Ana səhifə / Sosial / Qarabağ qazisini bir aya itirə bilərik -(VİDEO)

Qarabağ qazisini bir aya itirə bilərik -(VİDEO)

Qazilər yaşayan şəhidlərdir. Bəybala Quliyev də onlardan biridir. İndi onu həyatla cəmi bircə ay bağlayır. Əgər dərdinə dərman olan tapılmasa, gözlərini əbədi olaraq bu dünyaya yumacaq.

Bəybala Quliyev 1992-1997-ci illərdə doğulduğu Ağdam torpaqları uğrunda döyüşüb. Qanlı döyüşlərdə qarnından, qollarından və ayaqlarından qəlpə yarası alan, 3 oğul və 1 qız atası olan 45 yaşlı Qarabağ qazisinin səhhətində ciddi problem yaranıb. Artıq bir ildir ki, leykoz xəstəliyindən – ilik xərçəngindən əziyyət çəkir. 4 kurs kimya-terapiya müalicəsi alaraq remissiya qazanıb. Lakin koronavirus təhlükəsinə görə 5-ci kurs kimya-terapiyadan keçə bilməyib. Nəticədə xəstəliyi geri qayıdıb. Əgər müalicə sonrası blastları sıfıra enərsə, onun iliyi təcili dəyişdirilməlidir. Bunun üçün isə 68 min dollara ehtiyacı var: “Təxminən 1 il bundan əvvəl qanaxma nəticəsində bildim ki, bu xəstəliyə tutulmuşam. Getdik analiz verdik. İlikdən analiz götürdülər. Gördük ki, məndə leykoz xəstəliyi var. İlk öncə Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında müalicə olundum. Orada 4 kurs müalicə olunduqdan sonra remissiya, yəni ilik köçürmə qazandım. Maddi durum olmadığına görə qaldı. Ondan sonra da xəstəlik geri qayıtdı. Məndə belədir ki, ilik köçürülməsə, xəstəlik geri qayıdır”.

Qarabağ qazisi deyir ki, xəstəliyinin ən çətin tərəfi ona kimya-terapiyanın protokollarla vurulmasıdır. İlik köçürmə prosesi üçün Türkiyənin Göztəpə Xəstəxanasından rəsmi məlumat alan Bəybalanın donoru da elə doğma qardaşıdır. Qalır ona maddi yardımın edilməsi məsələsi. Bəybala Quliyevin bacısı Rəsmiyə Səfərova deyir ki, bunun üçün o, əvvəlcə Allahdan, sonra isə dövlətimizdən və imkanlı şəxslərdən yardım istəyir: “Bizim ailəmizdə 4 müharibə iştirakçısı, 1 şəhid ailəsi var. Qardaşımın ailəsi ilə Binəqədi rayonu 7-ci mikrorayonu, Slavyan Universitetinin 4 saylı yataqxanasında məskunlaşmışıq. Bir otaqda onlar qalır, digərində isə mən. İndi orada şərait çətin olduğuna görə xəstəliklə əlaqədar qayınatasının evinə gəlib. Amma indi ilik köçürməsinə bizə 68 min dollar pul lazımdır. Buna da gücümüz çatmır. Hamımız məcburi köçkünük. Özümüz yataqxanada məskunlaşmışıq. Heç bir yerdə işləmirik”.

Qazinin həyat yoldaşının sözlərinə görə, Bəybala üçün ilk olaraq 3+7 protokolu ilə müalicə götürülüb. Tam remissiya olmasa da, morfoloji remissiya qazanılıb: “İndi biz flageyida protokolu ilə kurs alırıq. O, çox ağır kursdur. Birinci kursu almışıq, indi ikinci kursu alırıq. Flagediya elə bir protokoldur ki, sırf ilik dəyişmə ilə bağlıdır. Yəni sıfıra düşsə belə, yoldaşımın xəstəliyi leykoz emaltı olduğu üçün bu xəstəlik daha ağır geri qayıdır. Kimyaterapiyanın təsiri gedəndən sonra xəstəlik ikiqat qayıdır. Əgər bu dəfə də sıfıra düşəndən sonra iliyi dəyişə bilməsək, o zaman o, həyatını itirə bilər”.

Həyat yoldaşı bildirir ki, xəstəlik dönəmində onlara əl tutan həkimlər də olub. Bunun üçün xüsusilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynova və həkim Şəhla Cabbarovaya minnətdardırlar.

Qarabağda bir yerdə döyüşən komandiri, “Tutu” ləqəbi ilə tanınan Rüxsarə xanım Cumayeva Bəybalanın vəziyyətinin ağır olduğunu bilən kimi dərhal xəstəxanaya gələrək onunla danışdığını deyir: “Gəlib Bəybalanı gördüm, onunla söhbət elədim. Gördüm ki, çox ağır vəziyyətdədir. İlk növbədə biz ona qan ehtiyatlarının yığılması üçün köməklik göstərdik. Maddiyyata da özüm kömək ola bilməsəm də, əsgər yoldaşları, komandirlər kömək etdilər”.

Bəybala Quliyev vətən üçün 3 oğul və 1 qız övladı böyüdür. Onların ən böyük arzusu isə ata nəfəsi ilə yaşamaqdır:

– 8 yaşıma keçirəm. Böyüyəndə həkim olmaq istəyirəm. Atam kimi xəstələri qurtarmaq istəyirəm. Demək istəyirəm ki, xalq kömək eləsin və atam tezliklə sağalsın.

– Hamı kömək eləsin. Pul çoxalsın və ata sağalsın.

Qazilər vətən əmanətidir. Onları qorumaq, həyata qaytarmaq elə vətən üçün döyüşmək deməkdir. Bu döyüşdə onların bizim köməyimizə ehtiyacı var. Həmin köməyi isə ekranda görünən hesablarla edə bilərik.

Əlaqə nömrəsi: 070 898 50 10

https://www.youtube.com/watch?v=5U3mzeMJLjI&feature=emb_title

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …