Ana səhifə / Sosial / Putin İranı 20 milyon azərbaycanlı ilə niyə təhdid etdi… – şərhlər

Putin İranı 20 milyon azərbaycanlı ilə niyə təhdid etdi… – şərhlər

Rusiya prezidenti nə demək istəyir ; Ərəstun Oruclu: “Bu, təkcə Tehrana təhdid deyil, həm də…”; Rəşad Məcid: “Bəlkə … Cənubi Azərbaycana iddiairəli sürür?..”

Fransanın “Le Mond” qəzetinin baş redaktoru Silviya Kaufmanın “İran hücuma məruz qalarsa, Rusiyanın reaksiyası necə olacaq?” sualına cavabında Vladimir Putin maraqlı açıqlamalar verib.  
Rusiya prezidenti bildirib ki, Rusiya İrana hərbi müdaxilə və güc tətbiq edilməsinin qəti əleyhinədir və bunun üçün onun kifayət qədər tutarlı səbəbləri var. Onun sözlərinə görə, İranın, öz suverenliyini qorumaq üçün hər hansı bir hücuma məruz qaldığı halda nüvə silahından istifadəsi qəbul olunandır.
Ardınca Putin İranda yaşayan azərbaycanlılarla bağlı ilginc açıqlama verib. O, deyib: “İran əhalisinin əhəmiyyətli hissəsi etnik azərbaycanlılardır. Bu, təxminən 20 milyon nəfər edir. Sözsüz ki, İranda hər hansı münaqişə olsa bu, Azərbaycana böyük qaçqın kütləsinə səbəb ola bilər. Bizim Azərbaycanla keçmiş SSRİ respublikası kimi xüsusi əlaqələrimiz var. Bizdə,  Rusiyada 1 milyondan çox azərbaycanlı yaşayır. Sözsüz ki, bu, bizim üçün sosial-iqtisadi və siyasi cəhətdən mənfi nəticələrə gətirib çıxara bilər. Ona görə İrana hər hansı bir hücum olsa biz Rusiya olaraq İranı, azərbaycanlıları müdafiə edəcəyik”.
Rusiya prezidentinin fikirləri bu günlərdə sosial şəbəkələrdə və mətbuatda geniş müzakirə mövzusuna çevrilib. Qəfildən Putinin İran azərbaycanlıları, Cənubi Azərbaycanda yaşayan milyonlarla soydaşımızı xatırlatması şübhəsiz ki, səbəbsiz deyil. Düzdür, Putin onların sayını təqribən 10-15 milyon az göstərib. Amma hər halda, 20 milyon da kifayət qədər ciddi rəqəmdir və bununla Rusiya prezidentinin son zamanlar Qərblə anlaşan İranı açıq təhdid etdiyi şübhələri yaranır.
Bəzi iddialara görə, Putin paralel olaraq Avrointeqrasiya xəttinə üstünlük verən, Qərblə münasibətlərində pozitiv notların müşahidə olunduğu Azərbaycan dövlətinə də mesajlar verir. Bu cür iddia sahibləri vurğulayır ki, Putin bir tərəfdən İrandakı azərbaycanlıları, digər tərəfdən Rusiyada yaşayan soydaşlarımızı Bakıya xatırlatmaqla onu diplomatik dillə təhdid etmiş olub. Bununla o, şübhəsiz ki, azərbaycanlıların kütləvi axınına səbəb olacaq prosesləri başlatmağa qadir olduğunu nəzərə çatdırmaq istəyib. Lakin başqa cür düşünən, Rusiya liderinin bu açıqlamasının xoşməramlı olduğunu iddia edənlər də var. Onlar deyir ki, Putin İrandakı azərbaycanlılar faktorunu qabartmaqla, bu amilin əhəmiyyətini, eləcə də Azərbaycana olan xüsusi münasibətini vurğulayıb, proseslərə seyriçi qalmayacağını qarşı güclərə xatırladıb.
 
Mövzu ilə bağlı “525-ci qəzet”-in baş redaktoru Rəşad Məcid müəllif yazısında yazır: “Bu sözlər Rusiya prezidentinin dilindən təsadüfən çıxa bilməzdi. Bu fikirlər düşünülmüş, əvvəlcədən müzakirə olunmuş və məqsədli dövriyyəyə buraxılan, həm də altında çoxqatlı mənalar daşıyan, çoxşaxəli niyyətlər gizləyən siyasi məqsədin, planın yığcam, lakonik ifadəsi idi. Putinin bu fikirləri bir budaqda oturub, yüz budağı silkələməyə bənzəyirdi. Rusiya prezidenti Moskvadan Yaxın Şərqə, regiona qarşı yönələn köhnə və yeni siyasi niyyətlərin anonsunu verirdi. Həm də bu fikirlər İran məsələsində həmişə həssaslığı ilə seçilən Fransanın məşhur qəzetinin redaktoru vasitəsilə maraqlı dairələrə Rusiyanın mövqeyi barədə bəyanat təsiri bağışlayırdı”.
 
“Bəs, Putinin bu fikirləri – azərbaycanlılara bu canıyananlıq və sevgisi nəyə hesablanıb, arxasında hansı niyyətlər gizlənib?”-sualına R.Məcidin cavabı belədir: “İranda 20 milyondan çox azərbaycanlının yaşadığını biz daha çox qeyri-rəsmi bəyanatlarda, çıxışlarda, söhbətlərdə eşidirik. Son yüz ildə azərbaycanlıların bir arzusu da bu fikirlərin yüksək rəsmi tribunalardan səslənməsi, böyük dövlətlərin başçılarının dilindən eşidilməsi olub. Bu, azərbaycanlılar üçün həssas, incə bir məqamdır. Sovet ideologiyasının azərbaycanlıları ikiyə bölünmüş xalq kimi təqdim etməkdə, şübhəsiz ki, gizlin siyasi niyyətləri, uzaqgörən planları, böyük məqsədi var idi. Yoxsa bu nəhəng imperiya azərbaycanlıların dərdinə yanmırdı ki! SSRİ-nin varisi olan ölkənin rəhbəri kimi Putin də bu həssas məqamı – siyasəti bilməmiş deyil. İranda 20 milyon azərbaycanlı yaşayır! – bu fikirlər hansısa bir sıravi romantik azərbaycanlı vətənpərvərin yox, Rusiya prezidentinin dilindən çıxır! Təbii ki, Rusiya prezidenti söylədiyi fikirlərin normal münasibətlərdə olduğu qonşu İran rəsmilərinin ürəyindən olmayacağının fərqindədir. Amma yenə də deyir! Bu fikirlərdə İrana təhdid və qəzəbin, yumşaq desək, incikliyin əlamətlərini sezmək mümkündür”.
R.Məcid ardınca yazıb: “Bu düşüncələr istər-istəməz 1946-cı il hadisələrini yada salır. O zaman Stalin qəfildən Sovet qoşunlarını İrandan çıxarmış və Təbrizdə Pişəvərinin rəhbərliyilə qurulan Azərbaycan Demokratik Respublikası İran hərbi qüvvələrinin hücumuyla süquta uğramış, azərbaycanlı fəallar qanına qəltan edilmişdi. Çoxları bunu – Sovet qoşunlarının qəfildən Təbrizdən geri çağırılmasını Amerika prezidenti Trumenin Stalinə hədə-qorxu gəlməsilə (“Siz İrandan çıxmasanız, biz okeanı üzüb ora gələcəyik“) izah edirdi. Bəlkə Putin bu sensasion fikirlərilə yaxın tarixi, həmin hadisəni – Stalinin iradəsizliyini, Rusiyanın dəyişməyən arzularını həm İranın, həm iransevər Fransanın, həm də onun vasitəsiylə okeanın o tayındakı Amerika Birləşmiş Ştatlarının yadına salmaq istəyir? Bəlkə 1954-cü ildə Rusiyanın Ukraynaya bağışladığı Krımı geri aldığı kimi, 1946-cı ildə Stalinin iradəsizliyindən qoşunların geri çəkildiyi Cənubi Azərbaycana da oxşar iddiasını irəli sürür?..”
Bununla belə, baş redaktor əlavə edib ki, Putinin azərbaycanlı sevgisinin səmimiliyinə inanmaq çətindir:“Amma bəzi xalqların böyük dövlətlərin münaqişələrindən, müharibələrindən bəhrələndiyi hallar da olub. Necə ki, iki əsr əvvəl adıçəkilən dövlətlərin müharibəsinin nəticələrinin 100 il sonra ölkəmizin müstəqilliyinə gətirib çıxarmasına şahid olmuşuq. İrandakı azərbaycanlıların isə, indinin özündə belə, hansı milli haqq və hüquqlara sahib olduğu sirr deyil.
Böyük ambisiyalı dövlətlərin öz maraqları naminə, hansısa xalqa, müvəqqəti də olsa, xoş münasibət göstərməsi, sevgi, canıyananlıq imitasiyası sirr deyil. Hər halda, Rusiya prezidentinin dilindən belə fikrin dövriyyəyə buraxılması İrandakı 20 milyondan artıq azərbaycanlının həssas duyğularına təsirsiz ötüşməyə bilməz”.
“Şərq-Qərb” Araşdlrmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə Musavat.com-a bildirdi ki, Putinin fikirlərinin nəyə hesablandığını bilmək üçün tarixə baxmaq lazımdır: “Bizim üçün bunu etiraf etmək çətin olsa da, deməliyik ki, İranda, Cənubi Azərbaycanda inqilabları bir sıra hallarda Sovet İttifaqı stimullaşdırıb. Deyək ki, 40-cı illərdə baş verən inqilabi Sovet İttifaqı, Stalin dəstəkləmişdi. Bu da Rusiyanın xarici siyasətində, İran siyasətində ənənəvi üsullardan biridir. Əgər İranla maraqlar toqquşursa və yaxud yollar ayrılırsa, İrana təzyiq etmək üçün azərbaycanlılar amilindən istifadə edərək bu ölkənin daxilində destabilizasiya yaratmağa cəhd edirlər”.
Amma Ə.Oruclu hesab edir ki, Rusiyanın indiki vaxtda bunu edə biləcəyi inandırıcı görünmür: “Təbii ki, İranla aralarında ziddiyyət var. Bilirsiniz ki, Rusiya açıq şəkildə bəyan etdi ki, Suriyanı tərk edərkən bu addımını Əsəddən başqa heç kəslə razılaşdırmayıb. Yəni ola bilsin Kremlin bu bəyanatının arxasında belə bir eyham dururdu ki, biz Qərblə, ABŞ-la anlaşmamışıq. O ərəfədə Putin Obamaya zəng etmişdi, aralarında telefon danışığı olandan sonra atəşkəs elan olundu və onun ardınca Rusiya Suriyadan qoşunlarını çıxartmağa qərar verdiyini açıqladı. Faktiki olaraq Rusiya etibarsiz müttəfiq olduğunu bir daha sübut etdi, bu dəfə İranı zərbə altında qoyub Suriya prosesindən çıxdı. Çünki hələ 2014-cü ilin yayında Suriya ilə bağlı birgə İran-Rusiya anlaşması olmuşdu. İslam İnqilabı Keşikçiləri Korpusunun diviziya komandanı general Qasım Süleymani Moskvaya səfər etmişdi. Həmin səfər zamanı bir çox Rusiya rəsmiləri, o cümlədən prezident Putinlə görüşmüşdü. Rusiya indi İranı Suriyada tək qoyub çıxdı. Görünür aralarında ciddi ziddiyyət yaranıb”. Politoloqun fikrincə, artıq Rusiyanın onu Suriya prosesində tək buraxmasından sonra Tehranın əlində Qərblə anlaşma ilə bağlı bütün bəhanələr var”.
Ə.Oruclu güman etmir ki, Rusiyanın İrandakı azərbaycanlıları dəstəkləməsi soydaşlarımıza hansısa fayda vəd edə bilər: “Rusiya guya bununla azərbaycanlılara özünün dost mövqeyini ifadə etmək istəyir. Çünki hal-hazırda Azərbaycan yol ayrıcındadır və daha çox Qərbə meylli görünür.
Əslində isə bu, elə bizə qarşı da təhdiddir. Yəni Rusiya tərəfindən İranda Azərbaycan separatizminin bu və digər şəkildə indiki şəraitdə  gündəmə gətirilməsi, qaldırılması təkcə Tehrana təhdid deyil, həm də İranda yaşayan azərbaycanlılara, eyni zamanda Azərbaycan dövlətinə və xalqına də təhdiddir”. 

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın