Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Sosial / Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlayır – qidamız təhlükəsiz olacaqmı…

Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlayır – qidamız təhlükəsiz olacaqmı…

Bir ay sonra işə başlayacaq, geniş səlahiyyətlərə malik dövlət qurumu nəzarət mexanizmlərini, yoxlamaları necə həyata keçirəcək; ekspertlər deyir ki…

Azərbaycanda əhalinin həyat və sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edən bir sahədə – qida təhlükəsizliyinin təminatı yönündə ciddi addımlar atılmaqdadır. Ölkə prezidentinin noyabrın 13-də imzaladığı fərman bu sahədə mərkəzləşmiş orqan olaraq Qida Təhlükəsizliyi Dövlət Agentliyinin yaradılması üçün hüquqi bazanın formalaşdırılması baxımından böyük rol oynayır.

Xatırladaq ki, fərmanla agentliyin əsasnaməsi təsdiqlənib, ştat vahidləri müəyyənləşib. Eyni zamanda agentliyin tabeliyində ictimai hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq.

Onu da qeyd edək ki, Azərbaycanda istehlak bazarına daxil olan mal və məhsulların keyfiyyətinə nəzarət bir yox, 6-7 dövlət qurumu tərəfindən həyata keçirilir – Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidməti, Baytarlıq Nəzarəti Xidməti, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidməti və Dövlət Gömrük Komitəsi – idxal zamanı.

2018-ci ilin yanvarından işə başlayacaq agentlik bilavasitə qida məhsulları üzrə bütün bu səlahiyyətləri əlində cəmləşdirəcək. Belə ki, əsasnaməyə görə, agentlik ölkədə istehsal edilən və idxal olunan qida məhsullarını, habelə onları qablaşdırma materiallarını qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alacaq və reyestrini aparacaq, qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirəcək. Bununla yanaşı, agentlik ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatı verəcək, gömrük orqanları ilə birlikdə ölkəyə idxal olunan qida məhsullarını qida təhlükəsizliyi baxımından yoxlamadan keçirəcək. Qanunla müəyyən edilmiş hallarda məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida zəncirinin bütün mərhələlərində yoxlamalar aparacaq, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edəcək.

Yeni qurumdan gözləntilər

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ramil Hüseynin dediyinə görə, agentliyin yaradılması ilə dəyər zəncirinin bütün mərhələlərini əhatə edən və risklərin təhlili yanaşmasına əsaslanan qida təhlükəsizliyi sisteminin formalaşdırılması hədəflənir. Agentliyin fəaliyyətə başlaması bu sahədə idarəetmənin səmərəliliyini və optimallığını təmin edəcək, pərakəndəliyi və təkrarlanmaları aradan qaldıracaq: “Qida təhlükəsizliyi ilə bağlı vahid idarəetmənin tətbiqi resurslara qənaət edilməsinə, istehlakçı maraqlarının qorunmasına, ixrac və idxal proseslərində sənədləşmənin asanlaşmasına, xarici ölkələrə ixrac edilən qida məhsullarının qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsinə, idxal olunan qida məhsullarının təhlükəsizliyinə, sahibkarlıq subyektlərində yoxlamaların azaldılmasına və şəffaflaşdırılmasına, genetik modifikasiya olunmuş qida məhsullarının ölkəyə idxalına nəzarətin gücləndirilməsinə səbəb olacaq”.

Departament rəhbərinin dediyinə görə, bununla həm də “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin qida təhlükəsizliyinə nəzarət sahəsində müxtəlif orqanların fəaliyyətindəki paralelliyin aradan qaldırılması və effektiv tənzimləmə sisteminin qurulması ilə bağlı tədbirin icrası təmin olunacaq: “Ümumiyyətlə, bütün maraqlı tərəflərin iştirakçılığına və riskəsaslı yanaşmaya əsaslanan qida təhlükəsizliyi sisteminin yaradılması, ilk növbədə, Azərbaycan vətəndaşlarının keyfiyyətli qida məhsulları ilə təminatına xidmət edəcək”.

R.Hüseynin sözlərinə görə, agentliyin fəaliyyətə başlaması gələcəkdə ölkənin beynəlxalq reytinqlərdə irəliləməsinə də öz töhfəsini verəcək. Belə ki, bu fəaliyyət ölkənin Qlobal Rəqabətlilik İndeksində “İnstitutlar”, “Səhiyyə və ibtidai təhsil”, “Əmtəə bazarının effektivliyi” adlı alt indikatorları üzrə mövqeyinin yaxşılaşdırılmasına birbaşa və dolayı təsir edəcək.

Qida məhsullarını təhlükəli edənlər

Image result for Qida məhsulları

Qida məhsulunun təhlükəlilik səviyyəsi onun tərkibində qalan təhlükəli faktorlarla ölçülür. Təhlükəli faktorlar isə bioloji, kimyəvi və fiziki olmaqla, 3 qrupa bölünür: bioloji təhlükə faktorları yoluxucu bakteriyalar, toksin ifraz edən orqanizmlər, parazitlər, viruslar və s. mikroorqanizmlər; kimyəvi təhlükə faktorları təbii şəkildə yaranan toksinlər, qida əlavələri, pestisid qalıqları, baytarlıq preparatlarının qalıqları, ətraf mühit və kimyəvi çirkləndiricilər, allergenlər və s. fiziki təhlükə faktorları isə metal qırıntıları, şüşə qırıntıları, işçilərə məxsus və istehsal prosesləri zamanı ərzaq məhsullarına düşmək ehtimalı olan zinət əşyaları, daş qırıntıları, sümük qırıntıları və sairdən ibarətdir.

Hər hansı bir qida məhsulunda təhlükəli faktorların yer alması ehtimalı məhsulun istehlakçıya çatanadək keçdiyi istənilən mərhələdə yarana bilər. Buna görə də nəzarət mexanizmi elə qurulmalıdır ki, məhsulun keçdiyi bütün zənciri əhatə etsin. Bu mexanimzlərin ən təkmili BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Ümumdünya Səhiyyə Təşkilatının birgə yaratdığı Ərzaq Kodeksi Komissiyası tərəfindən hazırlanmış qaydalar hesab olunur.

Related image

Qeyd edək ki, 1961-ci ildə yaradılmış bu qurum hazırda dünyada ərzaq məhsullarına dair beynəlxalq statuslu standartların və qida təhlükəsizliyinə dair qaydaların hazırlanıb qəbul edilməsini həyata keçirən əsas və ən mötəbər təşkilatdır. Bu komissiyanın standartları və qaydaları bütün dünyada istifadə olunur, dünya ölkələrinin əksəriyyəti bu komissiyanın üzvüdür. Azərbaycan komissiyanınm üzvüdür, prezidentin fərmanına əsasən qurumda ölkəmizi yeni agentlik təmsil edəcək.

Yoxlamalar dayanmamalıdır

Onu da qeyd edək ki, ərzaq məhsullarının istehsalı müəssisələrində keyfiyyət və qida təhlükəsizliyinə bağlı yoxlamalar heç bir halda dayandırılmamalıdır. Bu, Avropa Birliyinin qida təhlükəsizliyinə dair direktivində əksini tapmış əsas müddəalardan biridir. Avropada qəbul olunmuş qaydaya görə, ərzaq məhsulları istehsalçıları üzrə yoxlamalar zərurət yarandığı hallarda xəbərdarlıq olunmadan həyata keçirilə bilər. Bizdən əvvəl kiçik və orta sahibkarlıq subyektlərində yoxlamaları qadağan edən Ukrayna çox tezliklə ərzaq məhsulları istehsalçıları üçün bu qadağanı ləğv etməli oldu – Avropa Birliyinin tələbləri əsasında. Yeri gəlmişkən, ötən ay Azərbaycanda da sahibkarlıq subyektlərində yoxlamaları qadağan edən qanunun müddəti artırılarkən qida təhlükəsizliyi məqsədli yoxlamalar istisna edildi.

Related image

Milli Məclisin üzvü, deputat  Vahid Əhmədovun sözlərinə görə, qida təhlükəsizliyi məsələsi ilə bağlı yoxlamaların bərpa olunmasının təşəbbüskarı ölkə prezidentidir: “Yoxlamaların dayandırıldığı müddətdə ərzaq məhsullarının keyfiyyəti ilə bağlı şikayətlər həddindən artıq çoxaldı. Bizə də şikayətlər gəlirdi. Buna görə də cənab prezident yoxlamaların müddətini artıran qanunda bir dəyişiklik əlavə etdi dərman preparatları və ərzaq məhsullarının keyfiyyətinə görə yoxlamalar aparılacaq. Hesab edirəm ki, bu, çox düzgün addımdır. Hər iki məsələ əhalinin, xalqımızın birbaşa sağlamlığı ilə bağlıdır”.

Deputatın sözlərinə görə, qida təhlükəsizliyi ilə bağlı bütün mərhələlər üzrə fəaliyyətlərin bir mərkəzdə cəmləşməsi bu sahədə idarəetmənin təkmilləşməsi baxımından mühüm addımdır: “Agentlik öz fəaliyyətini qurmağa başlayıb. Orada yaxşı tanıdığım bir neçə mütəxəssis var. Düşünürəm ki, yaxşı işləyəcəklər”.

Bunu hamımız bilməliyik

Qida mütəxəssisi Aysel Hüseynli isə bildirir ki, istehsal zamanı sahibkarlar qida təhlükəsizliyi ilə bağlı bir sıra amillərə diqqət yetirməlidirlər: “Avadanlıqların istismar müddəti mütəmadi olaraq yoxlanılmalı, aldıqları qablaşdırmanın istehsal zamanı standartlara uyğun şəkildə tətbiq olunmasına nəzarət etməlidirlər. Bundan başqa, istehsal edilən məhsulların laboratoriya şəraitində analizlərinin aparılması və şahid nümunələrinin saxlanılması lazımdır ki, istehsal olunan məhsul rəfə çıxdıqdan sonra hər hansı bir problem yaranarsa bu məhsulla şahid nümunənin göstəriciləri müqayisə edilə bilsin. Daşınan və anbarlarda saxlanılan zaman üzərində göstərilən detallara uyğun saxlanılarsa, məhsulun keyfiyyəti ilə bağlı heç bir problem yaranmayacaq. Buna görə də istehsalçılar sonda satış nöqtələrinə nəzarət etməlidirlər ki, burada məhsul doğru şəraitdə saxlanılsın”.

Bəs qida məhsulları alarkən istehlakçılar nələrə diqqət etməlidir? Mütəxəssis deyir ki, yeyinti məhsulu alarkən diqqət edilməli amillərdən ən başlıcası qidanın saxlanılma şəraiti, istehsal və istehlak tarixləri və satış yeridir: “Belə ki, alış-veriş üçün getdiyiniz mağazada sanitar-gigiyenik şəraitə, içəridəki havaya, temperatura, malların düzülüşünə, soyuducuların işlək vəziyyətdə olub-olmamasına nəzər yetirmək lazımdır. Bəzi hallarda mağazalarda antisanitariya mövcud olur, içəridən kəskin qoxu gəlir (ola bilər xarab olmuş məhsulun qoxusudur) və ya kimyəvi tərkibli məhsullarla (sabun, yuyucu toz, təmizləyici vasitələr, kosmetik vasitələr və s.) gündəlik qida məhsulunun eyni rəfə qoyulması halları olur. Bu kimi hallar məhsulun keyfiyyətində ciddi dəyişikliklərə səbəb ola bilir. Diqqət edilməli amillərdən biri də məhsulun xarici görünüşüdür. Belə ki, açıq qablaşdırmada olan məhsullardan uzaq durmaq lazımdır. Çünki ətraf mühitin təsiri ilə qidanın tərkibində sağlamlığımız üçün ciddi dəyisikliklər yarana bilər. Eyni zamanda məhsulun fiziki formasının deformasiyaya uğrayıb-uğramadığına diqqət etmək lazımdır. Belə ki, məhsulun qabı əzik, qapağı açıq, üzərində çat və ya ləkələr olmamalı,  ən əsası, etiketi cırıq, yaxud oxunmayacaq formada olmamalıdır. Bundan başqa, tanınmayan bir markanın məhsulunu alarkən ən azı istehsalçının ünvanı və əlaqə telefonları qablaşdırılmanın üzərində olmalıdır. Adətən məhsulun üzərindəki etiketin arxa hissəsində TS-EN-İSO 9001, yaxud İSO 9001 yazılır. Bu o deməkdir ki, bu məhsul beynəlxalq standartlara uyğun sertifikatlaşdırılmış müəssisədə istehsal edilmiş məhsuldur”.

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …