Ana səhifə / Sosial / Qazilərin problemi müzakirəyə çıxarıldı, təkliflər verildi – qəbul ediləcəkmi…

Qazilərin problemi müzakirəyə çıxarıldı, təkliflər verildi – qəbul ediləcəkmi…

Ötən həftəsonu Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi sahəsində görülən işlərin ictimai müzakirəsi aparılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyində keçirilən görüşdə şəhid ailələri, müharibə əlilləri və veteranları ilə bağlı QHT rəhbərləri, vətəndaş cəmiyyəti institutları nümayəndələri arasında fikir mübadiləsi aparılıb. Görüşdə ƏƏSMN yanında İctimai Şuranın sədri Elşad Məmmədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “Qarabağ qaziləri” İB-in sədri Asəf Əliyev, həmin İB üzvü Rey Kərimoğlu, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov və digərləri iştirak ediblər.

Görüşdə qazilərlə bağlı yaranan problemin həlli istiqamətində nə kimi qərarlar verilib? Təkliflər nədən ibarət olub?

Yada salaq ki, iyunun 2-də bir qrup qazi nazirliyin binasının qapısını qıraraq binaya daxil olub və etirazlarını bildiriblər. Onlar əlillik təyinatının olmamasından, əksər hallarda imtina cavabı almalarından, əyani müayinənin aparılmamasından, komissiyaya gec çağırılmalarından şikayət etdiklərini bildiriblər.

Görüşdə iştirak edən “Qarabağ qaziləri” İB-in üzvü Rey Kərimoğlu “Yeni Müsavat”a bildirdi ki, tədbirdə iştirak edən hər kəs bu məsələ ilə bağlı narazılığını bildirib: “Nə isə düz deyil ki, narazılıq var və bu məsələlər həll edilməlidir. ”Qarabağ qaziləri” birliyinin sədri Asəf Əliyevin çıxışının üzərində dayanacağam. O, əlillik meyarlarının müəyyənləşdirilməsi zamanı qazilərə qarşı ədalətsiz davranışın olduğunu nəzərə çatdırdı. Xüsusilə Nazirlər Kabinetinin 2015-ci ildə qəbul edilmiş və bu gün problemlər yaradan həmin qərarı dilə gətirdik. Qaziləri əsas narahat edən məsələlər, həm də ƏƏSMN-dəki problemlər dilə gətirildi. Habelə əlillik alt sisteminə əvvəlki qazilərin salınmasında problemlər var. Xüsusilə ayaq, qol protezinə ehtiyacı olan qazilər müəyyən problemlər yaşayır. Nazirlikdən bildirirlər ki, 12 min yaralı olub, onun 3 min nəfərinə əlillik təyinatı verilib. Digərlərinə isə 2015-ci ildə qəbul olmuş meyarlara görə əlillik dərəcəsi düşmür. Mən isə qazilərin adından təklifimi səsləndirdim, həmin o yaralılar arasında sağlamlığında məhdudiyyətlər yarananlar var. Müdafiə Nazirliyindən bildirilir ki, onlar orduya yararsızdır.

Rey Kərimoğlu: “Mehriban xanımın şəhid ailələrinə, döyüşçülərə münasibəti  çox fərqlidir”

Rey Kərimoğlu: “Təklif etdik ki, əlillik dərəcəsi almayan qazilərə 5 il müddətinə ayda 500 manat verilsin”

Digər tərəfdən də həmin qazilər əlillik dərəcəsi ala bilmir. Burada hərbi qulluqçular, zabitlər, gizirlər, hətta əsgərlər də var. 3 min nəfərə əlillik dərəcəsi verilib, 9 min nəfər qalır, onlara da dövlət tərəfindən 5 il müddətinə ya Prezident təqaüdü, ya da müavinət ayrılsın. Bu insanlara 5 illik dəstək verilsin, bunlar taleyin ümidinə buraxılmasın. Onların içərisində elə yaralılar var ki, işləyə bilmir. Nə olsun ki, qanunvericilik əlillik dərəcəsinin verilməsini məhdudlaşdırır. Amma adam yaralıdır, ayağı 3 santimetr yerə çatmır, qanunvericilikdə yazılıb ki, gərək 4 santimetrdən yuxarı ola. Belə hallar var. Yaxud da qazilər var ki, kontuziya alıblar. Kəllə-beyin travması alıblar, onların müəyyənləşdirilməsi zamanı müəyyən çətinliklər var. Biz də dedik ki, onlar müəyyənləşənə qədər, problemlər həll olunana qədər müəyyən aylıq ödəmələr təyin edilsin. Məsələn, biz təklif edirik, əlillik dərəcəsi almayan qazilərə 5 il müddətinə ayda 500 manat verilsin. Yəni burada söhbət 44 gün Vətən müharibəsində savaşan qazilərdən gedir. Digər təkliflər də oldu, nazirlik rəsmiləri bütün təklifləri qeydə aldılar”.

Umud Mirzəyev: Söz azadlığı pərdəsi arxasında mətbuatın adını ləkəyənlərin  üzə çıxarılması vacibdir

Umud Mirzəyev: “Haqqı pozulan qazilərin problemi həll olunmalıdır”

Görüşdə iştirak edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev də “Yeni Müsavat”a fikirlərini bölüşdü: “İlk olaraq qeyd edim ki, ölkəmizdə bu istiqamətdə ciddi islahatlar həyata keçirilir. Biz bir qrup vətəndaş cəmiyyətinin təşkilatları nazirliyin müvafiq qurumunda görüş keçirdik. Problemləri açıq şəkildə müzakirə etdik. Elə problemlər var ki, bunların həllində birbaşa vətəndaş iştirakçılığına ehtiyac var. Vətəndaşlar dövlət qurumlarına dəstək olmalıdırlar. Tədbir iştirakçıları fikirlərini çox açıq şəkildə bildirdilər. Belə qərara gəldik ki, vətəndaş cəmiyyətinin qurucuları ilə bu cür müzakirələrin aparılmasına ehtiyac var. Görülən işlərlə yanaşı, həm də problemlər mövcuddur. Qarşılıqlı etimad şəklində müzakirələr apardıq. Problemlər var, konkret faktlar da var. Vətəndaş uzun müddətdir ki, müraciət edir, amma informasiyanın zamanında ötürülməməsi insanların qanuni şəkildə haqlarını əldə etməsinə mane olur. Müzakirələrimizin əsas məqsədi vətəndaş məmnunluğunun təmin olunmasıdır. Necə etmək olar ki, vətəndaşın haqqı çatırsa, öz haqqına asan şəkildə yetmiş olsun?! Uzun illər bu sahədə böyük bir boşluq olub, kifayət qədər neqativ hallar var. Bunların aradan qaldırılması üçün nazirlik tərəfindən xeyli iş görüblər. Amma haqqı pozulan insanlar da var. Bizim görüşümüzün əsas məqsədi bu idi ki, bu məsələdə hansı şəkildə problemlərin həllinə dəstək ola bilərik. Qazilərlə çalışan təşkilatlar bu məsələləri daha çox işıqlandırmalıdırlar. İnsanlar öz hüquqlarını bilmədikləri, yeni texnologiyaların imkanlarından istifadə edə bilmədikləri üçün problemlər yaranır”. 

Qeyd edək ki, ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bir qrup Vətən müharibəsi qazisi ilə növbəti görüş də keçirilib.  Nazirlikdən verilən məlumata görə, qazilər Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə müharibədən sonra şəhid ailələri və müharibə iştirakçılarının genişmiqyaslı və çevik sosial dəstək tədbirləri ilə əhatə olunması üçün görülən tədbirlərə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. 44 günlük Vətən müharibəsinin qaziləri – Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov postmüharibə dövründə şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılması üçün ardıcıl şəkildə həyata keçirilən tədbirlərin bu kateqoriyadan olan vətəndaşlara xüsusi qayğıdan xəbər verdiyini vurğulayıb.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin  göstərişi ilə şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı nazirliyin sosial dəstək paketinin hazırda da davam etdirildiyini bildirib. Qeyd edib ki, bu sosial dəstək paketi artıq 100 min şəxsi əhatə edib, onlara 175 min xidmət göstərilib. Həmin şəxslərdən 93 min şəxsə proaktiv qaydada 103 min sosial ödəniş təyin olunub. Müalicə müddəti başa çatan qazilərdən artıq 3 min şəxsə əlillik dərəcələri və avtomatik şəkildə sosial ödənişlər təyin edilib. Bildirilib ki, 44 günlük Vətən müharibəsindən sonra həmin müharibənin şəhidlərinin ailələrinin və qazilərinin də mənzillə təminatına başlanıb. Postmüharibə dövründə 3500, ümumilikdə ötən dövrdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunub. 1400 müharibə əlilinə 18 mindən çox reabilitasiya vasitəsi verilib. 5 min ailə sosial-psixoloji, 2500 qazimiz reabilitasiya xidmətləri ilə təmin edilib. Artıq 11 mindən çox qazini və şəhid ailəsi aktiv məşğulluq proqramlarına cəlb edib. Son 4 ildə 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlilinə avtomobil verilib.

Həmçinin oxuyun

Bakıda DƏHŞƏT: Piyadanı öldürən sürücü ürəktutmadan keçindi

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin. APA xəbər verir ki, …