Bazar , Yanvar 17 2021
Ana səhifə / Sosial / “Qara Qarayev” ətrafında söküntü işləri yubanır: sakinlər narazıdılar – FOTOLAR

“Qara Qarayev” ətrafında söküntü işləri yubanır: sakinlər narazıdılar – FOTOLAR

Metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən 3 ikimərtəbəli binanın söküntüsü iki aydır ki, yubanır. Buna səbəb isə, bina sakinlərinin söküntü aparan şirkətlə razılığa gələ bilməməsidir.

Musavat.com-un məlumatına görə, Nizami rayonu, Şirin Mirzəyev küçəsi boyunca sökülməsi nəzərdə tutulan binaların qarşısına hələ ötən ilin oktyabr ayında dəmir dirəklər bastırılıb, tikinti öncəsi təhlükəsizlik tədbirləri görülmüşdü.

Ərazidə tikinti işlərini aparan “Rahatlığın məkanı” şirkətinin nümayəndələri bildirirdilər ki, noyabr ayının sonuna qədər ikimərtəbəli binalar tam söküləcək və sakinlər buradan kirayə mənzillərə köçürüləcəklər. Lakin hələ də, binalarda yaşayan və köçmək istəməyən sakinlər olduğu üçün işlər plan üzrə getməyib.

Binaların birində 156 kvadratmetr sahəsi olan mənzilin sahibi Firəngiz Nadirova bildirdi ki, onların bu vaxta qədər köçməməsinin səbəbi şirkət nümayəndələri ilə razılığa gələ bilməmələri olub:

“Mənim mənzilim 156 kvadratmetrdir. Şirkətdən isə bildirirlər ki, yeni binadan bizə mənzilimizin sahəsindən 20 faiz də artığını verəcəklər. Əgər elədirsə, etirazımız yoldur. Ancaq bir məsələ də var ki, şirkət verəcəyi evi mənim mənzilim kimi təmir edə biləcəkmi? Bax bu barədə bizə konkret söz deyilmir. Bu vaxta qədər də köçməməyimizin səbəbi bu kimi məsələlərdir. Kimin mənzili balaca təmirsizdirsə onlar razılaşıb, köçürlər. Ancaq mənim kimi iri sahəli mənzili olanların hamısı narazıdırlar. Gül kimi binadır. Yaşayırdıq də. İndi hamıya kirayə pulu verib, köçürürlər”.

Sakin bildirdi ki, bina ikimərtəbəli olsa da, onlara yeni binadan mənzili eyni mərtəbədən verməyəcəklər: “Bizə deyiblər ki, binanın birinci və ikinci mərtəbələri obyekt üçün nəzərdə tutulub. Ona görə də, hamıya mənzilləri 3-cü mərtəbədən başlayaraq verəcəklər”.

Sökülən binaların ümumi vəziyyətini heç də normal saymaq olmaz. Müşahidə etdik ki, binaların hətta pilləkənləri də taxtadandır. Bəzi sakinlər isə, binaların qarşısında əlavə tikili də tikib, evlərini genişləndiriblər. Öyrəndik ki, yeni mənzil verilən zaman bu kimi artırmalar nəzərə alınmayacaq. Lakin ümumilikdə bina hazır olduqdan sonra oradan sakinlərə kvadratı sökülən evlərinin sahəsindən 20 faiz artıq olmaqla ev veriləcək.

Qeyd edək ki, söküntü aparan şirkət artıq bir ildən çoxdur ki, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında 16 mərtəbəli binalar ucaldır. Sökülməsi planlaşdırılan tikililərin də yerində eyni qayda üzrə 16 mərtəbəli binalar tikiləcək. Biz orada olduğumuz zaman bəzi sakinlər evlərinin əşyalarını daşıyırdılar. Onlarla söhbətimiz zamanı bildirdilər ki, şirkətlə razılığa gəlib, kirayə pullarını da alıblar. Hazırda bayram günləri olduğu üçün şirkətin nümayəndələri orada deyildilər.

Sakinlər bildirdilər ki, yanvarın 10-una qədər binaların tam sökülməsi planlaşdırılır.

Əlavə olaraq, sakinlərə verilən kirayə haqqının məbləği sökülən köhnə mənzilin ərazisinə uyğun təyin edilib. Belə ki, 2 otaqlı mənzildə yaşayana 2 otaqlının, mənzili 3 otaqlı olana isə, 3 otaqlının kirayə haqqı ödənilib.

Onu da qeyd edək ki, metronun “Qara Qarayev” metrostansiyasının yaxınlığında olan ikimərtəbəli binaların yaxın beş il ərzində tam sökülməsi nəzərdə tutulub. Ümumilikdə isə, bu illər ərzində Bakıda 1094 yaşayış binasının (893 min kvadrat metr yaşayış sahəsinin, 15857 mənzilin) söküntüsünün aparılması və 49614 sakinə daha çox yaşayış sahəsi və daha rahat həyat şəraiti təklif etməklə onların yeni inşa ediləcək binalara köçürməsi nəzərdə tutulur. Həmçinin bildirək ki, mənzil və kommunal təsərrüfat xərcləri üçün gələn ilin dövlət büdcəsindən 457,4 milyon manat vəsait ayrılıb.

 

 

Həmçinin oxuyun

Azərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildi

Nazirlər Kabinetinin bu günkü sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya …