Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Qida Təhlükəsizliyi Agentliyi ərzaq mafiyasına qarşı: kim qalib gələcək?

Qida Təhlükəsizliyi Agentliyi ərzaq mafiyasına qarşı: kim qalib gələcək?

Bəzi qüvvələr AQTA-nın fəaliyyətini əngəlləməyə, həmçinin onun nüfuzuna zərbə vurmağa cəhd edirlər

Qida təhlükəsizliyinin təmin olunması hər bir dövlətin öz vətəndaşları qarşısında ən vacib vəzifələrindən biridir. Bu baxımdan, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ölkənin qida təchizatı zəncirinin bütün həlqələri boyu baş verən və əhalini narahat edən qanunsuzluqların aradan qaldırılması sahəsində mühüm addımdır.

Müstəqillik dövründə indiki qədər qida təhlükəsizliyi məsələsi diqqət mərkəzində olmayıb. Əhali arasında yaranma səbəbləri qidalanmaya bağlı müxtəlif xəstəliklərin geniş yayılması hökumətin bu problemli sahəni nəzarətə götürmək üçün hərəkətə keçməsinə səbəb olub.

Qida təchizatının bütün sahələrində təhlükəsizliyin təmin olunmasının necə əhəmiyyətli və vacib olduğunu isbatlamaq üçün bir faktı qeyd etməyə dəyər. Belə ki, hər il Azərbaycan xaricdən yüz min tonlarla buğda idxal edir. Ötən il buğda idxalına 227 milyon dollar vəsait xərclənib. Bu ilin on ayında isə 176 milyon dollarlıq buğda almışıq xaricdən. İndiyədək aldığımız buğdanın tərkibi, daşınması ilə bağlı hansısa təhlükənin olacağı kiminsə ağlına gəlməyib. Lakin bir neçə həftə öncə Aktaudan Bakıya taxıl daşıyan İrana məxsus “Nazmerr” gəmisinin heyət üzvləri kütləvi şəkildə zəhərləndilər. Onlardan 3 nəfəri vəfat etdi. Məlum oldu ki, zəhərlənməyə gəmidə daşınan taxıla vurulan kimyəvi maddə səbəb olub. O zaman heç kim aydınlıq gətirmədi ki, əhalinin qida rasionunda mühüm yer tutan taxıla hansı dərman vurulub ki, bu qədər ağır zəhərlənməyə gətirib çıxarıb? Həmin dərmanın vurulduğu taxılın taleyi necə oldu?

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 10 ayında ölkəmizə 1 milyard 111 milyon 686,94 min dollarlıq yeyinti məhsulları idxal olunub. Dövlət Statistika Komitəsi isə bildirir ki, bu dövrdə ölkənin pərakəndə ticarət şəbəkəsində 13 milyard 514,9 milyon dollarlıq ərzaq məhsulları satılıb. Bu qədər geniş bazarda qayda-qanun yaratmaq, qida təhlükəsizliyi üzrə standart və qaydalara əməl olunmasını təmin etmək çox çətin işdir. Çətinlik yalnız çoxşaxəli fəaliyyətlərin həyata keçirilməsində deyil, həm də ölkədə uzun illərdən bəri formalaşmış olan ərzaq oliqarxiyasına qarşı dayanmaqdadır.

Heç kimə sirr deyil ki, Azərbaycanda illər boyu idxal monopoliyası mövcud olub. Ölkənin iqtisadi çətinliklər yaşadığı illərdə belə bu monopoliya gəlirindən əl çəkmək istəmirdi. Lakin ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyəti nəticəsində 2016-cı ildən başlayaraq bu monopoliya aradan qaldırıldı. Eyni zamanda Azərbaycanda müxtəlif ərzaq məhsullarının istehsalının da inhisarların əlində cəmləşməsi müşahidə olunmaqdadır. İllər boyu ərzaq idxalı və istehsalından milyardlar qazanan bu monopolist qüvvələrin qida təhlükəsizliyinə dair sərtləşən tələblərə boyun əyməsinə nail olmaq üçün AQTA-ya ölkə rəhbərliyi səviyyəsində zəruri dəstək verilir. Bu dəstəyin sayəsində qurum fəaliyyətə başlayan kimi ölkə əhalisinin qida təhlükəsizliyini təmin etmək üçün ən sərt addımlar atmağa başlayıb. Ərzaq məhsullarının idxalı və istehsalının bütün mərhələlərini əhatə edən bu addımlar isə gözlənildiyi kimi, müqavimətlə qarşılanmaqdadır.

AQTA ile ilgili görsel sonucu

“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, bəzi qüvvələr bir neçə istiqamətdən AQTA-nın fəaliyyətini əngəlləməyə, həmçinin onun nüfuzuna zərbə vurmağa cəhd edirlər. Birinci istiqamət AQTA-ya əvvəlki qurumlardan “miras” qalan korrupsiyalaşmış əməkdaşlardır. Artıq son həftələrdə belə əməkdaşların pul müqabilində müxtəlif qanunsuzluqlara göz yumduqlarına dair 2 faktın üstü açılıb. İllər boyu rüşvət müqabilində hər cür qanunsuzluğa getmiş belə əməkdaşlar yəqin ki, yenə var. Onların “yardımından” bəhrələnmək istəyənlərin öz məqsədlərinə nail olmaları isə çətin görünür.

Qeyd edək ki, dövlət başçısı tərəfindən AQTA-nın fəaliyyəti ilə bağlı bir neçə dəfə ifadə edilən açıq dəstək belə ərzaq bazarında oturuşmuş mafiyanı çəkindirmir. Bu mafiya müxtəlif  mətbu orqanlarda agentliyin fəaliyyətini gözdən salmağa yönələn materiallar dərc etdirir. Əksəriyyəti qurumun özünün aşkarladığı və hüquq-mühafizə orqanlarına təqdim etdiyi qanunsuzluq faktları üzərində qurulan bu materiallarda əsas hədəf kimi AQTA rəhbərliyi götürülür.

Əlbəttə, cəmi 4-5 aydır qida təhlükəsizliyinin qorunması kimi strateji sahədə fəaliyyət göstərən bir qurumun işində müəyyən çatışmazlıqlar olmamış deyil. Bəzən bu çatışmazlıqlar sahibkarları narazı salır. Həmin sahibkarların bir qrupu bu yaxınlarda “Yeni Müsavat”a müraciət edərək, AQTA-nın ASAN xidmət vasitəsilə göstərilən xidmətlərində ləngimələrə yol verildiyini, bunun isə onlara zərər vurduğunu bildirmişdilər. Bu günlərdə  sahibkarların dediklərindən aydın oldu ki, artıq həmin ləngimələr aradan qaldırılıb, sənədləri vaxtında rəsmiləşdirilir. Bu isə o deməkdir ki, agentlik qüsur olan nöqtələrə qarşı həssasdır və aşkarlanan problemləri aradan qaldırmaqda maraqlıdır.

AQTA ile ilgili görsel sonucu

Yeri gəlmişkən, qeyd edək ki, agentliyin yeyinti məhsulları ilə bağlı qida təhlükəsizliyinin təmin olunması sahəsində rolu bu günlərdə Nazirlər Kabinetinin qərarı ilə dəqiq müəyyənləşdirilib.  Belə ki, “Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət nəzarəti orqanı (Qida Təhlükəsizliyi Agentliyi) qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən məhsulların minimum keyfiyyət və təhlükəsizliyinə dair tələblərə, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən ekoloji, sanitariya, baytarlıq və fitosanitar norma, qayda və tələblərinə (bundan sonra – qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara) riayət edilməsinə nəzarəti həyata keçirəcək. Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarəti funksiyalarının həyata keçirilməsində digər orqanların iştirakına yol verilməyəcək.

Biz bu gün AQTA-nın qida təhlükəsizliyimizin qorunması üçün bir neçə istiqamətdə gərgin mübarizəsinə şahidlik etməkdəyik. Bu mübarizənin ana xəttində ərzaq mafiyasının bu quruma qarşı fəaliyyətləri də var. Ümid edirik ki, mübarizədən AQTA qalib ayrılacaq, əks halda, sağlamlığımıza vurulan zərər getdikcə daha geniş miqyas alacaq.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …