Ana səhifə / Sosial / “Qaçqınkom”un internatda unutduğu iki ailə ölkə başçısından kömək istədi – FOTOLAR

“Qaçqınkom”un internatda unutduğu iki ailə ölkə başçısından kömək istədi – FOTOLAR

Mingəçevir şəhəri internat məktəbində müvəqqəti məskunlaşmış Laçın rayon Çorman kəndindən olan məcburi köçkün Gülmalıyev Novruz Əvəz oğlu Moderator.az-a ünvanladığı şikayət məktubunda ölkə başçısından kömək istəyib.
 
Müraciətdə deyilir:
 
Hörmətli cənab prezident!
Yazıb sizə bildirmək istəyirəm ki, mən Gülmalıyev Novruz Əvəz oğlu 1992-ci ildə Çalın rayonundan qaçqın düşərək ailəmlə birlikdə Mingəçevir şəhərindəki internat məktəbində müvəqqəti məskunlaşmışıq. Ailə üzvlərimizin sayı 5 nəfərdən ibarət olsa da, ayrı-ayrılıqda iki ailə təsərrüfatı aparırıq. Birinci təsərrüfata anam Gülmalıyeva Firuzə Cümşüd qızı (2017-ci ilin mart ayında vəfat edib), qardaşım Gülmalıyev Abbas Əvəz oğlu və onun həyat yoldaşı Gülmalıyeva Kəmalə Kamal qızı aidddir. İkinci təsərrüfata isə mən Gülmalıyev Novruz Əvəz oğlu, həyat yoldaşım Gülmalıyeva Gülbəniz Əvəz qızı və oğlum Gülmalıyev Hüseyn Novruz oğlu aiddir. Onu da bildirim ki, hər iki ailə ayrı-ayrılıqda təsərrüfat apardığı üçün “Qaçqınkom” tərəfindən bizə hər bir ailə üçün enerji ödənişi və çörək pulu üçün ayrıca kartlar açılmışdır. Bu da onu sübut edir ki, ailələr ayrı-ayrılıqda təsərrüfat sahibidirlər.
Hörmətli cənab prezident!
Sizə “Qaçqınkom”un Mingəçevir şəhərindəki nümayəndəliyində baş verən saxtakarlıqlarından söz açmaq istəyirəm. Sizin fərmanınızdan sonra 2015-ci ilin sentyabr ayında Mingəçevir şəhərində müvvəqəti məskunlaşmış ailələr yeni salınmış şəhərciyə köçürülməyə başladı. Biz də ev almaq üçün bir neçə il idi ki, ev növbəsinə yazılmışdıq. Çox təəsüflər olsun ki, “Qaçqınkom” un işçisi olan Hüseyn Yusifov, Mingəçevir şəhər icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi Rəsul Paşayev, Laçın rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi Şakir Fərzəliyev özlərinin verdikləri arayışda bizim ayrı təsərrüfat olduğumuzu nəzərə almadan, bizə verilməli olan mənzilləri əlimizdən alaraq rüşvət müqabilində öz yaxınlarına satdılar. Hətta köçürülən ailələr arasında öz pulu ilə mənzil alanlar da var.
Köçürülmə zamanı internat məktəbindən və yataqxanasından təxminən 60-da çox ailə köçürüldü. Mənim və qardaşımın ailəsi internatda unudulduq. Hansı ki, internatda şagirdlər oxuyur. Biz burda yaşamaqla şagirdlərə də mane oluruq.  Biz qarşılaşdığmız bu haqsızlıqlarla bağlı müvafiq qurumlara dəfələrlə şikayət məktubu yazdıq. “Qaçqınkom”un departament direktoru Elman İsmayılov, direktor müavini Əhliman Adıgözəlov bizə cavablarında bildirdilər ki, guya biz 5 nəfər ailə bir təsərrüfat aparırıq buna görə də ev verilərkən bizə 3 otaqlı mənzil təklif olunmuş və biz də bundan imtina etmişik.
 
Hörmətli cənab prezident!
İnternat məktəbinin hərəmiz bir otağında məskunlaşmışıq. Mənzil verilərkən qardaşım Gülmalıyev Camala 6 nəfər ailə üzvü olduğu üçün 3 otaqlı, qardaşım Gülmalıyev Allahverdiyə 3 nəfər ailə üzvü olduğu üçün 2 otaqlı və bacım Zibər Allahverdiyevaya 4 nəfər ailə üzvü olduğu üçün 3 otaqlı mənzil verildi. İndi bu boyda internat məktəbində bizim iki ailə, qardaşım Abbas Gülmalıyevlə mənim ailəm yaşayır.
Sizin bizə verdiyiniz mənzilləri bizim əlimizdən alıb adlarını çəkdiyim şəxslərə Abbasova Təranə, Abışov Mayıl, Abışov İsmayıl, Abışov Elşənə veriblər. Bu şəhərciyə Mingəçevir şəhərində yaşamayan məcburi köçkün ailələrini yerləşdirdilər. Biz isə qıraqda qaldıq. Bu saxtakarlıqları edənlər isə Elman İsmayılov, Hüseyn Yusifov, Şakir Fərzəliyev və Rəsul Paşayevdir.
Əlbəttə, bizə təklif olunan mənzil 5 nəfər ailənin yaşaması üçün olduqca kiçikdir. Həm də biz iki təsərrüfat aparmışıq, ayrılıqda iki ailəyik. Bunun üçün bizə iki ayrı mənzil verilməliydi. Lakin bizi bir təsərrüfat kimi nəzərə alan məmurlar bu məsələni öz şəxsi mənafeləri naminə ört-basdır edir. Bununla bağlı biz Mingəçevir şəhər icra başçısı Niyazı Bayramovun da qəbulunda olmaq istəmişik, hətta bizi qəbul etməsi barədə 13.06.2015-ci il tarixdən teleqramlar da göndərmişik. Lakin icra başçısı nə bizi qəbul edir, nə də qarşılaşdığımız bu haqsızlığa heç bir reaksiya vermək istəmir.
Hörmətli cənab prezident!
Sizdən xahişim odur ki, baş vermiş hadisənin araşdırılması üçün və biz iki ailənin mənzillə təmin olunması üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz.
Öncədən sizə özüm və ailəm adından minnətdarlıq edirəm.
Hörmətlə; Mingəçevir şəhər internat məktəbində müvəqqəti məskunlaşmış Laçın rayon Çorman kənd sakini Gülmalıyev Novruz Əvəz oğlu.
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
Mövzu diqqətimizdədir.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …