Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Putin Sərkisyanı Soçiyə niyə çağırdı – erməni prezident əfv diləməyə gedib, yoxsa…

Putin Sərkisyanı Soçiyə niyə çağırdı – erməni prezident əfv diləməyə gedib, yoxsa…

…Soçi görüşünün keçirildiyi gün Naxçıvan səmasına SU-25 hücum təyyarələrinin qalxması düşmənə və havadarına mesajdır; politoloq: “Sərkisyan Putinin nəsihətlərini dinləmək və onları yerinə yetirmək məcburiyyətindədir”

Ermənistan prezidenti Serj Sərkisyanın Rusiya prezidenti Vladimir Putinlə avqustun 23-də axşam saatlarında keçirdiyi görüşün detalları çox güman ki, ictimaiyyət üçün qapalı qalacaq. Ermənistan prezidentinin mətbuat xidməti xəbər yaymışdı ki, görüşdə ikitərəfli əməkdaşlığın əsas məsələlərindən, siyasi, iqtisadi, humanitar, mədəniyyət sahəsindəki əməkdaşlıqdan və digər məsələlərdən bəhs olunacaq.

Eyni zamanda Putin-Sərkisyan görüşündə Avrasiya İqtisadi Birliyi və KTMT çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi də anons edilmişdi. Həmçinin tərəflərin regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolları ətrafında da fikir mübadiləsi aparacaqları vurğulanmışdı. Ancaq şübhəsiz ki, S.Sərkisyan onu daha çox narahat edən məsələlərlə bağlı Rusiya prezidentindən dəstək istəyəcək.

Son zamanlar Ermənistanın NATO və Avropa Birliyi ilə əməkdaşlığı genişləndirməklə bağlı, hətta konkret addımlar atmağa hazırlaşması istiqamətində müzakirələr gedir. Təbii ki, bu proses Rusiyada da diqqətlə izlənilir və S.Sərkisyan buna görə Putinə izahat verməli olacaq. Əslində Sərkisyanın satqın olması Rusiya lideri üçün yenilik deyil. 2016-cı ilin aprel döyüşlərindən sonra Almaniyaya səfər edən Serjik alman kansler xanım Merkellə görüşdən sonra açıq şəkildə Rusiyadan şikayətlənmişdi, özünə yeni hami axtarışında olduğunu nümayiş etdirmişdi. Həmçinin ötən il Ermənistanda Rusiyaya qarşı etiraz aksiyalarının arxasında da S.Sərkisyan hakimiyyətinin dayandığını Moskvada yaxşı bilirlər. Belə bir vəziyyətdə S.Sərkisyanın 2018-ci ildə prezident kürsüsünü baş nazirliyə dəyişmək cəhdinin uğurla başa çatacağını demək çətindir. Bu arada Ermənistanda səslənən fikirlər də diqqət çəkir. Ermənistan Politoloqlar Şurasının sədri Amayak Ovannisyan Sərkisyanı Yeltsin nümunəsini izləməyə və hakimiyyətdən getməyə çağırıb (axar.az) “Mən xristianam və həqiqətən Sərkisyana görə narahatam. Yeltsin nümunəsini izləyərək hakimiyyətdən getməlidir. Bütün qəlbimlə istəyirəm ki, o, sülh və qan tökülmədən özünün hakimiyyət müddətini başa vursun”, – Ovannisyan bildirib.

Erməni politoloq Serj Sərkisyanın apreldə hakimiyyətdən getməyəcəyi halda bunun ciddi fəsadlarının olacağını açıqlayıb: “Bu, cəmiyyətə siqnaldır. Əgər erməni xalqı mövcud olmamaq fikrini qəbul edirsə, onda Sərkisyan qalacaq. Əgər erməni xalqı meşələrin yanmasını, Sevan (Göyçə) gölünün qurumasını istəyirsə, qoy qalsın Sərkisyan. Əgər erməni xalqı balinalar kimi intihar etmək üçün quruya çıxmağı seçirsə, qoy qalsın Sərkisyan. Sərkisyanın qalmasının qiymətini Moskva yaxşı bilir. Onlar hələ 3 sentyabrda razılaşmışdılar”

Belə bir şəraitdə tamamilə mümkündür ki, Sərkisyan Putindən əfv diləmək üçün Soçiyə gedib. Kremli şantaj etməyi çox yaxşı bacaran Ermənistan rəhbərliyi çox güman ki, bu dəfə də Rusiyadan nələrsə qopartmağın müqabilində Avropa Birliyi və NATO ilə əməkdaşlığı arxivə atsın.

Bir məqamı da qeyd edək: Putinin Azərbaycan prezidenti ilə görüşü də Soçidə baş tutmuşdu və bundan sonra Ermənistan cəmiyyətində ciddi narahatlıq baş qaldırmışdı. Bundan sonra Bakı ilə Moskva arasında Qarabağla bağlı ciddi anlaşmanın əldə olunduğu haqda da iddialar səslənirdi. Müşahidəçilər istisna etmir ki, Sərkisyanın səfəri həm də ermənilər arasındakı təşvişin aradan qaldırılmasına xidmət edə bilər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Soçi şəhəri Rusiya prezidenti Vladimir Putin üçün Kremldən sonra ikinci iqamətgaha çevrilib: “Putin yay aylarını Soçidəki iqamətgahında keçirir. Görünür, bu yolla həm dincəlir, həm də işlərinə ara vermir. O, Soçidə müxtəlif ölkələrin prezidentlərini və baş nazirlərini də qəbul edərək, onlarla fikir mübadiləsi aparır. Putin avqustun 3-də iki belə qonağını qəbul etdi. Onlardan biri Ermənistan prezidenti Serj Sərkisyan, digəri isə İsrailin baş naziri Benyamin Netanyahu oldu. Hər ikisi Putin üçün vacib həmsöhbət idi. Soçidə Netanyahu ilə Yaxın Şərqdəki son durum, İsrail hökumətinin Suriyada baş verənlərə münasibəti müzakirə edildisə, Sərkisyanla iqtisadi və hərbi əlaqələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusu müzakirə edildi”. Bu mənada E.Şahinoğlu hesab edir ki, Putinin Sərkisyanla görüşməsində qeyri-adi heç nə yoxdur: “Rusiya və Ermənistan strateji müttəfiqdirlər və deməli, bu iki ölkənin liderləri tez-tez görüşməlidirlər. Sadəcə, bu görüşlərdə Rusiya ağa, Ermənistan isə nökər rolunda çıxış edir. Sərkisyan Putinin nəsihətlərini dinləmək və onları yerinə yetirmək məcburiyyətindədir. Əks halda, ağa nökərini cəzalandıracaq, necə ki, 1999-cu ildə Ermənistan parlamenti silahlıların hücumuna məruz qaldı, parlamentin sədri və baş nazir qətlə yetirildilər. Bunun bir daha təkrarlana biləcəyini anlayan Serj Sərkisyan Putini qıcıqlandıracaq addım atmaz. Doğrudur, son zamanlar belə fikirlər yayılır ki, guya Putin erməni həmkarına təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcək. Ancaq bunu illərdir eşidirik və nə Putin Sərkisyanı doğru yola gətirir, nə də vəziyyət ölü nöqtədən tərpənir. Tam əksinə, Rusiya Xarici İşlər Nazirliyi son açıqlamaları ilə Azərbaycanı hədəf alıb. Rusiya XİN Kremldən gələn təlimatın əksinə heç zaman Azərbaycan əleyhinə siyasət apara bilməzdi”.

Politoloq qeyd etdi ki, Rusiya xarici işlər naziri Sergey Lavrov nə qədər ermənipərəst olsa da, Kremlin cızdığı çərçivədən kənara çıxa bilməz: “Buna görə də hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyadan olan gözləntilərimizi böyütməməliyik. Bunun əvəzinə bəzən Azərbaycan ictimaiyyətinə yanlış mesajlar ötürülür, nə bilim ”Kreml İrəvanı 5 rayonu boşaltmağa məcbur edəcək”, “Kreml İrəvanı Qərb və NATO ilə əməkdaşlığına görə cəzalandıracaq” və s. Hər dəfə bu cür açıqlamalar səsləndirilir, ardı isə gəlmir. Putin bir müddət əvvəl də azərbaycanlı həmkarı İlham Əliyevi də Soçidə qəbul etmişdi. Həmin görüşdən əvvəl də müəyyən optimist fikirlər irəli sürülürdü. Masa üzərində Qarabağla bağlı dəyişən bir şey yoxdur. Azərbaycan əvvəlkitək öz gücünə arxalanmalıdır. Mənə elə gəlir ki, rəsmi Bakının da Putin-Sərkisyan görüşündən elə bir gözləntisi yoxdur. Putinin erməni həmkarını cəzalandırmayacağını Bakı da bilir, sadəcə, bəzi hakimiyyət nümayəndələri hələ də düşünürlər ki, Rusiya Qarabağ məsələsini Azərbaycanın xeyrinə həll edəcək”.

Maraqlıdır ki, məhz Soçi görüşünün keçirildiyi gün Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsinin SU-25 hücum təyyarələri təlim uçuşları həyata keçirib. MN-dən verilən məlumata görə, SU-25 hücum təyyarələrinə texniki baxış keçirildikdən sonra uçuşlara icazə verilib. Təyyarələr Naxçıvan səmasında uğurlu uçuşlar həyata keçirib. Modernizə edilmiş SU-25 hücum təyyarəsi döyüş meydanında, istənilən hava şəraitində, gecə-gündüz quru qoşunlarının bilavasitə dəstəklənməsi və müxtəlif obyektlərin məhv edilməsi üçün təyin edilib. SU-25 hücum təyyarəsi döyüşdə sağqalma və yüksəkmüdafiəli sistemlərə malikdir. Əsas diqqət pilot kabinəsinin və yanacaq sisteminin təhlükəsizliyinə yönəldilib. Modernizə edilmiş SU-25 hücum təyyarəsinin güclü döyüş kompleksinə müxtəlif toplar, aviabombalar, “Hava-yer” idarəolunmayan, “Hava-hava” idarəolunan raketlər daxildir. Ümumilikdə təyyarəyə 32 növ silah quraşdırıla bilər. “Təlim uçuşlarının müvəffəqiyyətlə aparılması bir daha göstərdi ki, Əlahiddə Ümumqoşun Ordunun digər birləşmə, hissə və bölmələri kimi aviasiya eskadrilyası da istənilən döyüş tapşırığını uğurla və qətiyyətlə yerinə yetirməyə hazırdır”, – deyə məlumatda bildirilir.

Naxçıvandakı təlimlər haqqında erməni mətbuatının yazdıqlarından bəlli olur ki, işğalçı ölkədə narahatlıq var. İkinci Qarabağ müharibəsində Azərbaycanın Naxçıvan istiqamətindən Ermənistana sarsıdıcı zərbələr endirəcəyini də düşmən ölkədə yaxşı anlayırlar. Bu təlimlər Bakının Soçi görüşü günündə güc nümayişi ola bilərmi?

E.Şahinoğlu: “Bəli, bu da Ermənistana və deyərdim ki Rusiyaya mesajdır. Bunun özü də ondan xəbər verir ki, Bakının Soçi görüşündən gözləntisi yoxdur. Ancaq hərbi gücümüzə arxayın olmalı və işğalçıya qarşı hərbi təzyiqi artırmalıyıq. Bu mənada Naxçıvan da düşmənə qarşı tədricən hərbi təzyiqimizin tərkib hissəsinə çevrilir”.

Bu arada Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin Türkiyənin Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlamaq niyyətində olması barədə açıqlaması da Ermənistanda ciddi narahatlıq doğurub. Güman olunur ki, Sərkisyan Putinlə həm də bu mövzunu müzakirə etmək üçün Soçiyə yollanıb. Türkiyəli nazirin Azərbaycanda da birmənalı qarşılanmayan bu açıqlamasına müxtəlif şərhlər verilir. Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib «Trend»ə deyib ki, bəzən bu cür açıqlamalar ümumi siyasi nəbzi yoxlamaq üçün də verilir: “Ermənistanın xarici siyasəti o qədər bərbad gündədir ki, rəsmi İrəvan hər hansı bir açıqlama olar-olmaz, onu dərhal öz işğalçı məqsədləri üçün, öz mənafeyi baxımından yozmağa çalışır və artıq özünü şərt qoyan tərəf kimi görməyə başlayır. Birincisi, Avrasiya İqtisadi İttifaqı elə bir birlikdir ki, orada bütün şərtləri diktə edən hegemon mərkəz var. Əgər sabah kimsə Avrasiya İttifaqına qoşulacaqsa, bu zaman Ermənistanın rəyi belə soruşulmayacaq. İkincisi, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası olduğu halda, qondarma ”erməni soyqırımı” ilə Türkiyəni şantaj etdiyi halda iki ölkə arasında sərhədlərin açılması və ya Ermənistanın hər hansı bir şərt qoyması mümkünsüzdür.

Çünki ən yaxın siyasi tariximizin təcrübəsi onu göstərir ki, belə hallarla spekulyasiya etmək bir yerə qədərdir, ondan sonra mümkün olmur”. Millət vəkili bildirib ki, 2009-cu ildə də “sülh protokolları” məsələsi, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ortaya atılmışdı, amma göründüyü kimi, baş tutmadı: “Mən xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan və Türkiyə münasibətləri ”bir millət, iki dövlət” fəlsəfəsinə söykənir və Azərbaycan və Türkiyənin strateji maraqları son dərəcə üst-üstə düşür. Ona görə də istər hər hansı regional təşklilatlarla münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlarla münasibətlərdə Türkiyə ilə Azərbaycan öz fəaliyyətlərini koordinasiya edərək, hər iki dövlətin maraqları nöqteyi-nəzərindən çıxış edərək qərarlar qəbul edirlər. Düşünürəm ki, əgər gələcəkdə Türkiyənin Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlaması kimi bir məsələ həqiqətən də siyasi gündəmi məşğul edən ciddi bir məsələ kimi qoyulacaqsa, onda tarixi strateji müttəfiq olan iki qardaş ölkə mütləq bunu müzakirə edəcək və ortaq maraqlardan çıxış edəcək. Ona görə də Ermənistanın indiki bəyanatı siyasi manipulyasiyadan başqa bir şey deyil, yalnız və yalnız ermənilərin özlərinə təsəlli vermələri üçündür”.

Fakt budur ki, Ermənistan ağır durumda olmasına rəğmən Türkiyə ilə münasibətlərdə yumşalmanın olmasını istəmir. Səbəb bəllidir, hədəfdə Türkiyə torpaqlarıdır və erməni diasporu ac-yalavac xalqın başını ancaq belə xülyalarla qata bilər. Ona görə də türk dövlətləri ilə normal münasibət yaratmaq onlara heç cür sərf etmir. Heç Ermənistana ağalıq edən qüvvələrə də…

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın