Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Qanunsuz tikililər söküləcək, yoxsa sənədləşdiriləcək – Açıqlama

Qanunsuz tikililər söküləcək, yoxsa sənədləşdiriləcək – Açıqlama

Fövqəladə hallar naziri Kamaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib ki, bir neçə ildən sonra Azərbaycanda qanunsuz tikililər olmayacaq. Nazir bildirib ki, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və rayon icra hakimiyyətlərinin tərkibində olan komissiya ilə birlikdə nəzarət tədbirləri gücləndirilib: “Qanunsuz tikililərlə bağlı obyektiv və subyektiv səbəblər var. O vaxt məcburi köçkünlərin çox olduğu vaxtlarda belə problemlər ortaya çıxmışdı. Bakı şəhərində çoxmərtəbəli binalar var idi ki, onların yanğın təhlükəsizliyi təmin olunmamışdı, istismara qəbul edilməmişdi. Sonradan həmin binalar texniki şərtlərə uyğun hazırlanıb, problemlər aradan qaldırıldıqdan sonra istismara qəbul edilib. Bu proses digər rayonlarda da davam etdirilir. Hesab edirəm ki, Azərbaycanda bir neçə ilə qanunsuz tikili olmayacaq. Hər kəs bilir ki, qanunsuz tikililər insan həyatı üçün təhlükəlidir və belə tikililər dövlət tərəfindən qəbul edilməyəcək”.

Bəs hazırda statistikaya görə nə qədər qanunsuz elan olunan tikili var? Onların neçəsi yaşayış, neçəsi qeyri-yaşayış binası sayılır? Vaxtilə qanunsuz tikilmiş obyektlər söküləcək, yoxsa sənədləşdiriləcək? Sənədsiz evlərə çıxarış paylanacaqmı? Prezidentin bununla bağlı bir neçə dəfə sərəncamı olub. Bu sərəncam necə icra edilir?

Səkinin üzərində böyük obyekt tikirlər, amma parkinq nəzərdə tutulmur"

Elnur Fərzəliyev 

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Yeni Müsavat” a belə şərh verib: “Çoxmənzilli yaşayış binalarının tikintisi üçün digər orqanlardan sənəd toplandığı kimi, həmçinin Fövqəladə Hallar Nazirliyinin tikintiyə nəzarət şöbəsinin də sənədləri yoxlanılır. Orada istifadə olunan bütün tikinti materialları, armatur və betonun qalınlığı, ölçüləri belə həmin şöbə tərəfindən yoxlanılır. Əgər layihəyə uyğundursa, ondan sonra tikintiyə icazə verilir. 2019-cu ildə Prezidentin tapşırığına əsasən, 400  çoxmənzilli yaşayış binasına çıxarış verildi. Bu, həmin yeni tikili binalar üçün bir ”amnistiya” oldu. Çünki orada binalar var ki, uzun illər, hətta 10-15 il bundan əvvəl inşa olmasına baxmayaraq, çıxarışla təmin oluna bilmirdi. Bu binaların böyük əksəriyyəti normativlərdən kənara çıxmışdı, tutaq ki, bina on iki mərtəbəli olmalıdır, amma on beş mərtəbə tikilib. Yaxud binanın əlavə artırma hissələri olub və digər normativlərə uyğun olmayan əlavələr olduğuna görə çıxarış verilmirdi. Bu baxımdan həmin dörd yüz bina 2019-2020-ci ilə qədər çıxarışla təmir olundu, qəbuldan keçdi. Artıq yeni tikilən binalarda bu sektora daha çox ciddi nəzarət var. Ona görə ki, artıq sənədləşmə həm Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən, həm də Fövqəladə Hallar Nazirliyi tərəfindən ciddi şəkildə yoxlanılır. Təbii ki, bu, vətəndaşların gələcəkdə problem yaşamaması üçün önəmlidir. Çünki vətəndaş haqlı müştəridir, pul ödəyib mənzil alır, lakin hər hansı bir texniki səbəbə görə vətəndaş uzun illər çıxarışdan məhrum olur. Təbii ki, bu yolverilməzdir. Bu baxımdan artıq bir neçə ildir ki, qaydalar bu formada gedir”.

Ekspert əlavə edib ki, həyət evlərində bu say daha çoxdur: “Çıxarışı olmayan, çıxarış ala bilməyən həyət evləri yüz minlərlədir. Qeyri-rəsmi statistikaya əsaslansaq, beş yüz mindən çox təkcə Bakı və Abşeron ərazisində çıxarışı olmayan həyət evi var. Çox böyük əksəriyyətində torpağın tam fərqli təyinatı olduğuna görə qanunvericiliklə çıxarışın verilməsi düzgün sayılmır. Əlbəttə, zamanla bu problemlər qaldırılıb, ictimailəşdirilir, bununla bağlı müəyyən xəbərlər olub, vətəndaşlara çıxarışların verilməsi ilə bağlı müəyyən proqramlar hazırlanıb. Amma bu vəziyyət ürəkaçan formada deyil, yəni görünən mənzərə odur ki, bu proses daha çox uzanır. Belə olduğu təqdirdə, burada itirən iki tərəf olur. Bir dövlət büdcəsi, bir vətəndaş. Çünki vətəndaşa lazım olan mülkiyyət hüququnun tanınmasıdır, çıxarışdır. Dövlət üçün isə həmin çıxarış olduqdan sonra əmlak vergiləri, mənzillərin satışı zamanı hər kvadrata görə ödənilən vergidir. Çıxarışı olmayan həmin əmlaklar bank, ipoteka predmetinə çevrilə bilmir. Digər onlarla bu cür problemlər var ki, o problemlər birbaşa həmin mənzillərdə çıxarışın olmaması ilə əlaqəlidir. Qeyri-yaşayış obyektlərinə baxsaq, ölkə üzrə təqribən 2 milyon altı yüz mindən çox yaşayış evi var və onun on faizə qədəri də qeyri- yaşayış, təxminən iki yüz altmış mindən çox da qeyri-yaşayış obyektləri var. Həmin obyektlərin çıxarış alması,  çoxmənzilli binaların birinci, ikinci mərtəbəsində yerləşirsə, birbaşa ümumi binanın çıxarışının təmin olunması ilə əlaqədardır. Ayrı tikililər də var ki, normativlərə uyğun olmayıbsa, onların da çıxarış almasında müəyyən problemlər yaranır. Bu gün problemlərin əsas səbəblərindən biri ondan ibarətdir ki, Azərbaycanda daşınmaz əmlak sahəsi, tikinti sahəsi pərakəndə şəklindədir. Çünki bu sahə ilə bağlı zamanında bir çox qurumlar sərəncam vermək hüququna malik idilər. Bələdiyyə sərəncamla torpaq sata bilirdi. Zamanında yerli icra hakimiyyətləri ev tikintisi üçün sərəncam verirdilər. Hətta MTK-lar – bir tikinti şirkəti bina tikib müqavilə ilə mənzil sata bilir. Bu cür pərakəndə formada olduğuna görə hərəsinin öz daxili nizamnaməsi sonda vətəndaşın aldığı, tikdiyi əmlakın çıxarış ala bilməməsinə səbəb olur. Çünki istənilən formada bu sərəncamlar, razılıqlar verilsə də, nəticədə hər şey normativə uyğun olmur. Bu gün baxsaq, bələdiyyələrin satdığı torpaq sahələri var ki, onların çox böyük əksəriyyəti çıxarışla təmin oluna bilmir. Çünki bələdiyyə artıq ona ayrılan torpaq yox, digər ərazi – kolxoz, sovxoz, əkin sahələrinin torpaqlarını satıb, həmin torpaqların da üzərindəki tikililərə çıxarışların verilməsi mümkünsüzdür. Yalnız təyinat dəyişikliyi olduqdan sonra verilə bilər. O baxımdan, bu sektorda ciddi nəzarət olsa təbii ki, bu, həm də daxili iqtisadiyyatın inkişafına gətirib çıxarar. Digər tərəfdən, xarici vətəndaşlar tərəfindən Azərbaycanın daşınmaz əmlak sektoruna marağı artıra bilər. Çünki xarici vətəndaşlar çıxarış olmadan heç bir əmlak ala bilmirlər. Buna qanunvericilik yol vermir. Bu sahənin inkişafı imkanı veriləcək qərarlardan asılıdır. Qərarlar verilərsə, icra olunarsa, nəzarət mexanizmi güclənərsə, təbii ki, bu, biz hansı tərəfdən baxsaq, ölkəmiz üçün, vətəndaşımız üçün faydalı ola bilər”.

Bakı-Sumqayıt yolundakı qanunsuz tikililər söküləcək - son xeberler

E.Fərzəliyev qanunsuz tikililərin sökülüb-sökülməyəcəyi ilə bağlı məsələyə də münasibət bildirib: “Qanunsuz tikililər – çıxarış verilməyən ərazilərdəki tikintilər fərdi  həyət evlərinin alqı-satqısı bu gün də davam edir. Təbii ki, zamanla bunlar çıxarışla təmin olunacaq. Amma bütün evlərə çıxarışın verilməsi mümkün olmayacaq. Çünki bəzi ərazilər var ki, həmin ərazilərə nəinki çıxarış, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Bu, çox yüksək gərginlik, cərəyanların altında tikilmiş evlər, Abşeron ərazisi daha çox vulkanik dağlardan ibarətdir və vulkanik dağların yaxınlığında tikilmiş evlərdir, sürüşmə zonasında tikilmiş evlərdir. Düşünürəm ki, həmin ərazilər çıxarışla təmin olunduqdan sonra vətəndaşlara hansısa formada kompensasiyalar ödəyib  oradan köçürmək lazım olacaq. Çünki ora təhlükəli zonadır, hər hansı bir fəlakət baş verərsə, orada tələfat ola bilər. Digər tərəfdən, çıxarışların verilməsi həmin evlərin, fərdi həyət evlərinin sığorta predmetinə çevrilməsinə gətirib çıxara bilər. Çünki çıxarış olmayanda əmlak sığortaya cəlb oluna bilmir. Sığorta olsa hansı bir su basma, təbii fəlakət zamanı onlara dəymiş zərəri artıq dövlət yox, sığorta şirkətləri ödəməli olur. Bu baxımdan da aidiyyəti qurumların marağında olmalıdır ki, bu prosesi daha da sürətləndirsinlər ki, dövlət üzləşə biləcəyi istənilən hər hansı bir problemdən zərər çəkməsin, bununla bağlı aidiyyəti qurumların özləri bu işlə məşğul ola bilsinlər”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …