Ana səhifə / Sosial / Qarabağ münaqişəsi: itirilmiş daha bir il

Qarabağ münaqişəsi: itirilmiş daha bir il

Artıq tam əminliklə demək olar ki, Azərbaycanın əsas problemi sayılan Qarabağ münaqişəsi 2015-ci ildə də həllini tapmadı.

Ötən illərdə olduğu kimi, bu il də istər dövlət başçıları, istərsə də XİN rəhbərləri səviyyəsində keçirilmiş görüşlər nəticəsiz qaldı. Əvəzində isə, cəbhə xəttində Azərbaycan ordusu əsgər və zabitlərini itirdi.

21 illik atəşkəs münaqişənin həllindən başqa bütün işlərə yaradı – məcburi köçkün problemi həllini tapmadı, xalqlar arasında dərin nifrət və düşmən münasibətləri bərkidi… nə Ermənistan, nə də Azərbaycan əvvəlki mövqelərindən bir addım da geri çəkilmədi, əhali arasında ATƏT-in Minsk qrupuna inam yoxdur.

Hadisələrin bu formatda davam etməsi onu proqnozlaşdırır ki, gələn il də münaqişənin həlli qeyri-mümkün görünür. Çünki, münaqişənin həlli ilə məşğul olan ABŞ, Fransa və Rusiya da bu məsələdə qətiyyət nümayiş etdirmək istəmir. Dünya ictimaiyyətinin Ermənistana təzyiqləri yalnız bəyanat formatından kənara çıxmayıb. Azərbaycan tərəfinin çağırışlarına baxmayaraq, bu dövlətə qarşı hansısa sanksiya tətbiq olunmayıb.

21 il ərzində dəyişən isə yalnız bunlardır – Azərbaycan Qərbdən tədricən uzaqlaşır və Rusiyameylli siyasət yürüdür, hərbi büdcə ilbəil artır, bir neçə il öncə ordunun NATO sisteminə keçidi ilə bağlı müzakirələr aparılsa da, bu iş yarımçıq qalmaqdadır. Bu illər ərzində Müdafiə Nazirliyi rəhbərliyi bir dəfə də olsun Parlament qarşısında hesabat verməyib. Dağlıq Qarabağın statusu müəyyənləşmədikcə, təfərrüatlar öz yerini proqnozlara verir.

Əsgər itkilərinin statistikası isə bu cür təsnif olunur: “Xəzər” Hərbi Tədqiqatlar İnstitunun apardığı monitorinqin nəticələrinə görə, 2015-ci ilin ötən dövründə (23 dekabradək) Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda ümumilikdə 76 hərbi qulluqçu dünyasını dəyişib. Onlardan 37-si döyüş (34-ü erməni əsgəri gülləsi, 3 nəfəri mina partlayışı), 39 nəfəri isə qeyri-döyüş itkiləridir.

Belə ki, qeyri-döyüş şəraitində 8 nəfər intihar edib, 11 nəfər qeyri-nizamnamə hadisəsi (bir-birini güllələmə), 5 nəfər avtoqəza nəticəsində, 4 nəfər ehtiyatsızlıqdan, 2 nəfər qar uçqunundan, 2 nəfər günvurmadan, 1 nəfər naməlum səbəbdən, 6 nəfər isə xəstəlikdən dünyasını dəyişib.

Dünyasını dəyişənlərin 67-si Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 3-ü Fövqəladə Hallar Nazirliyinin və 2-si isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır. Ötən dövrdə 25 hərbi qulluqçumuz bu və digər səbəblərdən yaralanıb və ya xəsarət alıb. 15 hərbi qulluqçu erməni əsgəri gülləsindən, 3 nəfər avtomobil qəzasından, 4 nəfər mina partlayışından, bir nəfər qeyri nizamnamə hadisələrindən, bir nəfər intihar cəhdindən, başqa bir nəfərsə bədbəxt hadisə nəticəsində yaralanıb və ya xəsarət alıb. Yaralananların biri Fövqəladə Hallar Nazirliyinə, digərləri isə Müdafiə Nazirliyinə aid olan bu və digər hərbi hissələrdə xidmət edirlər.

Image copyrightpresidentaz
Image captionQarabağ tənzimlənməsi üzrə danışıqlar ATƏT Minsk Qrupu çərçivəsində keçirilir.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu 2014-cü ildə Almaniyada yaradılıb. Qurumun məqsədi Xəzər hövzəsi ölkələrində, eyni zamanda Ermənistan və Gürcüstanda müdafiə və təhlükəsizlik sektorunda baş verən prosesləri təhlil etmək, strateji proqnozlar hazırlamaqdan ibarətdir. Azərbaycanın adının dünyanın aparıcı təşkilat və tribunalarında demokratiya və insan hüquqlarının ən çox pozulduğu ölkə kimi çəkilməsi yenilik olmasa da, hər il vəziyyətin getdikdə pisləşməsi yenilik kimi dəyərləndirilə bilər.

Qarabağ münaqişəsi artıq siyasi konflikt olmaqdan çoxdan çıxıb. Bu, yalnız dövlət başçılarının, siyasətçilərin problemi deyil, həm də əhalinin bütün kateqoriyasını təmsil edənlərin ortaq problemidir. Belə ki, münaqişənin fəsadlarından bütün əhali əziyyət çəkir. Hazırda münaqişə ilə bağlı QHT-lərin fəaliyyəti nəzərə çarpmır. Hökumətin siyasətini dəstəkləyən QHT-lərin isə mövqeyi elə hökumətinkindən fərqlənmir.

Əslində isə, vətəndaş cəmiyyəti və media da prosesdə iştirak etməli və təkliflərini hazırlayıb hökumətə təqdim etməlidirlər. Amma Azərbaycan hakimiyyəti münaqişə ilə bağlı danışıqlarda yerli vətəndaş cəmiyyətini tam neytrallaşdırıb. Mərhum dövlət başçısı Heydər Əliyevin, daha sonra İlham Əliyevin Ermənistanın sabiq prezidenti Robert Köçəryanla, son illərdə isə İlham Əliyevin indiki Ermənistan prezidenti Serj Sarkisyanla 20 illik müddət ərzində bağlı qapılar arxasında keçirdiyi görüşlərin təfərrüatları hələ tam məlum deyil.

Hansı məsələlər müzakirə olundu, kim hansı təkliflərlə çıxış etdi, harada uzlaşma oldu…. bu və digər suallar açıq qalır. Münaqişə ilə bağlı danışıqlarda nəyin baş verdiyini, kimin nə dediyini nə Azərbaycan, nə də erməni cəmiyyətində kimsə bilmir. Hər görüşdən sonra da, mətbuata ütülü, səthi bəyanatlar verilir.

Bir neçə ildir ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycan və Qarabağ həqiqətləri ilə bağlı yerli təşkilatlara qrantlar verir və xarici ölkələrdə tədbirlər təşkil edir. Problemlə bağlı kitab, broşür, buklet çap olunur, saytlar hazırlanır. Şuranın rəsmi internet səhifəsinə istinadən, 2014-cü ildə “Xarici ölkə universitetlərində Qarabağla bağlı informasiya guşələrinin yaradılmasına dair təşəbbüslər” istiqaməti üzrə 14 layihə maliyyələşib və bunun üçün ümumi dəyəri 130 min AZN vəsait ayırılıb.

2015-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Qarabağ həqiqətlərinin çatdırılması, soyqırım, terror, işgəncə faktlarına dair nəşrlərin hazırlanması, dövlət sirrinin, milli təhlükəsizliyin qorunması kimi layihələr də maliyyələşib. Azərbaycan həqiqətlərinin beynəlxalq mediada təbliği adlı bir neçə layihəyə də pul ayrılıb. Qeyd edək ki, bu layihələrin hər biri Azərbaycan hökumətinin Qarabağ siyasətinin təbliğinə yönəldilib.

Göründüyü kimi, ümumxalq problem olan Qarabağ münaqişəsi sanki monopoliyadadır. Alternatv fikirlər isə qəbul olunmur. Münaqişənin həlli üçün müzakirələr rəsmi şəxslər arasında keçir, lakin hər iki xalqın fikirləri nəzərə alınmır. Onların gözləntiləri, istəkləri, təklifləri, töhfələri diqqətdən kənarda qalır. Aydın məsələdir ki, qısa müddət ərzində tərəflər ümumi dil tapıb münaqişəni həll etsələr də, xalqlar arasında nifrət münasibətini qısa zamanda yumşaltmaq mümkün olmayacaq. 21 illik müddət həm də ona görə itirilmiş vaxtdır ki, xalqlar birlikdə yaşamağa hazır deyillər, uçurum genişlənib. Liderlərin siyasi bəyanatlarında, sosial şəbəkələrdə, mediada, hətta orta məktəb dərsliklərində nifrət dilinə rast gəlinir. Aydındır ki, dövlət başçıları bu məsələləri müzakirə etmirlər.

21 illik atəşkəs dövründə cəbhə xəttində ilk dəfə ağır texnikadan bu il istifadə olundu. 2016-cı ildə də münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olacaq. BBC

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın