Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Qətərə qoşun göndərməsi Türkiyəyə nə vəd edir… – ŞƏRH

Qətərə qoşun göndərməsi Türkiyəyə nə vəd edir… – ŞƏRH

Türkiyə Böyük Millət Məclisinin Qətər hökumətinə dəstək üçün bu ölkəyə türk ordusunun yeridilməsi ilə bağlı qəbul etdiyi qərar ciddi müzakirələrə səbəb olub. Qardaş ölkənin bu qərarla böyük bir risk alacağı, Qərb dövlətlərini, eləcə də Səudiyyə Ərəbistanı başda olmaqla, ərəb dünyasını qarşısına ala biləcəyi ilə bağlı fikirlər səslənir.

Doğrudur, bu məsələdə rəsmi Ankara tək deyil. Belə ki, artıq Pakistan hökuməti də 20 min hərbiçidən ibarət qüvvəni Qətərə göndərəcəyini bəyan edib. Amma Türkiyə üçün daha çox risk olacağı önə çəkilməklə yanaşı, Pakistanın verdiyi qərarı icra edə bilməmə ehtimalları da var. Çünki rəsmi Ankaranın hazırda Amerika başda olmaqla, Qərb dövlətləri ilə əlaqələrində soyuqluq olsa da, Pakistanın Qərb dünyası, xüsusilə ABŞ-la münasibətləri ən yüksək səviyyədədir. Səudiyyə Ərəbistanı-Qətər qarşıdurmasında ABŞ-ın Səudiyyə hökumətinin yanında olması heç kəsə sirr deyil. Birləşmiş Ştatların hər vəchlə Qətərə dəstək üçün gedəcək hərbi qüvvələrə mane olmağa çalışacağı göz önündədir. Bu baxımdan, qardaş ölkənin alacağı riskin böyük olduğu vurğulanır.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Türkiyənin bu qərarının ciddi təhlükələr yarada biləcəyini qeyd etdi: “Sanki Türkiyənin siyasi elitası Suriyada başına gələnlərdən düzgün nəticələr çıxarmayıb. Suriyada əvvəl hadisələrin əsas fiqurlarından biri olan qardaş ölkə sonradan elə bir vəziyyətə düşdü ki, o vəziyyət ölkəni ciddi təhlükələr və təhdidlər altında qoydu. Atatürk daim deyirdi ki, cahanda sülh, ölkədə sülh əsas mərkəzi xətt olmalıdır. Uzun müddət ölkə bu siyasətə əməl etməklə yaxın qonşularla münasibətləri qaydaya salmış, ölkənin iqtisadi inkişafına nail olmuşdu. Ərdoğan isə qeyd edir ki, bu müdafiə taktikasıdır, müdafiə taktikasından hücum taktikasına keçmək dövlətə daha çox xeyir gətirir. Amma Türkiyənin resursları fövqəldövlət gücü deyil. Ərəb ölkələrinin Türkiyəyə münasibətləri də birmənalı deyil. Düzdür, Səudiyyə hökuməti ilə münasibətlər qaydasındadır, amma Dohaya qoşun yeritməklə bu ərəb ölkəsi ilə münasibətlər gərginləşə bilər. Onsuz da Qətərin taleyi müəyyən edilib. Burada geosiyasi baxımdan çox ciddi məsələlərin həlli nəzərdə tutulur. Əminəm ki, Qətərin blokadası daha da dərinləşdiriləcək, bu ölkədə siyasi rejim dəyişikliyi baş verəcək. Onu deyə bilmərəm ki, Türkiyə o vaxta qədər Qətərə qoşun yeridəcək ya yox. Çox istərdim ki, qardaş ölkə risklər altında qalmasın. Bu, Amerika və onun müttəfiqlərinə, eləcə də ərəb ölkələrinə qarşı riskli addımdır”.

Politoloq Türkiyənin qəbul etdiyi qərarı icra etməmə ehtimallarının olduğunu da qeyd etdi: “Pakistan da belə bir qərar qəbul edib. Amma qərarı həyata keçirə biləcəyini düşünmürəm. Türkiyənin bu imkanının olub-olmayacağını deyə bilmərəm. Çünki Dohanın 40 kilometrliyində Amerikanın çox güclü hərbi bazası var. Həm də bu hərbi baza Yaxın Şərqdəki Amerikanın hərbi bazalarına rəhbərlik etmək və göstərişlər vermək üçün nəzərdə tutulub. Fars körfəzi və onun yaxınlığında ABŞ gəmilərinin sayı durmadan artır. ABŞ rəhbərinin Doha əmiri ilə telefon danışığının baş tutmaması Amerika və Səudiyyə hökumətini xeyli qəzəbləndirib. Çevrilişlə atasını həbsə atıb hakimiyyətə gələn kralın dünyada və ərəb ölkələri arasında ciddi bir potensialı yoxdur. Onu son dərəcə proqnoza yatmayan bir şəxs kimi tanıyırlar. Bu gənc əmirin siyasi taleyinin artıq müəyyən edildiyini söyləmək mümkündür. Qurudan yalnız Səudiyyə Ərəbistanına şosse yolu ilə çıxışı olan Qətərin dəniz əlaqələri də tamam kəsilib. Təyyarələrlə bağlı da qərarların qəbul ediləcəyi qənaətindəyəm. Nəticədə ölkə tamam blokada vəziyyətinə düşəcək. Ölkədə istənilən siyasi ssenarini həyata keçirmək çox asanlıqla baş verəcək. Heç kəsin ağlına gəlməzdi ki, Qətərdə belə bir hadisə baş verəcək. Amma Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı istehza ilə verdiyi bəyanat, nümayişkaranə şəkildə İran rəhbəri ilə telefon danışığı aparması belə bir qarşıdurmanın yaranmasına gətirib çıxardı. Bu qarşıdurma ciddiləşib, ciddiləşməkdə də davam edir. Nəticəsi burada rejim dəyişikliyi ilə başa çata bilər. Səudiyyə Ərəbistanına yaxın bir şəxsin Qətərdə hakimiyyətə gətirilmə ehtimalları kifayət qədər yüksəkdir. Qeyd edim ki, indiki əmirin hakimiyyətə gətirilməsində Səudiyyə hökumətinin müəyyən qədər rolu olmuş, indiki əmirin atasını devirib yerinə özünü gətirmişdilər. Göründüyü kimi, oturuşmuş hakimiyyət strukturları formalaşmayıb, hələ ki bunun olmadığını da deyə bilərik. Ölkələrin monarxiya qaydasında idarə edilməsi, xalq iradəsinin nəzərə alınmaması bu cür düşünülməmiş siyasətlərin meydana çıxmasına imkan verir. Bu siyasətlər də xalq üçün arzuolunmaz nəticələrə gətirib çıxarır. Burada ən çox məni narahat edən Türkiyənin mövqeyidir. Qardaş ölkə bütün ərəb dünyası ilə düşmən vəziyyətinə düşə bilər. Bunların içərisində ən təhlükəlisi Səudiyyə Ərəbistanı və Misirdir. Türkiyənin özünün daxilində, eləcə də sərhədlərində ciddi problemlərin olduğu bir vaxtda ondan uzaqda olan Qətərdə özünə əlavə problemlər yaratması doğrudan ürəkağrıdıcıdır. Qardaş ölkənin düşünüb-daşınıb düzgün qərar verəcəyinə inanmaqdayam”. (Musavat.com)

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …

Bir cavab yazın