Ana səhifə / Sosial / “Qanunlara əxlaq məsələləri ilə bağlı ciddi dəyişikliklər edilməlidir” – Tahir Kərimli

“Qanunlara əxlaq məsələləri ilə bağlı ciddi dəyişikliklər edilməlidir” – Tahir Kərimli

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimlinin bir neçə gün əvvəl Bakıda homoseksualların toy mərasiminin keçirilməsi ilə bağlı yayılan məlumatlar haqda danışarkən “biqeyrət gələcək yaradılır”, “Çimərliyə getmədim ki, qadınları paltarsız görməyim” kimi fikirlər işlətməsi ona qarşı mediada tənqidlərə yol açıb.

Tahir Kərimli isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, onu tənqid edənlər sanki onun açıqlamalarını şəxsən oxumayıblar. Oxusaydılar onu tənqid etməzdilər: “Bir jurnalist mənə konkret məsələ ilə bağlı sual verib fikrimi soruşub. Mən də geniş şəkildə əsaslandırılmış formada fikirlərimi ifadə etmişəm. Diqqətlə oxuyanlar təsdiq edər ki, mən heç bir təhqirə, aşağılayıcı fikirlərə yol verməmişəm. Mən də bilirəm ki, çimərliyə paltoda getməzlər, fikrimi kontekstdən çıxarıb ittihamlar irəli sürməyə ehtiyac yoxdur. Mən millətin mənəviyyatının pozulmasının qarşısının alınmasının vacibliyi barədə danışmışam. Mənə eyni cinsdən olan iki şəxsin Bakıda toyunun keçirilməsi ilə bağlı suala cavabımda demişəm ki, bu nə biabırçılıqdır, hər şeyi məhv elədilər, gələcəyimizi, balalarımızı əlimizdən aldılar. Cəmiyyət o qədər güclüdür ki, biz valideynlər daha onlara təsir edə bilmirik. Biz olanları aradan qaldıra bilmirik. Yaşım 60-ı keçib. Özümün və ölkəmin gələcəyi üçün bu cür biabırçılıqlardan çox narahatam. Gələcəyə biqeyrət nəsil yetişir. Balalarımızın, nəvələrimizin belə hala salınması məni yandırır, ona görə də, internet və sosial şəbəkələr, televiziya kanalları üzərində əxlaq nəzarəti qoymaq və gücləndirmək lazımdır. Senzura qoymaq lazımdır. Mən bunları demişəm. Məgər gələcəyimiz olan gənclərin, millətin mənəvi baxımdan gələcəyindən narahat olmaq, mənəviyyatın qorunması üçün hansısa təklif vermək, fikir bildirmək yanlışdır, gerilikdir?

Son illər homoseksualların apardığı təbliğatlar evimizin içinədək gəlib çıxıb. Bunun üçün filmlərdən, seriallardan, verilişlərdən, musiqi kliplərindən, hətta cizgi filmlərindən belə istifadə olunur. Mən bundan narahatlığımızı ifadə edirəm. Məni buna qınayanların mövqeyinin nəyə xidmət etdiyi anlaşılmır. Millətin mənəviyyatının pozulmasına imkan verməmək çağırışı nə vaxtdan qəbahətdir? Mən hələ 1990-cı ildə Ali Sovetinin deputatı seçildikdən sonra iclasda ilk çıxışım Mənəviyyat Dövlət Komissiyası və Əxlaq Polisinin yaradılmasıyla bağlı olub: “Hələ o vaxtlar bu məsələylə bağlı təhdid və təhlükələr var idi. İstəyirdim qarşısını alaq. Çünki qarşıdakı illərdə bunun baş verəcək fəsadlarını görurdüm. Lakin təəssüf ki, mən dövlət rəhbərini inandıra bilmədim. Eləcə də parlamentdə inandıra bilmədim ki, bu pisliyin qarşısını indidən almaq lazımdır ki, artmasın. Həqiqətən də o zamanlar baxmayaraq ki, gənc idim, cavanıydım, amma özümü öldürürdüm ki, bunun qarşısını almaq lazımdır. Qarşısı alınmazsa, çox pis vəziyyətlərə gətirəcək. Lakin heç kimi inandıra bilmədim. Təkliflərim keçmədi. İndi isə Azərbaycan Avropa Şurasının üzvüdür. Ona görə də, bu qurumda qalmaq üçün onların şərtlərinə uymalıyıq. O vaxt – 16 il əvvəl yenə də Avropa Şurası qarşımızda şərt qoymuşdu ki, Azərbaycan Respublikası bu cür əxlaqsız hərəkətlərə icazə versin. Cinayət Məcəlləsinin 113-cü maddəsində belə mənəviyyatsızlıq üçün ciddi cəza nəzərdə tutulurdu. Çox təəssüf edirəm ki, nə qədər çalışdıqsa, qarşısını ala bilmədik. Açıq deyirəm, həm iqtidar, həm də müxalifət birlikdə Avropa Şurasına girmək məqsədiylə Cinayət Məcəlləsindən belə biabırçı halları cəzalandırmalı olan maddələri çıxarıb aradan qaldırdılar”.

T.Kərimli vurğuladı ki, xalqın milli mənəviyyatının qorunması hər şeydən üstün tutulmalıdır: “Azərbaycanda mənəviyyatın pozulmasına gətirib çıxaran biabırçılıqların qarşısını almaq üçün mənəviyyat və əxlaq senzurasının qoyulmasına ehtiyac var. Qanunları elə dəyişiblər ki, həm inzibati, həm mülki, həm də cinayət qanunvericiliyində onların cəzalandırılması mexanizmi yoxdur. Qanunlara mənəviyyat, əxlaq məsələləri ilə bağlı ciddi dəyişikliklər edilməlidir”.

Həmçinin oxuyun

Qızını diləndirən qaraçı qadın: “Məcburuq, çörəyimiz buradan çıxır” – Video

Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də …

Bir cavab yazın