Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Putindən onları istəyirlər: Vahid Ələkbərov və ortağı Mənsimovu…

Putindən onları istəyirlər: Vahid Ələkbərov və ortağı Mənsimovu…

Kreml daha iki azərbaycanlı milyarderlərlə haqq-hesab çəkir; Türkiyə qəzeti yazır ki, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun Rusiya hakimiyyəti ilə problemləri ciddiləşib, biznesi çökdürülür; İddialar var ki, iş adamının “krışası” Kremldə düşmənləri boy göstərən “LUKoyl” prezidenti Vahid Ələkbərovdur; həm Ələkbərovun, həm Mənsimovun sıxışdırılmasının səbəbləri sırasında İrana qoyulan sanksiyaların götürülməsi də var…

 
Türkiyədə yaşayan azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun Rusiya hakimiyyəti ilə problemləri getdikcə ciddiləşir. Belə məlum olur ki, bir neçə gün əvvəl Rusiyanın “Novaya qazeta” nəşrində Mənsimovun şirkətinin İŞİD-ə aid nefti daşımaqla məşğul olduğuna dair yer alan iddialar Kremlin milyarderlə bağlı ciddi planlarının tərkib hissəsidir. 
Türkiyədə nəşr edilən “Sözçü” qəzeti Mənsimovun Rusiya prezidenti Vladimir Putinlə aralarının pozulduğu, bu üzdən biznesinin çökməyə başladığı haqda sensasion məqalə ilə çıxış edib. Qəzet “Palmali” Şirkətlər Qrupuna yaxın çevrələrə istinadən iddia edir ki, Rusiya və Azərbaycan neftinin daşınması ilə məşğul olan Mənsimovun maliyyə durumu hazırda ciddi şəkildə pisləşib. Oliqarx hətta “Palmali Havaçılık” şirkətinin qeydiyyatında olan biznes-jetlərini satışa çıxarıb və iki təyyarəni artıq satıb. Biznes-aviasiya xidmətləri göstərən bu şirkətin anqarında 5 təyyarə var. Təyyarələrdən qiymət qoyulmadan internet üzərindən satışa çıxarılan ikisi –  “Falcon 2000S” 25 milyon dollara, “Falcon F7″ isə təxminən 50 milyon dollara başa gəlib.
Qəzetin yazdığına görə, üzləşdiyi maliyyə sıxıntıları nəticəsində Mənsimov Bodrumun Gökçebel kəndi yaxınlığındakı “Cennet köyü” adlanan ərazini almaqdan da imtina edib.(virtualaz.org). 
Azərbaycanlı oliqarxın Rusiya elitası ilə yaxın münasibətləri çoxdan məlumdur, ancaq onun Putinlə münasibətlərinin niyə korlandığı haqda heç nə deyilmir. Mənsimovun Kremlin hədəfinə  niyə gəldiyi barədə müxtəlif versiyalar irəli sürmək olar. Məsələn, “AST” Şirkətlər Qrupunun prezidenti Telman İsmayılovun Rusiyadan didərgin salınmasının səbəbini hansısa əyləncə mərkəzində Putin haqqında xoşagəlməz sözlər söyləməsi ilə izah edirlər. Putin bu kimi “oşibka”ları bağışlamır. Üstəlik, Rusiyada hakimiyyət – oliqarxiya münasibətlərinin daha bir  özünəməxsusluğu var. Hakimiyyət oliqarxların qazandığı pullardan Rusiya dövlətinə və əhaliyə də nəsə xərclədir, bəzi iri sosial proyektləri hətta onların büdcəsinə “yükləyir”.  Putinin adamları Telman İsmayılova da “cəza kimi” bu tipli bir neçə proyekt təklif etsələr də, oliqarx razılaşmamışdı və  bu səbəbdən birdəfəlik biznes-elitadan silindi, müflis oldu…
 “Palmali” Rusiyanın  “LUKoyl” və “Rosneft” neft şirkətləri ilə uzun illərdir ki, əməkdaşlıq edir. Rusiyanın “LUKoyl” şirkəti ilə müqavilə 1998-ci ildə imzalanıb. Məlumatlara görə, Mənsimovun iş həyatındakı uğurlarında “LUKoyl” şirkəti ilə imzalanan müqavilənin rolu böyük olub. Belə ki, “LUKoyl”la 1998-ci ildə müqavilə imzalanarkən Mənsimovun Vahid Ələkbərovla həmyerli olmasından savayı, digər bazar iştirakçılarından heç bir üstünlüyü olmayıb. İlkin dövrdə “Palmali” “LUKoyl”un neftini Həştərxandan Xəzər vasitəsilə İrana çatdırırdı. Bu neft daxili ehtiyaclar üçün istifadə edilirdi. İran körfəzinin cənub limanlarından alınan yerli yanacaq isə “LUKoyl”un qərbli alıcılarına göndərilirdi. İlkin dövrlərdə “Palmali”yə məxsus gəmilər ayda 300 min ton neft daşıyırdı. Amma tezliklə Mənsimov dəniz daşımalarını genişləndirdi. 2003-cü ildə “Palmali” donanması artıq 45 gəmidən ibarət idi.  2006-cı ilin aprelində “Palmali” “LUKoyl”dan 270 mln. dollara buzqıran tipli 10 tanker aldı.
Hazırda bu tankerlər Baltik dənizində hərəkət edirlər. Bu gün “Palmali”nin donanmasında 20-dən çox tanker var. Aydındır ki, biznes imkanları genişləndikcə Mənsimovun “LUKoil” prezidenti, bakılı milyarder Vahid Ələkbərovla münasibətləri daha da möhkəmlənib və Ələkbərovun biznes şərikinə çevrilib. Bir neçə il əvvəl “LUKoyl” şirkəti Xəzərin şimalında dəniz karbohidrogen yatağının obyektlərinin işlənilməsi üçün yük keçid kranına malik nəqliyyat-quraşdırma barjının layihəsinin hazırlanması və inşası üzrə tender elan etmişdi. Tenderi  “Palmali” şirkəti qazandı və bu o zaman Rusiyanın biznes elitasında “yerliçilik” kimi ciddi əks-reaksiya doğurdu. Doğrudur, Mənsimov müsahibələrinin birində deyib ki,  V.Ələkbərovla  yalnız “LUKoyl”la işləməyə başlayandan üç il sonra tanış olub:  “Yerli kimi onunla fəxr edirəm, amma heç vaxt ondan heç nə xahiş etməmişəm”. Bununla belə,  iddialar  var ki, Rusiyada Mənsimova ən yaxın iş adamı və “krışası”  məhz Vahid Ələkbərovdur.
Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən “LUKoyl” da ciddi maliyyə sıxıntıları yaşayır. Rusiyada prezident Vladimir Putinin yaxın  dostlarının çevrəsinə daxil olan  Kremlin “boz kardinalı” hesab edilən “Rosneft” prezidenti İqor Seçinlə  Vahid Ələkbərovun münasibətləri son aylar daha da gərginləşib. Məsələ bundadır ki,  Seçinin işləri son vaxtlar düz getmir. Kremlin “boz kardinalı” Şərqi-Taymır neft yataqları uğrunda mübarizəni Ələkbərova uduzub. “Rosneft” Ələkbərovun şirkətini bu yataqlara buraxmaq istəmir. Ancaq “LUKoyl” yataqlarda işləmək üçün lisenziya alıb və “Rosneft” lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edib.  Yarım ay əvvəl həbs edilən Kominin qubernatoru Vahid Ələkbərovun himayəsində olan adam kimi tanınırdı. V. Ələkbərovun şirkəti Kominin zəngin neft yataqlarına investisiya yatırmağa hazırlaşırdı ki, qubernator həbs edildi. Rusiya mətbuatı yazır ki, bu həbslərin əsl səbəbi Seçinin  azərbaycanlı maqnatla çəkişməsidir.
Qeyd edək ki, V.Ələkbərovun Kremldə də mövqelərinin zəiflədiyi barədə xəbərlər intensivləşib. O, son vaxtlar Putinlə Kremldə tez-tez görüşür ki, bu görüşlərin səbəbləri mediaya məlum deyil. Son belə görüş isə oktyabrın 1-də baş tutub.  İddialar var ki, Putinin yaxın ətrafı V.Ələkbərovun işdən uzaqlaşdırılmasını istəyir. Həm Ələkbərovun, həm Mənsimovun sıxışdırılmasının səbəbləri sırasında İrana qoyulan sanksiyaların götürülməsi də var. Çünki enerji bazarına İran kimi zəngin ölkə gəlirsə, bu, neft daşımaçılığından tutmuş, bütün iqtisadi sferalarda hədsiz pul qazanmaq imkanları yaradacaq. Bu vəziyyətdə isə biznes elitasında gizli müharibələr daha da artacaq. Vahid Ələkbərovun və  ona yaxın Mənsimovun “vurulması” bu savaşın ilk işartılarıdır.
Görünür, son illər rus şovinizminə daha çox yuvarlanmış Rusiya bunu biznesdə də sınayır.
“Yeni Müsavat”

 

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın