Ana səhifə / Sosial / Qəsəbə sakinlərinə belə yarıtmaz bələdiyyə və icra hakimiyyəti lazım deyil! – Rufik İsmayılov

Qəsəbə sakinlərinə belə yarıtmaz bələdiyyə və icra hakimiyyəti lazım deyil! – Rufik İsmayılov

Dünən Abşeron rayonu Mehdiabad qəsəbəsində bələdiyyə və icra hakimiyyəti tərəfindən məişət tullantılarının düzgün idarə olunmaması, məhələlərarası ərazilərdə zibil qalaqlarının yaranması, natəmizlik, antisanitariya barədə status yazaraq fotolar paylaşmışdım. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytındakı “Eko-radar” bölməsinə də bu vəziyyətlə bağlı müraciət etmişdim.

Ayıbları üzə çıxıb ictimailəşən kimi dərhal icrabaşının və bələdiyyələrin trolları statusun altına tökülüşüb sözügedən ərazinin dərhal təmizləndiyini bildirdilər, antisanitar vəziyyətin yaranmasında vətəndaşları günahlandırdılar. Bələdiyyə nümayəndəsi, onun qohumatı statusa yazdıqları rəylərdə qəsəbə sakinlərini gah tərbiyəsiz, gah da mədəniyyətsiz adlandırıb özlərində zərrə qədər də olsun günah görmədilər, məsuliyyət hissi duymadılar. Hətta tezbazar ərazidən başqa bir yöndən şəkil çəkib statusun altında paylaşaraq ətrafın tamamilə zibildən təmizləndiyini iddia etdilər. Bunu onların səmimi davranışı hesab edib minnətdarlığımı bildirdim. Lakin bu gün səhər saat 10:00-da həmin ərazini gəzəndə dünənki “mənzərənin” eynisi ilə rastlaşdım. Düzdür, zibillər nisbətən təmizlənmişdi, amma divarboyu atılan kəsilmiş ağaclar, hasarboyu səpələnən zibillər olduğu kimi qalırdı. Zibil qutularının olmaması səbəbindən yenidən ərazi zibillənirdi. Yenə qeyd edirəm ki, bu vəziyyətin yaranmasına səbəb bələdiyyə və icra hakimiyyətinin məişət tullantılarını idarə etmək baxımından düzgün qura bilməməsidir. Biz qəsəbə sakinlərinə belə yarıtmaz (əvvəllər olduğu kimi) bələdiyyə və icra hakimiyyəti lazım deyil!!!

Rufik İsmayılov, jurnalist

Azinforum.az

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …