yaşanacağı barədə məlumat yayıb. Belə ki, qurumun nəşr etdiyi yeni iqlim araşdırması hesabatına görə, dünya tarixi çox soyuq qış yaşayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də NASA-nın xəbərdarlığını təsdiqləyib. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, bu qış sərtliyi ilə seçiləcək.

Adətən, qış aylarında kommunal problemlər yaşanır. Bəs, bu ildə sözügedən problemlər özünü göstərəcəkmi? Qurumlar qış hazırlığına başlayıb?

Musavat.com mövzu ilə bağlı kommunal qurumlar arasında sorğu keçirib.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib ki, qış hazırlıqları may ayından başlayıb: “Hazırlıqlara may ayında start verilib, oktyabr ayında isə yekunlaşdırılıb. Qəzalı qaz xətləri yenilənib, yenidən qurulmuş qaz xətləri dayaqlar üzərinə qaldırılıb, korroziyaya uğramış hissələr yenilənib. Qaz xətləri üzərində qaztənzimləyici siyirtmələr, şkaflar yerləşdirilib. Onu da deyim ki, qaz təsərrüfatında gündəlik işlər aparılır, tələbata uyğun təbii qazın verilişi təmin olunur, tələbat artıqca qazın verilişi artırılır. Yay aylarında qazın verilişi 45-10 milyon arasında dəyişirsə, qış aylarında 33 milyon kub metri keçir. Artıq qışa tam hazırıq”.

Birliyin sözçüsü deyib ki, artıq qış rejiminə keçilib və heç bir ərazidə qazla bağlı problem yoxdur: “Təbii qazın verilişi ilə bağlı hər hansı problem yoxdur. Problem yaşanarsa, abunəçilər “Azəriqaz”ın qaynar xətti ilə əlaqə saxlayıb, dərhal məlumat verə bilərlər. Qaynar xəttimiz  24 saat fəaliyyət göstərir. Hansı ərazidən elektron qaydada müraciət daxil olubsa, mütəxəssislərimiz əraziyə göndərilir, fərdi qaydada baxış keçirilir, problem dərhal aradan qaldırılır və məsələlərin həlli ilə bağlı qurumumuza məlumat verilir”.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev deyib ki, problemlərin qarşısını almaq üçün hazırlıqlar davam edir: “Nəinki, Bakıda, bütün Azərbaycan ərazisində hazırlıqlar davam etdirilir. Abşeron rayonunun Masazır qəsəbəsi, Saray və başqa Bakı ətrafı kəndlərdə işin keyfiyyəti artırılıb. Nə qədər sərt qış olsa da, qaranlığın qarşısını almaq üçün yenidənqurma işləri aparılır. Əhalinin kompakt yaşadığı yerlərə xüsusi diqqət ayrılır, bütün avadanlıqlar yoxlanılır, problemlər aradan qaldırılır. Bu il qurumumuz tərəfindən regionlarda yarımstansiya inşa edilib, elektrik verilişi xətləri yenilənib, köhnəlmiş dayaqlar yenisi ilə əvəzlənib. Əməkdaşlarımızın problem yaranan ərazilərə dərhal müdaxiləsi nəzərdə tutulub. Qış nə qədər şaxtalı, soyuq keçsə də, işıq kəsintisi yaşanan evlərdə problemlər aradan qaldırılacaq. Deyə bilərik ki, 2018-2019-cu illər digərlərindən fərqlənəcək”.

Həmçinin oxuyun

Övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunlar valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılmasına, bu …