Cümə , Oktyabr 30 2020
Ana səhifə / Sosial / Prezidentlərin iyun görüşü sual altındadır

Prezidentlərin iyun görüşü sual altındadır

Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayı üçün nəzərdə tutulan görüşünün vaxtı dəqiqləşməyib. Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bununla bağlı ötən gün açıqlama verərək deyib ki, prezidentlərin görüşünün vaxtı və yeri barədə hələlik məlumat yoxdur.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu istiqamətdə iş aparır: “Düşünürəm ki, onlar bu məsələnin öhdəsindən gəlib, görüşü təşkil edəcəklər. Bu görüşün təşkil olunması lazımdır”.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı sonuncu bəyanatda isə qeyd olunub ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri prezidentlərin görüşü barədə razılıq veriblər.

“Nazirlər prezidentlərin hərtərəfli sülh sazişi istiqamətində danışıqları bərpa etmək istiqamətində iyun ayında danışıqların növbəti mərhələsinin keçirilməsinə razılıqlarını təsdiqləyiblər”- deyə bəyanatda qeyd olunub.

Buna rəğmən Ermənistanın ard-arda verdiyi “itirilmiş” torpaqların geri qaytarılması bəyanatı, xarici işlər nazirlərinin iyunda görüşünün keçirilməyəcəyinin bəyan olunması, prezidentlərin bu ay baş tutacaq görüşünün reallaşmayacağı qənaətini gücləndirir.

Millət vəkili Asim Mollazadə hesab edir ki, Ermənistana real iqtisadi və siyasi təzyiq edilmədən danışıqlar prosesindən irəliləyiş gözləməyə dəyməz: “Bu gün ATƏT-in Minsk Qrupu həmsdərləri öz fəaliyyətlərinin təzahürünü yaradırlar. Amma bu fəaliyyət BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası və beynəlxalq hüququn müdafiəsinə qalxmayana qədər nəticəsiz olacaq. Bu baş vermədiyindən həmsədrlərin fəaliyyətindən heç bir nəticə gözləmirəm”.

A.Mollazadənin sözlərinə görə, həmsədrlərin fəaliyyətsizliyinin nəticəsdir ki, hələlik xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayıb: “Görünür, həmsədrlər Ermənistanı hər hansı bir güzəştə razı sala bilmir. Eyni zamanda Ermənistana qarşı sərt mövqe ortaya qoya bilməyiblər. Əgər, iyunda xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayacaqsa, prezidentlərin görüşü necə baş tutacaq? Axı, prezidentlərin görüşü üçün masada müzakirə olunası məsələlərin xarici işlər nazirləri səviyyəsində razılaşdırılması gərəklidir”.

Xarici işlər nazirlərinin iyunda görüşünün baş tutmamasına münasibət bildirən millət vəkili Rasim Musabəyov isə qeyd edib ki, belə bir görüş öncədən razılaşdırılmayıbmış: “Öncədən belə bir görüş nəzərdə tutulmurdu. Hazırkı mərhələdə xarci işlər nazirlərinin görüşərək, nəisə müzakirə etməsi üçün ortada heç nə yoxdur. ATƏT-in Minsk Qrupunun ayrı-ayrılıqda xarci işlər nazirləri ilə görüşəndən sonra belə bir görüşün keçirilməsi zərurəti yarana bilər. Yalnız bu halda xarici işlər nazirlərinin görüşü mümkündür”.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, xarici işlər nazirlərinin görüşü təxirə salınıbsa, bu o deməkdir ki, prezidentlərin görüşünün hazırlanması prosesi gecikir.

“Ortaya bir sənəd çıxarılmalıdır və onun ətrafında problemin həllinin prinsipləri müəyyənləşdirilməlidir. Doğrudur, Lavrovun Kazanda razılaşdırılmış prinsiplərin ortaya çıxacağı deyilir. Amma, Azərbaycan bu prinsipləri qəbul etmir. Azərbaycan işğal edilmiş 7 rayondan Ermənistan qoşunlarının çıxarılmasını tələb edir. Rusiyanın isə guya 5 rayonun güclə Ermənistandan geri qaytarılması ilə bağlı ifadələri inamsızlıq doğurmaqda davam edir.

Ermənistan tərəfində gedən polemika göstərir ki, onlar bir qarış da olsun torpağın geri qaytarılmasına razı deyillər. Əksinə, Ermənistan hərbi təlimlər keçirir, orduya yeni muzdlu döyüşçülər cəlb edir. Bununla müharibəyə hazırlaşdığı görüntüsünü yaradırlar. Bütün bunları və prezidentlərin iyun görüşünə hazırlığın getmədiyini nəzərə alsaq, deyə bilərik ki, prezidentlərin görüşü ciddi sual altındadır. Bu isə cəbhədə, bölgədə vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər”, – deyə Q.Hüseynli vurğulayıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu vurğulayıb ki, Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayındakı görüşü sual altındadır:

“ATƏT-in həmsədrləri Qarabağın münaqişəsinin həlli istiqamətində iki ayı boşa xərcləyiblər. Çünki müzakirə predmeti yoxdur, 22 ildə nə mümkündürsə, müzakirə olunub, nəticə yoxdur. Xarici işlər nazirlərinin planlaşdırılan görüşü də təxirə salındı. Belə görünür ki, həmsədrlər münaqişənin “mərhələli həll planı”nı Ermənistan hakimiyyətinə qəbul etdirmək üçün heç bir iş görmürlər. Rusiya, Fransa və ABŞ gözləmə mövqeyindədirlər. Bu dövlətlərin yeganə ortaq dərdləri müharibənin başlanmaması və atəşkəsin qorunmasıdır. Bu iki amili Ermənistan da istəyir.

AzVision.az

Həmçinin oxuyun

İş adamı “McDonald’s“la bağlı dəhşətli faktlar AÇIQLADI

“Onsuz da nə mən, nə ailəm, nə də ki yaxın ətrafım gündəmdə olan məşhur fast …

Bir cavab yazın