Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Qazimiz ipoteka kreditini ödəyə bilmir, aidiyyəti qurumlar qapıdan qaytarır

Qazimiz ipoteka kreditini ödəyə bilmir, aidiyyəti qurumlar qapıdan qaytarır

Vətən müharibəsinin iştirakçısı, 2-ci qrup Qarabağ əlili, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mənsubu Dadaşov Mehman Mirağa oğlu ipoteka kreditinin bağlanmasını istəyir.

Bu barədə Bakupost.az -a qazi özü məlumat verib.
Füzuli, Cəbrayıl və Murovdağ istiqamətləri üzrə gedən döyüşlərdə şücaət göstərmiş qazi bildirir ki, kəllə-beyin travması almasına baxmayaraq döyüşlərə davam edib. Cəbrayıl şəhərinə yaxın bir məsafədə yaralanıb. Vəziyyəti ağır olduğuna görə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilib. Müalicəsini Buzovnada yerləşən xəstəxanada, daha sonra Maştağada yerləşən psixatriya xəstəxanasında davam etdirib. Sumqayıtda klinikada 3 dəfə müalicə kursu keçəndən sonra 2021-ci ilin aprel ayında yenidən həkim komissiyasına göndərilib. Burada alınan qərarla ordu sıralarından tərxis olunaraq, ehtiyata buraxılıb.

Mehman Dadaşov bildirir ki, səhhəti ilə əlaqədar olaraq işləyə bilmir, bu səbəbdən də ipoteka kreditini ödəmək imkanı yoxdur: “2011-ci ildə Dövlət İpotekası ilə götürdüyüm evim var. Lakin işləyə bilmirəm, övladım da epilepsiya xəstəsidir. Ona görə ipoteka kreditini ödəmək imkanım yoxdur”.

Qazi sığorta şirkətinə müraciət etdiyini, lakin məhkəmənin son anda şirkətin lehinə qərar çıxardığını bildirib: “2-ci qrup Qarabağ əlili təyin olunduqdan sonra Bakıda yerləşən “Qala Həyat” sığorta şirkətinə müraciət etdim. Prosesi bilmədiyim üçün əvvəlcə gedib onlarla görüşdüm. Öz tələbimi bildirdim ki, qanuni yolla mənə hansı sığorta, hansı güzəştlər olmalıdırsa, həmin sığorta bağlanılsın. Onlar mənə köməklik edəcəklərini bildirdilər. Bir müddət keçdikdən sonra imtina cavabı gəldi. Bildirdilər ki, əgər mən 1-ci qrup əlil, ya da şəhid ailəsi olsaydım, köməklik göstərə bilərdilər. 2016-cı ildə dəyişiklik edilərək 2-ci və 3-cü qrup əlillər də müqaviləyə əlavə olunub. Mən də bununla bağlı Xətai rayon məhkəməsinə müraciət etdim. Burada 2 dəfə mənim lehimə qərar verildi. Yekun məhkəmədə necə oldusa, onların lehinə qərar çıxarıldı və mən uduzmuş hesab olundum”.

M.Dadaşovun sözlərinə görə, bir çox aidiyyəti qurumların qapısını döysə də, heç birindən müsbət cavab almayıb:

“Bundan sonra Sumqayıt rayon İcra Hakimiyyətinə müraciət etdim. İpoteka kreditinin bağlanmasının onların öhdəsində olmadığını bildirdilər. Bundan əlavə, Prezident Administrasiyasına, Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ünvanlamışam. Prezident Administrasiyasından mənimlə əlaqə saxladılar və “Kapital bank”ın baş ofisinə yönləndirdilər. “Kapial bank”da da bu barədə köməklik edə bilməyəcəklərini dedilər. Müraciət etmədiyim aidiyyəti qurum qalmayıb. Ünvanladığım müraciətlərin heç birinin nəticəsi olmayıb. Yaxın dostlarım, ölkə xaricində olan tanışlarım mənə kömək etdi. 30 min manat borcun 25 min manatına yardım etdilər. Amma qalan məbləği isə ödəyə bilmirəm.

Bu gün də aldığım pensiya ailəmin dolanışığına güclə bəs edir. Atam rəhmətə gedib. Anam da bizlə qalır. Bir oğlum, bir qızım var. Qız övladım doğulduğu gündən müalicədədir. Epilepsiya xəstəsidir”.

Qeyd edək ki,Mehman Dadaşov “Cəbrayılın azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə, “Vətən uğrunda şücaətə görə”, “Xidmətə görə 3-cü dərəcəli medallar”, “Ordumuzun yaranmasının 95 və 100 illiyi münasibətilə Moskvada keçirilən təlimlərdə iştiraka görə” medalları ilə təltif olunub.

Həmçinin oxuyun

Azərbaycanda bank borcunu ödəyə bilməyən qazini məhkəməyə verdi

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verib. Valyuta.az xəbər verir ki, bank …