Şənbə , Dekabr 3 2022
Ana səhifə / Sosial / “Qaziləri dövlətdən narazı salmaq xəyanətdir” – Keçmiş müdafiə naziri

“Qaziləri dövlətdən narazı salmaq xəyanətdir” – Keçmiş müdafiə naziri

“Əvvəla, daim dediyimiz kimi, müvafiq hökumət qurumları öz işlərini elə qurmalıdır ki, insanlar, vətəndaşlar, xüsusən də I Qarabağ savaşında, Aprel, Tovuz döyüşlərində, həmçinin diqqətəlayiq hərbi qələbə qazandığımız 44 günlük II Qarabağ savaşında şəhid olan döyüşçülərimizin ailələri, eləcə də torpaq yolunda əzalarını, normal həyat qabiliyyətini itirmiş qazilərimiz intihar, özünəqəsd həddinə çatmasın. Yəni hər bir vətəndaşın, o cümlədən qazinin problemi qanun-qaydalara uyğun olaraq gecikdirilmədən həll edilməlidir”.

Bu fikirləri Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev son  vaxtlar qazilərlə bağlı müxtəlif insidentlərin, o cümlədən  intiharların artmasına münasibət bildirərkən ifadə edib.

“İkincisi isə insan heç  bir halda öz həyatına qıymamalı, özünəqəsdə yol verməməlidir.  Mən qətiyyən bunun əleyhinəyəm. Bunu əksər dinlər, eləcə də bizim İslam dinimiz qəti qadağan edir. Əgər kimsə və yaxud hansısa qurum mənə qarşı qeyri-normal hərəkətlər, davranışlar edirsə, haqqımı, hüququmu tapdayırsa və bu, mənim şəxsiyyətimə, mənliyimə toxunursa,  mən bütün mümkün qanuni, sivil yollardan istifadə edərək buna qarşı müqavimət göstərməli, sonadək mübarizə aparmalıyam. Bunun əksinə özümü güllələməməli, asmamalı, yandırmamalıyam… Yəni sivil qaydada ortalığa iradə qoymaq, öz haqqını tələb etmək gərəkdir. Çıxış yolu kimi özünü öldürməkdən asan yol yoxdur”- deyə açıqlamasının davamında general-mayor bildirib.

“Əfsuslar olsun ki, bəzi icra qurumlarının məmurları canını, qanını vətən yolunda fəda etmiş və bu gün döyüşlər zamanı qazandığı xəstəlikləri müalicə edə bilməyən, yaxud yoxsul, imkansız bir durumda yaşayan, ailəsini, övladlarını normal qidalandırıb, geyindirə bilməyən qazilərə çox laqeyd yanaşırlar. Bilmək lazımdır ki, qazilərə, şəhid ailələrinə, ümumiyyətlə vətəndaşlara biganə münasibət bəsləyən icra qurumlarının nümayəndələri dövlətə, dövlət başçısına da xəyanət edirlər. Vətən uğrunda döyüşmüş, canını qoymuş insanları dövlətdən narazı salmaq böyük bir xəyanətdir. Mən əminəm ki, gec-tez bu durumu dəqiqliyi ilə Prezidentə çatdıracaqlar və onun tərəfindən də düzgün və qəti qərar qəbul olunacaqdır. 44 günlük savaşdakı qələbəmizi bu cür yollarla heçə endirmək olmaz”- deyə sabiq nazir vurğulayıb.

Həmçinin oxuyun

Hazırda Bakıda marşrut xətlərinin fəaliyyəti iflic olub

Hazırda paytaxt ərazisində bəzi marşrut xətləri üzrə avtobuslar xidmət göstərə bilmir.Bu barədə “Xaliq Faiqoğlu” şirkəti …