Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Qardaş Türkiyə də peyvənd sınaqlarına başladı – Azərbaycanın seçimi nə olacaq?

Qardaş Türkiyə də peyvənd sınaqlarına başladı – Azərbaycanın seçimi nə olacaq?

Dünyada və Azərbaycanda koronavirus artmaqda davam edir. Mütəxəssislər bu virusdan qurtulmağın yeganə yolunu peyvəndin tətbiqində görürlər. Artıq bir neçə ölkə istehsal etdiyi vaksinlərin tətbiqinə başlayıb.

Məsələn, İsrail koronavirus vaksininin sınaqlarına noyabrın 1-dən başlayıb. Ölkənin Bioloji Tədqiqatlar İnstitutunun hazırladığı ilk vaksin “Şiba” xəstəxanasında ilk könüllüyə vurulub. Kliniki sınaqlar bir neçə ay çəkəcək. İlk fazada 18-55 yaşlı 80 sağlam könüllü iştirak edəcək. Öncə iki könüllüyə peyvənd vurularaq reaksiyanın nəticəsi gözlənəcək, sonra isə digərləri peyvəndlənəcək. Hər bir könüllüyə iynə – vaksin və plasebo vurulacaq, bundan sonra bir neçə həftə ərzində onlar müşahidə altında saxlanılacaqlar. İkinci fazaya dekabrda başlamaq nəzərdə tutulub, buraya 960 könüllü qatılacaq. İlk iki faza uğurla keçərsə, üçüncüsü gələn ilin aprel/may aylarında keçiriləcək və burada 30 min könüllü iştirak edəcək. Üçüncü mərhələ uğurla tamamlanarsa, vaksin kütləvi istifadə üçün təsdiq oluna bilər.

Avstraliya hökuməti də koronavirusa qarşı peyvəndlərin hazırlanması prosesinə 88 milyon ABŞ dollarından çox sərmayə qoyacaq. Bu barədə ölkənin səhiyyə naziri Qreq Hant məlumat verib. Q.Hant bildirib ki, hökumətin bu qərarı peyvənd əldə edilməsi üçün Oksford Universiteti (Böyük Britaniya) və Kvinslend Universitetinin (Avstraliya) alimləri ilə birlikdə peyvənd hazırlayan Britaniya-İsveç əczaçılıq şirkəti “AstraZeneca” ilə artıq imzalanmış müqaviləyə zəmanət xarakterli əlavə tədbirdir. O, COVAX mexanizmində iştirakın Avstraliyanın istənilən təhlükəsiz və effektli peyvəndə çıxışını təmin etmək strategiyasının vacib bir hissəsi olduğunu söyləyib.

Azərbaycanda nə qədər əhalinin peyvənddən imtina etməsi bəlli deyil

Türkiyə də bir gün öncə öz vaksininin ilk kliniki sınaqlarına başlayb. Peyvənd Səhiyyə Nazirliyinin dəstəyi ilə Erciyes Universiteti tərəfindən hazırlanıb. Universitetin yazılı açıqlamasında bildirilib ki, nazirlik peyvəndin sınağı üçün icazə verib: “ERUCOV-VAC” adlandırılan milli vaksinin ilk olaraq Nazif Durna adlı könüllüyə vurulub. Peyvəndin hazırlanmasında onlarla professor, tibb mütəxəssisi iştirak edib, onlar aylarla araşdırmalar, tədqiqatlar üzərində çalışıblar. Universitetin rektoru, professor Mustafa Çalış bildirib ki, koronavirusa qarşı peyvəndin klinik çalışmaları tamamlanıb, Faz-1 çalışmalarının isə gələn ilin yanvarında uğurla bitəcəyi gözlənilir. Rektor qeyd edib ki, peyvənd 3 həftə ara ilə könüllülər üzərində sınaqdan keçiriləcək. İlk könüllü Nazif Durna hazırda özünü yaxşı hiss edir. Sınaqlardan sonra ikinci mərhələdə işlərə başlanılacaq.

Bəs Azərbaycan qardaş ölkənin vaksinlərindən yararlanacaqmı?

TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb

Məsələ ilə bağlı “Yeni Müsavat”a “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən  (TƏBİB) bildirib ki, hazırda ÜST tərəfindən təsdiqlənmiş vaksin yoxdur:  “Azərbaycan ancaq o halda vaksin sınağına başlaya bilər ki, ÜST tərəfindən təsdiqlənsin”.

ÜST-nin Azərbaycan Nümayəndəliyindən isə “Yeni Müsavat”a deyib ki, hazırda ÜST tərəfindən Azərbaycan üçün təsdiqlənən hər hansı vaksin yoxdur: “Ona görə bu məsələ ilə bağlı bir söz demək üçün tezdir. Hazırda 200-ə yaxın namizəd peyvənd inkişaf mərhələsindədir. Bunlardan 45-i insan üzərində sınaqdan keçirilir. Təxminən 10-u üçüncü sınaq mərhələsindədir və ya daxil olmaqdadır. Birinci və ikinci mərhələdə olan bir neçə namizəd peyvənd qarşımızdakı 2 ay ərzində üçüncü mərhələyə daxil olacaq. Geniş miqyaslı sınaq mərhələsinin nəticələrinin ilin sonunda gələcəyini gözləyirik. Məlumatlar əldə edildikdən sonra tənzimləyici orqanların peyvəndlərin təhlükəsizliyini və effektivliyini qiymətləndirməsi lazım olacaq və təsdiq olunmuş peyvəndlərin istehsalı başlayacaq. Bu mərhələləri nəzərə alaraq, ölkələrə ilk dozalar 2021-ci ilin ortalarında gəlməyə başlayacaq. İlk dozalar məhdud olacağından tibb işçiləri və yaşlı insanlar kimi həssas qruplar üçün peyvəndi prioritetləşdirməliyik”.

Dünya COVID-19 pandemiyasına qarşı vaksin axtarışındadır Xalqqazeti.com

Qeyd edək, dünya ölkələri əsasən COVAX mexanizmindən yararlanır ki, bu da təsirli peyvənd axtarışını sürətləndirməyə istiqamətlənib. Məqsəd 10-dan çox fərqli peyvəndə investisiya yatırmaq və bazara girdikləri zaman onlara ədalətli və bərabər çıxış təmin etməkdir. Layihə Qlobal Peyvənd və İmmunlaşdırma İttifaqı (GAVI), Epidemiyalara Hazırlıq İnnovasiyası Koalisiyası (CEPI), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), eləcə də peyvənd istehsal edən transmilli şirkətlər tərəfindən idarə olunur.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …