Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Sosial / Qapısı açıq hərəkət edən, sürət həddini aşan avtobus sürücülərinə qarşı hansı tədbirlər görülür

Qapısı açıq hərəkət edən, sürət həddini aşan avtobus sürücülərinə qarşı hansı tədbirlər görülür

Xəbər verdiyimiz kimi, srağagün Binə qəsəbəsində 160 saylı marşrut avtobusunun qatara çırpılması nəticəsində baş verən dəhşətli qəza nəticəsində 2 nəfər ölüb, 43 nəfər yaralanıb. Amma faciəyə baxmayaraq, Bakıətrafı kənd və qəsəbələrə işləyən avtobuslarda hələ də vəziyyət dəyişməyib. Əməkdaşımız şahid olub ki, Xəzər, Suraxanı, Binəqədi rayonlarında sürücülər avtobusu qapıları açıq şəkildə idarə edir, sərnişinlər qapılardan sallanaraq gedir, bundan narahat olmayan sürücülər avtobusu yüksək sürətlə sürürlər. 160 saylı avtobusla eyni daşıyıcıya aid olan 214 saylı marşrutda, həmçinin 171 saylı marşrutda oxşar vəziyyət hökm sürür.

Xüsusən, günün pik saatlarında – səhər tezdən və axşamüstü əhalinin nəqliyyatdan intensiv istifadə etdiyi vaxtlarda belə vəziyyət müşahidə olunur. Bəs niyə polis əməkdaşları tərəfindən bu cür qanunsuz halların aradan qaldırılması üçün heç bir tədbir görülmür? İctimai nəqliyyata nəzarəti gücləndirmək üçün reydlər olacaqmı?

Bu suallara cavab tapmaq üçün Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev virtualaz.org-a açıqlamasında bildirdi ki, BNA belə halların aradan qaldırılması üçün monitorinqlər keçirir və pozuntu aşkarlanan marşrut avtobuslarının daşıyıcılarına xəbərdarlıq olunur: “Bakı Nəqliyyat Agentliyi üçün ən vacib məsələ sərnişinlərin təhlükəsizliyi və rahatlığıdır. Bunun təmin olunmasına əngəl yaradan, mane olan halların aradan qaldırılması üçün hər dəfə daşıyıcılarla xəbərdarlıq edilir. Avtobuslar sürət həddinə əməl etməlidirlər, qapıları bağlı olmalıdır, sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün hansı tələblər varsa, onlara əməl olunmalıdır. Biz reyd keçirmirik, vətəndaş müraciətləri əsasında mütəmadi olaraq müşahidələr aparılır və monitorinqlər keçirilir. Belə hallar olanda daşıyıcılara xəbərdarlıq edilir və aradan qaldırılması tələb edilir”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə virtualaz.org-a polis tərəfindən mütəmadi olaraq belə avtobus sürücülərinə qarşı reydlər keçirildiyini deyir. Onun sözlərinə görə, bir çox hallarda mətbuat və insanlar bu reydlərdən xəbər tutmur.

“Polis əməkdaşları tərəfindən gündəlik funksional vəzifələr mütləq yerinə yetirilir. Kameralarımız nə qədər qayda pozuntusu aşkar edirsə, həmin sürücülər cərimələnir. Bu barədə sizdə informasiya olmasa da, avtobusları qapıları açıq vəziyyətdə idarə edən, yol ayrıcını keçmə qaydalarını pozan, sərnişinlərlə birlikdə yanacaqdoldurma məntəqəsinə daxil olan avtobus sürücüləri qeydə alınır və cərimələnir. Əgər avtobus qapısı açıq şəkildə gedirsə, elə bilməyin ki, onlara göz yumulur. Sadəcə olaraq, əgər indi reyd keçirilsə, əhali fikirləşəcək ki, yol polisi yatmışdı, hadisə olan kimi getdi reyd keçirdi. Əslində isə biz bu reydləri həmişə keçiririk”.

V.Əsədov həmçinin bildirib ki, avtobus sürücüləri ilə bağlı bu vəziyyətin düzəlməsi üçün təkcə cəza, cərimə halları yetərli deyil, insanlar arasında həm də maarifləndirilmə işi aparılmalıdır.

Virtualaz.org

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …