Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Qaçqınlara dövlət dəstəyinin Azərbaycan təcrübəsi Avropaya nümunə kimi…

Qaçqınlara dövlət dəstəyinin Azərbaycan təcrübəsi Avropaya nümunə kimi…

“Bir qədər Azərbaycanın təcrübəsinə baxıb örnək götürmələri məsləhətdir”

Vüqar Qadirov: “Həmin dövlətlərin qaçqınları qəbul etmək üçün heç bir problemi yoxdur”

Hazırda dünyada ağır qaçqın böhranı yaşanır. Xüsusilə də Yaxın Şərq və digər qaynar bölgələrdən didərgin düşən ailələr Avropaya üz tutur. Ancaq özünü demokratiyanın beşiyi sayan həmin qitədə qaçqınlara birmənalı olmayan münasibət sərgilənir. Məsələn, polşalıların çoxu Yaxın Şərq və Afrika ölkələrindən olan qaçqınların Polşada yerləşdirilməsinin əleyhinə deyil, amma miqrantların qəbul olunmasını istəməyən ölkə vətəndaşlarının sayı sürətlə artır.
Bunu İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğunun yekunları göstərir. Tədqiqat müəlliflərinin sözlərinə görə, polyakların 56 faizi qaçqınların, heç olmazsa, müvəqqəti qəbul olunmasına tərəfdardır. Onlar xatırladır ki, bu sorğu ilk dəfə may ayında keçiriləndə yardım göstərmək istəyənlərin sayı 16 faiz çox idi. Sosioloqlar bildirir ki, Polşada qaçqınların yerləşdirilməsi əleyhinə çıxan respondentlərin sayı artaraq 21 faizdən 38 faizə çatıb.
Polşa iyul ayında immiqrantların köçürülməsi və yerləşdirilməsi üzrə Avropa proqramı çərçivəsində 2 min qaçqın qəbul etməyə razılıq verib. Miqrantların sayının artmasına baxmayaraq, Avropa Komissiyasından təkliflər gözləyən respublika əlavə qaçqınlar qəbul etməyə hazır olduğunu hələlik bəyan etməyib.
Mütəxəssislərin hesablamalarına görə, miqrantların Aİ ölkələrinə axını ilin sonunda 1 milyon nəfərə çata bilər. Bu böhran, demək olar ki, bütün Avropa ölkələrini əhatə edir.
Bildiyimiz kimi, Azərbaycan da işğala məruz qalan ölkə kimi 1988-ci ildən qaçqın və məcburi köçkün problemilə üz-üzədir. Demək olar ki, təkbaşına bu ağır problemin öhdəsindən layiqli şəkildə gəlir.
Bu siyasət Avropaya örnək ola bilərmi?
Ətrafında 40-a yaxın QHT-ni birləşdirən “Qarabağ” QHT Koalisiyasının rəhbəri Vüqar Qadirov qəzetimizə açıqlamasında bildirdi ki, bu gün qaçqınlarla bağlı Avropada acınacaqlı bir vəziyyət yaranıb:

“Bizim bir dövlət olaraq bu sahədə geniş təcrübəmiz var. Bu gün Avropanın bütün ölkələrini əhatə edən qaçqın sayını biz 20 il bundan əvvəl yaşamışıq. Deyərdim ki, həmin sınaqdan alnı açıq çıxmışıq. Həmin problemlə üzləşməyimiz iqtisadiyyatımızın zəif vaxtına təsadüf edib. Yenə də, çətinliklə olsa da, problemə sinə gərə bildik. İqtisadiyyatımız güclənəndən sonra dövlət hesabına qaçqın şəhərcikləri salındı, məcburi köçkünlər kommunal xərcləri ödəməkdən azad edilib. Bir sözlə, həmin kateqoriya insanlara hər yerdə güzəşt olunur. Təəssüflər olsun ki, biz analoji vəziyyəti Avropada görmürük. Demokratiyadan başqa dövlətlərə dərs verməyə çalışan Avropa bununla elementar insan haqlarını pozmuş olur. Həmin dövlətlərin qaçqınları qəbul etmək üçün heç bir problemi yoxdur. İstər iqtisadi vəziyyətləri, istərsə də digər parametrləri buna tam imkan verir. Sadəcə, bir qədər Azərbaycanın təcrübəsinə baxıb örnək götürmələri məsləhətdir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın