Ana səhifə / Sosial / Qış çıxmadan bitən qaz limiti: Artsın, yoxsa ləğv edilsin?

Qış çıxmadan bitən qaz limiti: Artsın, yoxsa ləğv edilsin?

Baş nazir Əli Əsədov bugünlərdə Milli Məclisin iclasında qaz limiti ilə bağlı aparılan müzakirələrə münasibət bildirib.

Hökumət başçısı bildirib ki, Azərbaycanda daxili qaz tələbatı 14 milyard kubmetrə yaxındır. Baş nazir vurğulayıb ki, Azərbaycan kifayət qədər yüksək qiymətlə qaz idxal edir: “Bununla yanaşı özü də ixrac edir. Bu, bazar iqtisadiyyatıdır”. 

Həmin iclasda çıxış edən millət vəkili Naqif Həmzəyev bildirib ki, əhalinin qaz limiti ilə bağlı narahatlığı var: “Mart ayı hələ 3-cü ay olmasına baxmayaraq, artıq qaz limiti başa çatıb. Düşünürəm ki, növbəti illərdə limit məsələsi aradan qaldırılmalı, vahid tarifə keçirilməlidir”. Qeyd edək ki, son illər ölkədə qaz limiti tətbiq edilir və neft-qaz ixracatçısı kimi tanınan Azərbaycanda qaz limitinin ləğv edilməsi ilə bağlı dəfələrlə təkliflər səslənsə də heç bir dəyişiklik müşahidə edilməyib. 

Doğrudanmı, bazar iqtisadiyyatında mütləq qaz limiti tətbiq edilməlidir? 

İqtisadçı-ekspert Natiq Cəfərli Baş nazirin bu fikri ilə bağlı bildirib ki, qaz qiymətləri Tarif Şurası, yəni dövlət tərəfindən tənzimlənir, bazar iqtisadiyyatının bu məsələyə aidiyyəti yoxdur.

İqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya açıqlamasında digər təkliflə çıxış edib:

“Əslində mən qazla bağlı limitin ləğv olunmasının əleyhinəyəm. Çünki bu sahədə israfçılıq, itki məsələləri hələ tam öz həllini tapmayıb. Hətta qaza tətbiq olunan limitin işığa da tətbiq olunmasının tərəfdarıyam. Qazın limitinin ləğv edilməsindənsə, yaxşı olardı ki, limit üzrə rəqəmlərdə dəyişikliklər edilsin. Yəni bu gün qazın qiyməti əhalinin sosial baxımdan həssas qrupu üçün deməzdim ki, əlverişlidir. Orta təbəqə üçün qaz limitinin qaldırılması, ona verilən kubmetr həcminin artırılmasını təklif edərdim. Fikrimcə, limitin ləğv edilməsi qiymətlərin daha da kəskin bahalaşması, ən yüksək tariflərin tətbiqi ilə nəticələnə bilər ki, bu da məqsədəuyğun deyil. Yəni xaricə qaz satmağımız, valyuta gəlirlərimiz üçün bunun səmərəli olması kimi məsələləri daxili istehlakla müqayisə etmək, eyniləşdirmək düzgün deyil. Daxili tələbatımız kifayət qədər yüksəkdir, əhali sayının artması, iqtisadiyyatın böyüməsi ilə əlaqədar olaraq daxili istehlak durmadan artır. Sadəcə olaraq əhalinin sosial cəhətdən həssas qrupuna verilən limit həcmini artırmaq daha yaxşı olardı”. 

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …