Şənbə , Mart 2 2024
Ana səhifə / Sosial / Qəzada xəsarət alan dənizçi “Palmali Shipping”dən şikayətçidir

Qəzada xəsarət alan dənizçi “Palmali Shipping”dən şikayətçidir

Nəsimi Şükürov sağlamlığını itirdiyinə görə təzminat tələb edir

Dənizçi Nəsimi Şükürov iş adamı Mübariz Mənsimovun rəhbərlik etdiyi “Palmali Shipping” şirkətindən şikayətçidir.

O, Meydan TV-yə deyir ki, 2023-cü ildə şirkətə məxsus “Şəhid Adil İbrahimli” adlı tanker gəmisində istehsalatda ciddi zədə alıb.

Ötən il oktyabrın 27-də gəmidə baş verən qəza nəticəsində 82°C hərarətində olan kimyəvi yuyucu maddə üstünə tökülüb.

Nəticədə onun bədəninin aşağı hissəsi və qolları yanıb.

İzmail şəhərindəki (Odessa,Ukrayna) xəstəxanalardan birinə çatdırılan Nəsimi Şükürov orada 20 gün müalicə olunub.

Şikayətçinin sözlərinə görə, xəstəxanadakı antisanitar şərait onun orqanizmini başqa xəstəliklərə yoluxdurub:

Oktyabrın 27-dən noyabrın 16-dək İzmail xəstəxanasında müalicə olundum. Qəbul etdiyim preparatların ağırlığı və xəstəxananın antisanitar vəziyyəti məndə digər xəstəliklərin yaranmasına səbəb oldu. Müalicə mədəmin qanaxması (çatların meydana gəlməsi) və onikibarmaq bağırsağın xorasına gətirib çıxardı. Bakıda müayinələrdən keçən zaman isə məndə “Hepatit A” aşkarlandı”.

Onun dediyinə görə, iş qəzası nəticəsində yaranan sağlamlıq problemlərinin həlli üçün indiyədək 1570 manat xərcləyib.

Sağlamlığını və iş qabiliyyətini itirdiyi halda isə “Palmali” şirkəti ona 2500 manat təklif edib.

Başqa şirkətlər Ukraynaya gedən dənizçilərə həyati təhlükəsi olduğuna görə təzminat ödəyirlər. Mən isə faktiki iş qəzası kecirmişəm, hər gün həyacan siqnalı çalınan İzmail şəhərində iyirmi gün xəstə yatmışam, bunlar isə mənə heç nə etmək istəmirlər”, – Nəsimi Şükürov deyir.

“Palmali”nin Bakı nümayəndəsi Balaş Abuzərov şirkətin Azərbaycanda fəaliyyətini dayandırdığını deyib.

O bildirib ki, məsələ ilə əlaqədar “Palmali”nin Türkiyə ofisi ilə əlaqə saxlanılmalıdır.

Şirkətin mətbuat sözçüsü Fidan Quliyeva isə Meydan TV-nin zənglərini cavablandırmayıb.

“Azərbaycan Dənizçilər” İctimai Birliyinin sədri İlham Nəsirov Meydan TV-yə bildirib ki, zərərçəkən məsələ ilə əlaqədar Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasına (ITF) və Türkiyə hökumətinə müraciət etməlidir:

Qəza Azərbaycanda baş verməyib, beynəlxalq sularda olub. “Palmali” də yerli şirkət deyil, Türkiyənin qeydiyyatındadır. Tövsiyəm budur ki, zərəçəkən Dövlət Dəniz və Liman Agentliyinə müraciət etsin. Agentlik də məsələ ilə əlaqədar Türkiyə dövlətinə müraciət etsin. Qanunla vətəndaşa təzminat ödənilməlidir. Altı aylıq maaş və sağlamlığını bərpa edənə qədər hər ay stabil olaraq 600 dollar verilməlidir”.

Həmçinin oxuyun

Elza dəmir yığaraq 4 uşağı ilə dolanmağa çalışır

Elza Məmmədova 1 ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Balaxanının qazı olmayan, şəraitsiz məhəlləsində yaşayan …