Ana səhifə / Sosial / Qarabağda əsl savaş nə vaxt olacaq? – TƏHLİL

Qarabağda əsl savaş nə vaxt olacaq? – TƏHLİL

Çox qısa zaman kəsimi ərzində Türkiyə prezidentinin Rusiyaya, Azərbaycan prezidentinin isə Fransaya səfəri etməsi və eləcə də son günlərdə döyüş bölgələrində yaşanan gərginlik diqqətləri yenə də Qarabağ probleminə yönəltdi.

Bir daha aydın oldu ki, dünyanın siyasət və diplomatiya adamları Qarabağ problemini nə qədər “görməməyə” çalışırsa, elə problem də özünü bir o qədər intensivliklə gündəmə gətirir.

Doğrusu, biz jurnalistlər üçün bir neçə məsələ vardır ki, onlardan yazmaq olduqca, dedikcə çətindir. Bəli, tənqid edə bilmirsən, azacıq da olsun, ironiya etməyə ürəyin gəlmir…

Onlardan biri, bəlkə də ən birincisi heç şübhəsiz ki, Qarabağ problemidir. Qarabağ ümumi bir dərddir, lap qocalar demişkən, göz dağıdır. Buna söz yox. Di gəl, Qarabağ həm də bir siyasət məsələsidir. O üzdən də nə qədər çalışırsan, bu müstəvidə heç kimə, necə deyərlər, lap doğma qardaşına da güzəşt edə bilmirsən.
İstər–istəməz düşünürsən ki, bu problemə münasibət digərlərindən tamam fərqlənməlidir, digər məsələlərdən fərqli olaraq hakimiyyət bu məsələdə özünü daha məsuliyyətli və yaxud hesabatlı sanmalıdır,-axı on illər keçməsinə rəğmən onu həll etmək mümkün olmayıb…

Üstəlik, bir vaxtlar, özü də ki, siyasi tarix baxımından çox da uzaq olmayan bir keçmişdə indiki siyasətçilər də əvvəlki hakimiyyətləri “ciddi Dağlıq Qarabağ konsepsiyasının olmamasında” və ya “problemi həll edə bilməməkdə” qınayırdılar.

İndi nə alınır? Onda deyilənlər, səslənən tənqidlər, iradlar, hətta xəbərdarlıqlar tamam-kamal yaddan çıxıbdırmı? Yoxsa Qarabağ ancaq müxalifət ritorikasının predmetidir?..

Bəli, daha əvvəlki hakimiyyətlər yoxdur və hesab sorulası bir siyasi vektor var ki, o da indiki hakimiyyətdir. Bu səbəbdən iqtidar təmsilçiləri heç olmasa, müxalifətçilik çağlarında dediklərini xatırlamalıdırlar…

Ona görə də ha çalışırsan, gəl, Qarabağ problemini indiyədək həll etmədiyinə görə hakimiyyəti qınamaqdan özünü saxlaya bilmirsən. On illər keçməsinə rəğmən bircə rayon belə azad edilməyib.

Hətta onu da başa düşürük ki, kiçik bir uğurla da olsa da, insanlara nikbinlik və qələbə ruhu aşılanmalıdır. Bunu da başa düşürük. Amma ki, adam bunun davamını gözləyir. Axı bir görün nə qədər vaxt keçibdir! Nə az, nə də çox – düz 24 il…

24 ildə nələr eşitmədik? Nə qədər “Qarabağ bu gün-sabah qaytarılacaq!” dedilər! Biz də səbr etdik və gözlədik. Amma əvəzində nə gördük? Kiçik kəndin bərpasını böyük qayıdış kimi qələmə verilməsini…

O QƏDƏR LAVROV DEDİLƏR Kİ…

İllərlə deyilən sözləri, verilən vədləri bir tərəfə qoyuram. Ötən yaz dedilər ki, məsələ həll olunub, bu dəfə hər şey yoluna qoyulacaq . Hətta o qədər “Lavrov– Putin planı” dedilər ki, yatanda yuxumuzda da V.Putini və S.Lavrovu görürdük.
Amma tez bir zamanda bəlli oldu ki, bütün bunlar sabun köpüyü imiş. Hətta “böyük sülh planı”nın “memar”ı kimi qələmə verilən S.Lavrov bir gün bildirdi ki,

Qarabağ heç də Bakının daxili məsələsi deyildir!..

Bəs rəsmi Bakının buna siyasi – diplomatik münasibəti, cavabı necə oldu? Nə dedilər, nə etdilər? Təsəvvür edin, Rusiyanın xarici işlər naziri S.Lavrovdan çox ona mətbuat konfransında sual verən jurnalist qınandı! Guya o, Rusiyanın baş diplomatını bu sözləri deməyə vadar edibmiş…
Qərəz, beləcə daha bir siyasi serial başa çatdı. Artıq “böyük sülh planı”ndan danışan yoxdur. Əvəzində hər gün Qarabağda, ümumiyyətlə, Ermənistanla sərhəddə gərginlik yaşanması, döyüşlərin getdiyi bəlli olur.

HƏM DOSTUMUZ, HƏM DƏ DOSTUMUZUN DOSTU…

Bu da azmış kimi, Rusiya ilə münasibətlərin ən yüksək səviyyədə olduğunu deyirlər. Yox, buna da şübhə etmirik, Rusiya həqiqətən də “dost” və “strateji müttəfiq”dir. Gəl, daha çox kimin dostudur? Məsələ də elə bundadır…
Hələ onu demirəm ki, Rusiya təkcə dostumuz deyil, həm də dostumuzun – Türkiyənin də dostudur. Ona görə də təsadüfi deyil ki, elə bu yaxınlarda diqqət həm də R.T.Ərdoğanın Moskvaya səfərinə yönəldi.

Yox, bu dəfə daha Türkiyə prezidentini qınamayacam. O, Qarabağ probleminə də toxundu, üstəlik, özünün hələ ötən il Sankt–Peterburqda səsləndirdiyi məşhur təklifini, Qarabağ problemini çözmək üçün Rusiya – Türkiyə – Azərbaycan üçlüyünün yaradılmasını gündəmə gətirdi. Di gəl, elə o dəfələrdə olduğu kimi, V.Putin buna heç bir reaksiya vermədi.

Halbuki ötən il Türkiyənin də “problemin həllinə yaxından cəlb ediləcəyi”, hətta həmsədrlərin problemi müzakirə etmək üçün Ankaraya yollanacağı deyilirdi. İndi bunların heç biri yada düşmür.

Çox qəliz, hətta bir az da gülünc vəziyyət yaranıb. Azərbaycan Ermənistanın müzakirələri tamam dayandırdığını bildirir, Rusiya isə gah “danışıqlar prosesinin gedişindən razı qaldığını”, gah da iki münaqişə tərəfi arasında “bir neçə prinsipial məqamın razılaşdırılmadığını” deyir…

SƏRF EDƏN QƏDƏR “DEMOKRATİYA”…

Təbii, insanları bir sual çox düşündürür: bəs görən, bütün bunların sonu necə olacaqdır?
Lap əvvəlki illərdəki kimi olmasa da, bir azacıq seyrəlsə də, hər bir halda, əsgər itkiləri hələ də davam edir.

Ermənistan tez–tez döyüş bölgələrində vəziyyəti gərginləşdirir və Azərbaycan da cavab tədbirləri həyata keçirməli olur. Prinsipcə, bu cür cavab tədbirləri torpaqların qaytarılması üçün ciddi bir fürsət ola bilərdi. Amma ötən ilin aprel döyüşlərindəki ilk kiçik, fəqət, olduqca önəmli olan hərbi uğuru nəzərə almasaq, torpaqlar qayıtmır…

Təəssüf, sakitləşdirici və təskinlik verə bilən söz də deyə bilmirik. Ona görə ki, indi Ermənistanda parlament seçkisi ilidir. Bu isə o deməkdir ki, qeyri–müəyyən vəziyyətdir və tərəfləri sülh masası arxasında oturtmaq haqda düşünmək hələ tezdir.
Üstəlik, belə bir qeyri–müəyyən hal hələ bir müddət də qalacaq. İrəvan parlament idarəçiliynə keçmək əzmindədir. Bu da prosesə bir qədər məchulluq və qəlizlik gətirəcək. Amma gəl, Ermənistanın siyasəti yalnız bu cür siyasi epizodların təsiri altında formalaşırmı? Təbii ki, yox. Baxın, indiyədək bu ölkədə neçə hakimiyyət dəyişibdir, amma heç dəyişməyən bir məsələ var–o da ermənilərin Dağlıq Qarabağ siyasətidir, onların Azərbaycana olan münasibətidir…
Düzdür, ümumi fondan istisnalar da var. Məsələn, L.Ter-Petrosyan daha realist fikirlər səsləndirməkdədir. Həm də belə ehtimallar var ki, hazırda kriminal Dağlıq Qarabağ klanı içindəki hakimiyyət çəkişmələri onun kimi realist siyasətçilərin hakimiyyətə yolunu aça bilər.
Amma bunlar ehtimallardır. Ermənistanda da yalnız sərf edənə qədər düzgün seçki keçirirlər. Sərf etməyəndə isə hətta parlamenti gülləbaran etməkdən də çəkinmirlər.
Ona görə də bir daha deyirik ki, indiki Ermənistan rəhbərliyi həm də öz cəmiyyətinin gözündə xal qazanmaq üçün mütəmadi olaraq hərbi təxribatlara əl atır və bu yolla onun diqqətini digər daxili problemlərdən yayındırmağa çalışır…

BİZİ “FORPOST” SAYMIRLAR, AMMA…

Yaxın gələcəklə bağlı da ciddi aydınlıq yoxdur. Təəssüf, Rusiya üçün geniş meydan hələ də açıq qalır və indiyədək Qərb dediyimiz “siyasi areal” hazırda öz qınına çəkilmiş kimi görünür. Rusiyanı azca da olsa, cilovlamaq cəhdləri sezilmir.

Düzdür, ruslar Ermənistandan fərqli olaraq Azərbaycanı bir məsələdə – müstəqil dövlət kimi qəbul etmiş kimi görünür. Məsələn, fevralda ABŞ və Rusiya silahlı qüvvələrinin qərargah başçılarının görüşü üçün Bakının seçilməsi bir daha belə bir detalı göstərdi ki, ruslar Azərbaycanı neytral, həm Qərbdən, həm də ki, Rusiyadan bərabər siyasi məsafədə olan ölkə kimi qəbul edirlər.

Düzdür, bir də görürsən ki, Rusiyada kimsə “bütün Qafqazı quberniyalara böləcəklərini” deyir, başqa birisi isə “Dumanın növbəti iclasını Bakıda keçirməyi təklif edir”, amma üstün rəsmi münasibət hələ budur ki, Rusiya çətinliklə olsa da, Azərbaycanın müstəqilliyini qəbul edir. Əslində bunun özü də az iş deyil. Özünüz də görürsünüz ki, bu ölkə hələ də Ukraynanın tam müstəqilliyilə barışmaq istəmir…
Amma bununla belə Qarabağı Azərabaycana qaytarmaq da istəmirlər, çünki bu problem bizim ayağımızda bir buxovdur və Rusiya onu o tərəf – bu tərəfə çəkməklə

Bakının siyasətinə təsir edə, onu müəyyən qədər öz nəzarətində saxlaya bilir.

ÖTƏN APRELDƏN QALAN TAPMACALAR…

Belə bir vəziyyətdə nə ola bilər? Təbii ki, yaxşı heç nə… Amma bütün bunlar “Nə edək? Məsələ bizdən asılı deyil!” deyərək arxayınlaşmaq üçün əsas və yaxud da kimlərəsə toxunulmazlıq immuniteti vermir. Düzdür, on illərdir, digər bölgələrdəki – Gürcüstandakı və Moldovodakı problemlər də həll olunmayıb. Amma ki Gürcüstan və yaxud Moldovoda indiyədək siyasi palitra nə qədər dəyişib!..

Biz isə özümüzü elə aparırıq ki, sanki Qarabağ probleminin həll edilməməsi heç bir halda siyasi qınaq predmeti deyildir və cəmiyyət bunun hesabını heç kimdən sormamalıdır…

Elə bu səbəbdən də vəziyyət gərgin və bir az da ümidsiz olaraq qalır. Prinsip etibarilə, ötən ilin aprel hərbi uğuru çox sualların cavabı olmalı idi. Amma bu proses davamlı olmadı. Səbəbi nə idi? Azərbaycan kasıb və zəif Ermənistanın müqavimətini bu dəfə də qıra bilmədi, yoxsa buna Rusiya imkan vermədi?..

Ciddi sübutlarımız olmasa da biz də ikinci səbəbi – Rusiyanın işə qarışmasını əsas kimi götürürük, çünki hakimiyyət təmsilçiləri bir neçə dəfə dedilər ki, problemi ən qısa müddətdə həll etməyə qadirik, amma başqa məqamlar var. “Başqa məqmalar”ı isə ilk növbədə Rusiyanın yenə də Ermənistanı dəstəkləməsi kimi başa düşmək lazım gəlir…

Elə Qərb dövlətləri də çox ikibaşlı siyasət aparırlar. Ötən il C.Kerri bildirdi ki, inqdiki məqamda Dağlıq Qarabağ probleminin həlli mümkün deyil. Elə bu günlərdə F.Oland dedi ki, mövcud status-kvo məqbul sayıla bilməz! İndi bunları necə başa düşək? Bir həmsədr belə deyir, o birisi isə tamam başqa cür danışır…
Həm də “status – kvonun məqbul olmamasını” biz təkcə döyüş bölgəsindəki vəziyyətlə, Azərbaycan torpaqlarının, xüsusən də Dağlıq Qarabağdan tamam kənar torpaqların işğal altında qalmasının yoverilməzliyi kimi başa düşürük.

Amma bu, diplomatiyadır və “status–kvonun qəbuledlməzliyi”ni prosesin ümumi vəziyyətindən bir narazılıq kimi də başa düşmək olar. Hazırda “Nə sülh, nə də müharibə!” vəziyyəti hökm sürür və təbii ki, bu, həmsədləri razı sala bilməz…
Qərəz, vəziyyət belədir. Düşünürsən ki, bəlkə hansısa təsadüf nəticəsində nəsə ola bilər. Fəqət, dərhal da ağlına gəlir ki, təsadüfən heç dovşanlar da doğulmur…

Amma diqqət çəkən detallardan biri budur ki, diplomatların bu vaxta qədərki gözləntilərinin əksinə olaraq Azərbaycanda problemin hərb yolu ilə çözülməsinin tərəfdaralrı günbəgün artır…

Bu da olduqca əlamətdardır və insanların özünə inamının hələ də sınmamasının göstəricisidir. Bir daha göstərir ki, azərbaycanlılar heç bir halda Qarabağı itirmək və yaxud onu “güzəşt” etmək barədə düşünmür.

Elə ümidverici əsas detal da məhz budur – əgər insanlar israrla nəyisə istəyirlərsə, gec- tez ona çatırlar…

Hüseynbala Səlimov

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın