Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “Qarabağ məsələsinin həlli iki səbəbə görə mümkün deyil” – “The Washington Post”

“Qarabağ məsələsinin həlli iki səbəbə görə mümkün deyil” – “The Washington Post”

İki onillikdən çoxdur davam edən danışıqlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir irəliləyişə səbəb olmadı. Aprelin əvvəllərində gedən dördgünlük müharibə isə münaqişənin hərtərəfli həllinə olan ümidləri daha da azaldaraq güc tətbiqini legitimləşdirdi.
Virtualaz.org xəbər verir ki, bu qənaətlə “The Washington Post” qəzetində dərc edilmiş məqalədə Böyük Britaniyanın York Universitetinin əməkdaşı, separatçı münaqişələr üzrə araşdırmaların müəllifi Nina Caspersen çıxış edib.
Müəllifə görə aprelin əvvəllərində gedən hərbi əməliyyatların dayandırılmasına, hər iki tərəfin eskalasiyadan qaçmaq səylərinə baxmayaraq atəşkəs kövrəkdir və hərbi əməliyyatlar yenidən alovlana bilər.
“Azərbaycan və Ermənistan liderləri iyunda görüşərək münaqişənin hərtərəfli nizamlanmasına dair danışıqları bərpa etməyə hazırlaşır, ancaq bu, çətin mübarizə olacaq. İki onillikdən çoxdur aparılan danışıqlar heç bir nəticə verməyib, aprel döyüşləri isə hər iki tərəfdə sərt xətt tərəfdarlarının mövqelərini gücləndirib”-məqalədə deyilir.
Müəllifə görə dəqiq müəyyən deyil ki, aprel əməliyyatlarının başlamasına nə səbəb oldu. Ancaq ehtimal olunan səbəb budur ki, Azərbaycan ermənilərin müdafiə xəttini yoxlamaq və onları danışıqların bərpasına məcbur etmək istəyib. Çünki Azərbaycan status-kvodan  və ərazilərinin bir hissəsinin işğal edilməsindən dərin məyusdur, eyni zamanda illərdir uzanan danışıqlar prosesindən də eyni dərəcədə məyusluq keçirir.
“Aprelin əvvəllərində gedən döyüş əməliyyatları təmas xəttini Azərbaycanın xeyrin dəyişib. Bunun böyük əhəmiyyəti var, ona görə yox ki, geri alınmış ərazilər strateji əhəmiyyətə malikdir və ya böyükdür. Ona görə ki, Azərbaycan ermənilərin qüruruna zərbə endirib, onlara başa salıb ki, Dağlıq Qarabağdakı mövqeləri hesab etdikləri kimi möhkəm deyil”-müəllif yazır.
Məqalədə deyildiyinə görə Qarabağ münaqişəsinin həllinə mane olan iki əsas səbəb var. Bunlardan birincisi xalqların sülhə hazır olmamasıdır. Müəllif hesab edir ki, əgər Azərbaycan və Ermənistan prezidentləri hansısa kompromis həllə razılaşalar belə bu həll variantını daxildə qəbul etdirə bilməyəcəklər.
“Ekspertlərə görə Azərbaycan prezidenti İlham Əliyev öz erməni həmkarına nisbətən daha güclü liderik keyfiyyətlərinə malikdir. 2003-cü ildə hakimiyyətə gələndən sonra o, öz mövqelərini möhkəmləndirib, müxalifət zəifdir. Buna baxmayaraq dördgünlük müharibə milli qürur hissini gücləndirib və bu da münaqişənin dinc yolla nizamlanması üçün mürəkkəb kompromislər üçün yaxşı heç nə vəd etmir”-müəllif yazır.
Məqalədə deyilir ki, ikinci səbəb ermənilərlə azərbaycanlıların birgə yaşamaq istəyinin olmamasıdır. 2005-ci ildən bəri danışıqlar masasında olan prinsiplər Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsinin təxirə salınmasını nəzərdə tutur. Erməni qüvvələri ətraf rayonlardan çəkilməli, Dağlıq Qarabağ aralıq statusa malik olmalı, yekun status daha sonra referendumla müəyyən edilməlidir. Referendum üçün zaman çərçivəsi olmayacaq. Erməni tərəfi referendumu Dağlıq Qarabağın müstəqilliyi ilə interpretasiya edir, Azərbaycan üçün isə bu istisnadır.
Məqalədə deyilir ki, Sudan, Papua-Yeni Qvineya, Serbiya və Montenegro bu modeldən istifadə ediblər. Lakin bir mühüm şərtlə: separatçı ərazlərdə referendumun nəticələri əvvəlcədən bəlli deyildi və ərazi bütövlüyü seçicilər üçün cəlbedici variantlardan biri idi. Dağlıq Qarabağda isə belə deyil. Orada hamı müstəqillik haqda danışır. Ona görə də Dağlıq Qarabağda referendumun hansı nəticə verəcəyi zaman çərçivəsindən asılı olmayaraq bəllidir.
“Variantlardan biri referendumun nəticələrinin ancaq üçdə iki səs çoxluğu ilə qəbul edilməsi olub, bu da Dağlıq Qarabağda yaşamış azərbaycanlıların da geri qayıdıb səs vermədə iştirakı deməkdir. Lakin erməni tərəfi azərbaycanlıların yenidən Dağlıq Qarabağa qayıtmasına razı deyil. Ona görə də referendum məsələsi dalana dirənib”-məqalədə deyilir.
Müəllif yazır ki, dalandan yeganə çıxış yolu yekun statusun referendum vədi olmadan təxirə salındığı aralıq razılaşma ola bilərdi. Ancaq erməni tərəfinin bu variant qəbul edəcəyi ağlabatan deyil.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın