Ana səhifə / Sosial / Putin devrilsə, Azərbaycanı nə gözləyir?

Putin devrilsə, Azərbaycanı nə gözləyir?

Qabil Hüseynli: “Putinin yerinə gələn şəxs…”

Qərb mətbuatı yenidən Rusiya prezidenti Vladimir Putinin devriləcəyi barədə sensasion məqalə dərc edib. ABŞ-ın “Forbes” jurnalı yazır ki, Putinin siyasətinin uğursuzluqları, iqtisadi siyasətin gətirdiyi fəlakət qorxusu, Krımın işğalı nəticəsində Rusiyanın üzləşdiyi embarqolar və itirdiyi milyardlar ölkənin gələcəyi ilə bağlı ümidsizlik yaradır. Məqalədə qeyd olunur ki, Putin hakimiyyətinin sonunun yaxınlaşdığını çoxları düşünür, amma nə vaxt reallaşacağı qaranlıq qalır.

Politoloq Qabil Hüseynli də bu qənaətdədir. O, jurnalın verdiyi məlumatı bölüşdüyünü söylədi: ““Forbes” jurnalındakı məlumatla tanışam. Putinin zərərinə işləyən amillər hansılardır? Ölkədə iqtisadiyyatın artmaq əvəzinə geriləməsi, sənayedə artımın müşahidə olunmaması və əksinə aşağı düşməsidir. Digər tərəfdən, Rusiyada iqtisadiyyatın geriləməsi rublun aşağı düşməsinə səbəb olub. Son günlərdə bir dollar 70 rubla qədər qalxıb. Bununla bərabər olaraq, ciddi inflyasiya prosesləri gedir. Rublun qiymətdən düşməsi gündəlik xarakter daşıyır. Son günlərdə isə rublun aşağı düşməsinə görə Mərkəzi Bank 10 milyard dollar pul ayırmışdı. Pullar xərcləndi, yenisi isə yoxdur. Bundan əlavə, Rusiya Qərbin ciddi sanksiyaları qarşısındadır. Bu hələ yeni mərhələdir. Sanksiyalar davam edəcək. Rusiya Çinlə 400 milyardlıq qaz müqaviləsi imzalayası idi. Lakin orada devalvasiya baş verdi və Çin iqtisadiyyatı da böhran yaşadı. Bu o deməkdir ki, müqavilənin bağlanacağı ehtimalı zəifdir. Rusiya hazırda iqtisadi və siyasi cəhətdən təcrid olunmuş vəziyyətdədir. Qonşu dövlətimizi neftini almamaqla hədələyirlər. Bu, Rusiyanın büdcəsinin 40%-ni təşkil edən xammaldan məhrum qalması deməkdir. Bunun sonu fəlakətlə nəticələnə bilər. Başqa bir səbəb də Rusiyanın beynəlxalq bank sistemindən uzaqlaşdırılması ehtimallarıdır. Bütün bunlar oliqarxlar arasında Putinə qarşı müxalifət formalaşdırıb. Siyasi elitanın özündə də Putinə qarşı bir soyuqluq yaranıb. Ona görə o, hamıya ehtiyatla yanaşır, ətrafındakı yaxın adamları tez-tez dəyişdirir. Ölkənin mətbuat orqanlarında da ona qarşı müxalif əhval-ruhiyyə formalaşır. Hələ ki birbaşa Putini hədəfə götürməsələr də, ətrafının hamısı hədəfə alınıb. Əhali arasında komandaya etimadsızlıq ruhu artır. Həqiqətlər üzə çıxır. Bu isə o deməkdir ki, inqilab əhval-ruhiyyəsi formalaşır”.

Politoloq Rusiyanın hərbi sənayesində də böhran yaşandığını qeyd etdi: “Rusiyanın əsas gəlirli sahəsi olan hərbi sənayesində də ciddi böhran yaşanır. Müdafiə naziri Putinə sadiq ola bilər. Amma orduda unutmayaq ki, başqa rütbəli şəxslər də var. Onlar da savadlı şəxslərdir. Bunların içərisində narazılıq sezilir. Rusiyanın Ukraynada məğlub olması xəbərləri yayılmaqdadır. Düzdür, Ukrayna sərhədinə 50 min qoşun yığılıb. Hərbi əməliyyatlar başlaya bilər. Amma Putin yaxşı bilir ki, hərbi əməliyyatlar başlayan kimi neftin alınması dayandırılacaq, ölkə bank sistemindən qovulacaq. Bu isə ölkədə siyasi böhran yarada bilər”.

Q.Hüseynli Putinin devrilməsinin Azərbaycan üçün ola biləcək nəticələrindən də danışdı: “Putinin devrilməsi öz-özünə baş verən proses deyil. Kənardan müdaxilələr sözsüz ki var. Bu prosesə indiyə qədər ABŞ ən azı 30 milyard pul xərcləyib. Bu pulları xərcləməkdə davam edəcək. Putinə qarşı olan beynəlxalq lobbiçilər də bu prosesin içindədirlər. İndiki beynəlxalq aləmdə gərginliyin səbəbini Putinin yeritdiyi siyasətdə görürəm. Onun hakimiyyətdən getməsi Azərbaycan üçün pis heç nə vəd etmir. Əgər Putinin yerinə gələn şəxs, ondan fərqli siyasət yeridəcəksə, postsovet ölkələrində yeni qurulan dövlətlərlə normal münasibətlər quracaqsa, onda Azərbaycan üçün daha yaxşı olacaq. Bundan sonra Azərbaycan torpaqlarını azad etmək üçün daha cəsarətli siyasət yürüdəcək. Yeni müttəfiqlər qazanmaq imkanı olacaq. Azərbaycan Rusiya ilə ehtiyatlı siyasət ucbatından xarici siyasətini realizə edə bilmir. Rusiyada baş verənlər bizi qorxutmamalıdır”.

 

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın