Ana səhifə / Sosial / Qazi problemlər içində yaşayır, icra Hakimiyyəti isə… – “xəbərimiz yoxdur” deyir

Qazi problemlər içində yaşayır, icra Hakimiyyəti isə… – “xəbərimiz yoxdur” deyir

İkinci Qarabağ Müharibəsi qazisi Məmmədzadə Adəm aidiyyəti qurumların onunla maraqlanmaması barədə şikayət edib.

O, Cebhe.info-ya ünvanladığı şikayətdə bildirib ki, köməyə ehtiyacı olsa da, heç bir qurum onun problemləri ilə maraqlanmayıb:

“İkinci Qarabağ müharibəsində hər iki ayağımdan ağır yaralanmışam. Köməyə ehtiyacım var, ailəmizdə tək qazanc gətirən şəxs anamdır, müəllim işləyir, onun da aldığı əmək haqqı mənim dərmanlarıma, müalicələrimə xərclənir. İstər Hacıqabul daxilində, istərsə də ölkə miqyasında heç bir qurum mənimlə maraqlanmır”.

Qazimiz qeyd edib ki, hətta ona əlillik dərəcəsi belə verilməyib. O, son ümid yeri olaraq, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib:



“Son ümidim cənab Prezidentimiz və çox hörmətli Mehriban xanımadır. Onlardan xahiş edirəm ki, mənim səsimi eşitsinlər”.

Məsələ ilə bağlı Hacıqabul rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Azər Şirinov saytımıza açıqlamasında qeyd edib ki, qazidən hər hansı bir şikayət daxil olmayıb:

“Bizə bununla bağlı hər hansı bir məlumat daxil olmayıb. Şəxs müraciət etməyib. Bizə məlumat verilsə, “YAŞAT” Fondu ilə əlaqələndirərdik”.



Görünən odur ki, icra hakimiyyəti qazinin problemini həll etməyin yegan yolunu onun müraciətini mərkəzə yönləndirməkdə görür. Beləliklə həm də məsuliyyəti üzərlərindən atmağa çalışırlar.

Əslində yerli icra orqanları qazilər və şəhid ailələrinin problemləri ilə yerində məşğul olmalı, onların həllinə çalışmalı, resurslarını bu istiqamətə yönəltməlidirlər. Prezident İlham Əliyevin göstərişi ilə şəhər və rayon icra hakimiyyətlərində Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbələri yaradılıb. Redaksiyamıza göndərilən çoxsayılı şikayətlərdən məlum olur ki, bəzi icra hakimiyyətləri kimi Hacıqabul rayon İcra Hakimiyyəti və müvafiq şöbələrin də fəaliyyəti ürəkaçan deyil.

Onu da əlavə edək ki, məmurların qazilərin problemlərinə etinadsızılığı azmış kimi, ünvanladığımız sualı cavablandıran məmur hətta qazini günahkar çıxararaqq Məmmədzadə Adəmin quruma müraciət etmədiyini bildirib. Halbuki müharibə iştirakçısı, şəhid və qazi ailəsi dövlət qurumuna müraciət etmədən belə onların vəziyyəti ilə mütəmadi maraqlanmaq, problemləri həll etmək həmin məmurların vəzifə borcudur.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …