Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Prezidentlərin razılaşdırdıqları məqamlardan biri AÇIQLANDI

Prezidentlərin razılaşdırdıqları məqamlardan biri AÇIQLANDI

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə görüş keçiriblər. “Qafqazinfo” xəbər verir ki, görüşün yekunlarına dair yayılan birgə bəyanatda Vyana görüşü zaman əldə olunan və vəziyyətin sabitləşməsinə yönələn, sülh prosesinin irəliləməsinə təkan verən razılaşmanın əldə olunması təsdiqlənib.

Rusiya dövlət başçısı Vladimir Putinin təşəbbüsü ilə baş tutan görüş barədə cəmiyyətdə fərqli gözləntilər var idi. Bəziləri görüşün əvvəlki danışıqlardan heç bir fərqi olmadığını proqnozlaşdırsa da, bir qisim 7 rayonun qaytarılması məsələsinin aktuallığını da vurğulayırdı. Məlum oldu ki, bu görüş də prinsip etibarilə atəşkəs rejiminin davam etdirilməsi istiqamətində baş tutub.

“Qafqazinfo” millət vəkili Zahid Orucdan və siyasi şərhçi Şahin Cəfərlidən görüşə dair fikirlərini öyrənib.

Z. Oruc bildirib ki, Putin görüşlə bağlı başlıca niyyəti dördgünlük müharibədən sonra yaranmış şəraitdə Rusiyanın rolunu bir daha bəyan etmək idi:

“Bu da ondan ibarətdir ki, həmin əməliyyatlar başlanan və davam edən günlərdə Qərb dairələri də prosesə fəal şəkildə qoşulmağa çalışdılar. Sonradan Amerikanın təşəbbüsü ilə Vyana görüşü də baş tutdu. Moskva görəndə ki Avropa strukturları Qarabağ məsələsində fəal rol oynamağa çalışırlar. Bu zaman Rusiya rəhbərliyi qərar verdi ki, ATƏT-in Minsk qrupunu kənarda qoyan və onu yoxmuş vəziyyətinə salan addımlar atmaq lazımdır.

Əslində Amerika və Fransa həmsədrlərinin dünən Sankt- Peterburqda iştirakı xeyli formal xarakter daşıyır. Putin yəqin ki prezidentlərlə görüşündə öz mövqeyini çatdırdı. Məxfi qaydada da olsa Qarabağın həlli planını irəliyə sürdü. Buna heç şübhə etmirəm ki, ondan sonrakı zamanlarda Sankt- Peterburq danışıqları əsas baza prinsipləri kimi qəbul olunacaq.

Görüşdən həm də onu gözləmirdik ki, məsələ öz həllini tapacaq. Prinsipial mövqe ondan ibarətdir ki, Rusiyanın bu məsələdə həlledici rolu hər iki dövlət tərəfindən bir daha tanınır. Rusiya Qarabağ danışığı proseslərini ciddi bir şəkildə özünün inhisarına götürüb. Elə zənn edirəm ki, bu hazırkı şəraitdə Azərbaycanın ziyanına deyil. Azərbaycan-Rusiya münasibətləri ötən dövr ərzində heç zaman indiki qədər yaxşı olmayıb. Eyni zamanda Ermənistan-Rusiya münasibətləri də indiki qədər pis olmayıb. Bu Azərbaycan üçün müəyyən şanslar verir.

Prezident Sankt-Peterburqa yola düşməmişdən əvvəl 25 minlik ordu kontingentinin təlimləri ilə bağlı qərarlarını verib:

“Eyni zamanda Azərbaycan tərəfinin müharibə istəyi özünü açıq şəkildə göstərməkdə idi. 4 günlük müharibədən hərbi status-kvonun dəyişməsi artıq reallıq idi və bunun əks cəbhəsində isə vəziyyət dəyişmişdi. Sarkisyan Sankt-Peterburqa beş generalını qurban verməklə, cəmiyyətdəki xaosla gəlmiş oldu”.

Millət vəkili əlavə edib ki, Putinin irəliyə sürdüyü planı Qərb dairələri bundan sonrakı dövrdə maksimum dərəcədə əngəlləməyə çalışacaqlar: “ Əminəm ki Putinin təşəbbüsü ilə görüş sadəcə müharibədən daşınmaq, sülh mesajlarını vermək, ATƏT-in missiyasını genişləndirməklə bağlı deyildi. Bu onun prezidentlik dəsti- xəttinə uyğun deyil. Hesab edirəm ki,danışıqlar çox mühüm bir dövrdə keçirildi. Yaxın zamanlarda Amerikanın mövqeyini görəcəyik. Amma ən azı 8 il ərzində biz ABŞ prezidenti Barak Obamanın rəhbərliyi ilə bir dəfə də olsun Qarabağ məsələsi ilə bağlı görüş təşkil etdiyinin şahidi olmamışıq. Bu da təəssüf doğurur”.

Ş. Cəfərli isə görüşlə bağlı əvvəlcədən Azərbaycan cəmiyyətində elə də bir müsbət gözləntinin olmadığını diqqətə çatdırıb:

“Əgər görüşə hazırlıq prosesinə diqqət yetirsək görərik ki bu görüşdən ciddi nəticələr əldə olunmasını şərtləndirəcək hazırlıq prosesi getmirdi. Heç iki ölkə xarici işlər nazirləri arasında da prezidentlərin görüşündən əvvəl görüş keçirilmədi. Çünki prezidentlərin görüşündə hər hansı ciddi nəticənin əldə olunması üçün daha aşağı səviyyədə hazırlıq prosesi getməli idi, razılaşmalar hazırlanıb prezidentlərə təqdim olunmalıdır. Ancaq görüşdən əvvəl bu cür prosesin şahidi olmadıq. Həmsdərlərin hər iki ölkənin xarici işlər nazirləri ilə ayrılıqda görüşü keçirildi və bu görüş haqqında da yayılan məlumatlardan aydın olurdu ki, orada konkret münaqişənin həllinə yönələn hansısa ciddi təşəbbüsdən söhbət getmir.

Vyana görüşündən etibarən məlum oldu ki, həmsədr ölkələr üçün əsas prioritet məsələ atəşkəs rejiminin möhkəmləndirilməsi məsələsidir. Sankt-Peterburq görüşü ərəfəsində də bilavasitə münaqişənin həllinə yönəlik hansısa təşəbbüslərdən yox, məhz atəşkəs rejiminin qorunmasından və möhkəmləndirilməsindən söhbət gedirdi. Yayılan məlumatlardan da aydın olur ki, görüşdə bu məsələ müzakirə mövzusu olub. Danışıqlar prosesi konkret münaqişənin həlli prosesinə kimi gəlib çatmayıb. Burada münaqişənin həllinə yönəlik hər hansı ciddi təkliflərdən getmir. Bu da Azərbaycanın mənafeyinə uyğun deyil”.

Onun sözlərinə görə, son aylar Azərbaycan ordusu təmas xəttində işğalçını davamlı olaraq narahat edir: “ İmkan düşdükcə lokal zərbələr də endirir. Atəşkəsin möhkəmləndirilməsinə dair məsələ qətiyyən Azərbaycanın maraqlarına uyğun deyil. Azərbaycan taktikanı davam etdirərək işğalçını Azərbaycan torpaqlarında rahat qoymamalıdır. Çünki Azərbaycan tərəfi atəşkəslə bağlı üzərinə hansısa hüquqi öhdəlik götürməyib. Ümumiyyətlə isə, hələ ki, Qarabağ məsələsində ciddi dəyişiklikdən söhbət gedə bilməz”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın