Ana səhifə / Sosial / “Qara Qarayev” ətrafında 3 binanın söküntüsünə başlanılıb -FOTOLAR

“Qara Qarayev” ətrafında 3 binanın söküntüsünə başlanılıb -FOTOLAR

Metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən 3 ikimərtəbəli binanın söküntüsünə başlanılır. Nizami rayonu, Şirin Mirzəyev küçəsi boyunca sökülməsi nəzərdə tutulan binaların qarşısına artıq dəmir dirəklər basdırılıb, tikinti öncəsi təhlükəsizlik tədbirləri görülür. 

Ərazidə tikinti işlərini “Rahatlığın məkanı” şirkəti aparacaq. Onu da qeyd edək ki, şirkət artıq bir ildən çoxdur söküntü aparılan ərazinin yaxın ətrafında 16 mərtəbəli binalar ucaldır. Sökülməsi planlaşdırılan tikililərin də yerində eyni qayda üzrə 16 mərtəbəli binalar tikiləcək. Evləri sökülən ikimərtəbəli binanın sakinlərinə gəlincə isə, onlara yeni bina tam hazır olana qədər kirayə yaşamaları üçün hər ay ödəniş olunacaq. Bina hazır olduqdan sonra isə oradan sakinlərə kvadratı sökülən evlərinin sahəsindən 20 faiz artıq olmaqla, ev veriləcək. Bu barədə məlumatı ərazidə işlərə nəzarət edən şirkətin əməkdaşından aldıq. Şirkət əməkdaşı bildirdi ki, sakinlərə köçmələri üçün 1 ay vaxt verilib. Lakin bu vaxt şəraitdən asılı olaraq bir neçə gün də uzadıla bilər.

Kirayə haqqının məbləği sakinin sökülən köhnə mənzilinin ərazisinə uyğun təyin edilib. Yəni misal üçün 2 otaqlı mənzildə yaşayana 2 otaqlının, mənzili 3 otaqlı olana isə 3 otaqlının kirayə haqqı ödənilib. Şirkətin əməkdaşının sözlərinə görə, sakinlər verilən məbləğlə razılışıblar.

Orada olduğumuz zaman müşahidə etdik ki, 1 ay vaxt verilməsinə baxmayaraq, sakinlər artıq mənzillərini tərk etməyə başlayıblar. Kimisi kondisionerini sökür, kimisi antenini, kimisi də əşyalarını yük avtomobillərinə doldurub daşıyırdı. Onlarla söhbətimiz zamanı öyrəndik ki, köçə ilk başlayanlar binada kirayə yaşayanlardır. Bina metroya yaxın ərazidə yerləşdiyi üçün kirayənşinlərə əlverişli yer sayılırdı. Ona görə də mənzil sahiblərinin bir çoxu evlərini kirayə veriblər. Kirayədə yaşayan sakinlər bildirdilər ki, tez köçmələrinin səbəbi kirayə mənzil axtarıb, tapmaqdır:

“Bu kimi söküntülərin sayəsində kirayə mənzil bazarında ev tapmaq müşkül hala çevrilib. Tapdıqlarımız da çox bahadır. Tələbat artır, dəllallar da bundan istifadə edirlər. Ona görə də vəziyyət çətindir. Ev yiyələrinə bu söküntü sərf edir. Çünki bizdən aldıqları kirayə pulunu, indi də söküntünü aparan şirkətdən alacaqlar. Biz isə çölə atılmış kimiyik” -,deyə binada kirayə yaşayanlar bildirdilər.

Binanın daimi sakinləri isə şərtlərdən razı qaldıqlarını söylədilər:

“Bizə deyiblər ki, bina hazır olana qədər sizə kirayə pulu verəcəyik. Nə qədər edirsə, hamısını ödəyirlər. Bina hazır olandan da sonra yeni tikilidə təmirli evimizi alacığıq. Ona görə də əksəriyyət razıdır. Belə də ki, başqa şansımız da yoxdur. İkimərtəbələr çox köhnədir və bir neçə il sonra uça bilər”-, deyə sakinlər söylədilər.

Bazar günü olmasına baxmayaraq, hazırda ərazidə qızğın iş gedir.

Onu da qeyd edək ki, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında olan ikimərtəbəlilərin yaxın beş il ərzində tam sökülməsi nəzərdə tutulub. Ümumilikdə, bu illər ərzində Bakıda 1094 yaşayış binasının (893 min kvadrat metr yaşayış sahəsinin, 15857 mənzilin) söküntüsünün aparılması və 49614 sakinə daha çox yaşayış sahəsi və daha rahat həyat şəraiti təklif etməklə onların yeni inşa ediləcək binalara köçürməsi nəzərdə tutulur.

Həmçinin bildirək ki, Mənzil və kommunal təsərrüfatı xərcləri üçün gələn ilin dövlət büdcəsindən 457,4 milyon manat vəsait ayrılıb. Musavat.com

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …