Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “Putin Qarabağa görə Ermənistana təzyiq göstərir” – Tofiq Zülfüqarov

“Putin Qarabağa görə Ermənistana təzyiq göstərir” – Tofiq Zülfüqarov

“Rusiya prezidenti Vladimir Putinin nüfuzu ilə oynamaq, onu aldatmaq, qeyri-ciddi yanaşmaq, danışıqlardan boyun qaçırmaq Ermənistan rəhbərliyi üçün həddindən artıq qorxuludur”.

Bu fikirləri AzVision.az-a iyun 20-də Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair görüşünü şərh edən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Keçmiş nazir bildirib ki, münaqişənin həllinə dair vasitəçiliyin Vladimir Putin səviyyədə edilməsi olduqca əhəmiyyətli məsələdir: “Rusiya prezidenti Azərbaycan və Ermənistan prezidentləri ilə təkbətək görüşə vaxt sərf edir. Bu, onu göstərir ki, Rusiya bu məsələ ilə çox ciddi şəkildə məşğul olmaq niyyətindədir. Sankt-Peterburqda baş tutan görüş barədə açıqlamalar geniş deyil. Amma, hesab edirəm ki, görüş ancaq atəşkəs rejimini gücləndirmək və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişikin mandatını dəyişdirmək üçün təşkil edilməyib”.

T.Zülfüqarov hesab edir ki, münaqişənin həlli istiqamətində ciddi danışıqlar başlasa, Azərbaycan bu danışıqlara qatılacaq: “İnanıram ki, hansısa nəticələr əldə oluna bilər. Təbii ki, çox məsələlər Ermənistandan asılıdır. Yəni, onlar hər dəfə olduğu kimi yenə də real, substantiv danışıqlardan boyun qaçırmaq istəyə bilərlər. Rusiyanın ən yüksək səviyyədə vasitəçiliyə qatılmasından sonra Ermənistan real danışıqlardan qaçmaq istərsə, bu, həm Rusiyanın, həm də Putinin imicinə böyük zərbə olacaq. Rusiyaın vasitəçilik etməsi ciddi məsələdir. Ona görə də ümid edək ki, danışıqlar nəticə versin.

Eyni zamanda nəzərə almaq lazımdır ki, indi vəziyyət dəyişib. Aprel döyüşlərindən sonra hamıya bəlli oldu ki, güc nisbəti Azərbaycanın tərəfindədir. Bu, danışıqlar üçün ciddi amildir. Ermənistanın təhlükəsizliyini təmin edən ən böyük element Rusiyanın dəstəyidir. İndi bütün həmsədr dövlətlər Ermənistana deyirsə ki, hansısa addımlar atılmalıdır, bu ölkə hər iki reallığı nəzərə alaraq danışıqlardan boyun qaçıra bilməyəcək. Bu baxımdan ümid edirəm ki, hansısa nəticələr əldə oluna bilər”, – deyə T.Zülfüqarov vurğulayıb.

T.Zülfüqarov xatırladıb ki, Rusiyanın bölgədə böyük nüfuza malik olmasını ATƏT-in Minsk qrupuna həmsdər ölkələr də etiraf edirlər: “Bu yaxınlarda Almaniya kansleri Angela Merkel qeyd etdi ki, Rusiya bu məsələdə həlledici rol oynaya bilər. Həlledici məqam ondan ibarətdir ki, Ermənistanın təhlükəsizlik sisteminin böyük bir elementi Rusiyanın dəstəyidir. Əgər Rusiya Ermənistana hansısa məsələni məsləhət görürsə, bundan boyun qaçırmaq çətindir. Rusiya məsələyə çox yüksək səviyyədə qatılıb. Rusiya prezidenti Vladimir Putin bununla özü məşğul olursa, istər-istəməz öz nüfuzunu məsələnin həllinə yönəldir. Əsəs məsələ budur ki, Rusiya Qarabağa görə Ermənistana ciddi şəkildə təzyiq göstərir”.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın