Bəzi hallarda sertifikatları və təhlükəsizlik sistemləri standartlara uyğun gəlməyən qaz sobalarının alınması insanların hətta ölümünə səbəb ola bilir.

Buna görə mütəxəssislər qaz sobaları alarkən onların təhlükəsizlik klapanlarına diqqət etməyi və bu texniki hissəyə sahib olmayan sobaları almamağı tövsiyə edirlər.

İndiyədək əsasən İrandan gətirilən qaz sobalarının təhlükəsizlik klapanının olmaması diqqət çəkirdi. Lakin satıcılar standartlara cavab verən cihazları satdıqlarını deyirlər.

Vətəndaşlar da soba alarkən ancaq sertifikatları olan məhsullara üstünlük verdiklərini bildirirlər.

Məsələ ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirdi ki, mövcud standartlara əsasən sobaların istehsal yeri, tarixi və təhlükəsizlik sisteminə tam cavab verən sertifikatları olmalıdır. Vətəndaşlara isə istehsal sənədləri tam yerində olan qaz sobalarını almaq tövsiyə olunur. Bundan başqa, vətəndaşların təhlükəsizlik klapanlarının qaz sobasının üzərində olmasına əmin olmalı və onu quraşdırmaq üçün ancaq qaz-istismar sahələrinin mütəxəssislərinə müraciət etməyi tövsiyə olunur.