Cümə , Fevral 23 2024
Ana səhifə / Sosial / Qazi: “Mənə ev təklif olunan binalara əlil arabası ilə girmək mümkün deyil”

Qazi: “Mənə ev təklif olunan binalara əlil arabası ilə girmək mümkün deyil”

Vətən müharibəsi qazisi, I qrup əlil Xanəliyev Elşən Çingiz oğlu iddia edir ki, ev almaq üçün mənzil növbəsinə dayansa da, ona təklif edilən komplekslərin girişində əlilliyi olanlar üçün müəyyən şərait yoxdur.
E. Xanəliyev Yeniavaz.com-a müraciətində bildirib ki, o, “Hövsan Yaşayış Kompleksi”ndəki evlərdən biri ilə təmin olunmasını istəyib, lakin ona hazırda bunun mümkün olmadığı bildirilib.
“Onların vermək istədiyi mənzilin olduğu binanın girişi və çıxışı əlil arabasında olduğum üçün mənə uyğun deyil. Buna görə də, mən tələb etdim ki, mənə uyğun gələn yerdən, “Hövsan Yaşayış Kompleksi”ndən mənzil verilsin ki, mən rahat mənzilə qalxıb-düşüm. Onlar isə cavabında mənə bildirdilər ki, bizim digər komplekslərdə ikiotaqlı mənzillərimiz 300-dən çoxdur. Onlar nə vaxt verilib qurtarar, ondan sonra biz fikirləşərik, səni mənzillə təmin edək, yoxsa yox.
Bunun adı haqsızlıqdır, ədalətsizlikdir, Buna başqa ad vermək olmaz. Mən özüm də ailəliyəm, iki övladım var, kirayədə qalıram. Nə vaxta kimi belə davam edəcək? Nə vaxta kimi mən kirayələrdə qalacağam? Nə vaxta kimi övladlarımın boğazından kəsib kirayələrə verəcəyəm? Nə qədər gözləmək olar? Müraciət edirəm, olmur. Məktub yazıram, olmur. Zəng vururam, olmur. Çıxılmaz vəziyyətdə qalmışam”, – qazi bildirib.

Sosial Xidmətlər Agentliyindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş Elşən Xanəliyev 3 noyabr 2022-ci ildə imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülüb:
“Vətəndaşın sənədlərinə baxılıb və ailə tərkibi nəzərə alınmaqla Bakı şəhərində üçotaqlı mənzillə təmin edilməsi nəzərdə tutulub. Ona Sabunçu rayonu, Ramana qəsəbəsində və Kürdəxanı qəsəbəsində yerləşən yeni yaşayış komplekslərindən birində tam təmirli, üçotaqlı mənzil təklif edilsə də, bundan imtina edib və Hövsan qəsəbəsində mənzillə təmin edilməsini tələb edib.
Qeyd edilən qəsəbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına üçotaqlı mənzillər veriləcəyi təqdirdə vətəndaşımızın mənzil təminatına mövcud qanunvericiliyə uyğun olaraq baxılacaq”.
Qeyd edək ki, E.Xanəliyev Vətən müharibəsi zamanı 2020-ci ilin oktyabr ayının əvvəllərində Cəbrayıl istiqamətində yaralanıb. O, Vətən müharibəsində göstərdiyi şücaətlərə görə “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Həmçinin oxuyun

Borcunu qaytarmayanlara sərt cəzalar gəlir: Məhkəməyə gedən kimi dərhal…

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında …