Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Sosial / Prezident on minlərlə ailəni sevindirdi – kredit borcları ilə bağlı tarixi fərman

Prezident on minlərlə ailəni sevindirdi – kredit borcları ilə bağlı tarixi fərman

Dollar və manat krediti olan 900 minə yaxın insana böyük güzəşt; vətəndaşların 10 min dollara qədər kreditlərinə görə hesablanmış bütün faiz borcları silinir; manat kreditlərinə də güzəşt edilir; banklara artıq faiz ödənişi edənlərin pulu özünə qaytarılacaq…

Prezident İlham Əliyev  fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman  imzalayıb.

“Yeni Müsavat” xəbər verir ki, fərmanda  ölkə əhalisinin uzun müddətdir gözlədiyi bir məsələnin – problemli kreditlər məsələsinin həlli ilə bağlı mexanizm əksini tapıb. Sənəddə qeyd olunur ki, son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaradıb. Buna görə də ölkə prezidenti dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək üçün fərman imzalayıb.

Qeyd edək ki, fərman iki hissədən ibarətdir. Birinci hissə xarici valyutada götürülmüş kreditlərin devalvasiyalar nəticəsində artan hissəsinin dövlət tərəfindən qarşılanması, ikinci hissədə isə manatla götürülmüş problemli kreditlərin restrukturizasiyası mexanizmi əksini tapıb.

Fərman kimlərə və necə şamil olunur

Rövşən Ağayev ile ilgili görsel sonucu

Fərmanla bağlı danışan iqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, sənəddə güzəşt yalnız fiziki şəxslər üçün nəzərdə tutulub: “Güzəşt yalnız 10 000 ABŞ dollarına qədər olan borclara aid olacaq və yalnız 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiya qərarları nəticəsində artmış məbləğlərin kompensasiyası ilə bağlı olacaq. Güzəşt üçün başlanğıc tarix 2012-ci il yanvarın 1-i, son tarix bu gün – 2019-cu ilin 28 fevralı götürülür. Vətəndaşların 10 000 dollara qədər kreditlərinə görə hesablanmış bütün faiz borcları silinir. 2012-ci il yanvarın 1-dən 2015-ci il 21 fevraladək olan kredit borclarının hər dolları üçün dövlət büdcəsindən 25 qəpik ödənilir; 2015-ci il 21 fevralından 21 dekabrınadək verilən dollar kreditlərinin hər dolları üçün 60 qəpik dövlət büdcəsindən ödənilir”.

Ekspertin sözlərinə görə, dövlət büdcəsi hesabına bu sxem üzrə kompensasiya ödəniş müddəti 360 günü ötdüyü halda banklara ödənir, əgər həmin müddəti keçməyibsə, bilavasitə vətəndaşın özünə çatdırılır: “Devalvasiya nəticəsində borcun artan hissəsi və hesablanmış faiz hissəsi dövlət büdcəsindən ödəndikdən sonra yerdə qalan hissə restruktruzasiya ediləcək – yəni şərtlər dəyişdiriləcək. Məsələn, 2015-ci ilin yanvarında vətəndaş 0.78 manat məzənnə ilə 5000 dollar borc götürüb. Həmin tarix üçün onun manatla borcu 3950 manat olmuşdusa, 21 dekabr 2015-ci ildə artıq 7750 manat olub. Belə vəziyyətdə məzənnə dəyişikliyi nəticəsində zərəri qarşılamaq üçün 5000 dollara görə 3000 manat (hər dollar üçün 60 qəpik) büdcə kompensasiyası ödənir;

Devalvasiya nəticəsində artan hissə ödəndikdən sonra yerdə qalan borcları ödəmək üçün vətəndaşlara manatla yenidən hesablanmış borcları ödəmək üçün 1 il güzəşt müddəti olmaqla, 5 illiyə illik 1 faizlə banklar tərəfindən kredit xətti açılır. Bu məqsədlə Mərkəzi Bank da banklara illik 0.1 faizlə ümumi həcmi 682 milyon manat kredit xətti açması nəzərdə tutulur”.

2012-ci il yanvarın 1-dək 2015-ci il dekabrın 21-dək olan dövr üçün hər 1 dollara 0.25 qəpik güzəşt hesablanacaq

Vüqar Bayramov ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, nəhayət, xarici valyutada olan kreditlərə güzəşt tətbiq olunur: “Devalvasiya nəticəsində yaranan fərqə güzəştin verilməsi formulası İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təklif etdiyi mexanizmdir. Əvvəla, güzəştdən fiziki şəxs olan vətəndaşlarımız faydalanacaqlar. Bu zaman birinci devalvasiyayadək olan dövr və birinci və ikinci devalvasiya arasındakı müddət əsas götürüləcək. 2012-ci il yanvarın 1-dən 2015-ci il dekabrın 21-dək, yəni birinci devalvasiyadək olan dövr üçün hər 1 dollara 0.25 qəpik güzəşt hesablanacaq. Bu o deməkdir ki, birinci devalvasiyadək 10 min dollar kredit götürmüş vətəndaşın manatla krediti 7800 manat idisə, devalvasiyadan sonra bu rəqəm 10500 manatadək yüksəldi. Fərmanla birinci devalvasiyayadək 10 min dollar kredit götürən vətəndaş əsas məbləğə 2500 manat güzəşt əldə edə bilər. Bununla da onun əsas borcu 10500 manatdan 8000 manatadək azaldılır. Birinci devalvasiya və ikinci devalvasiya arası götürülən kreditlər üçünsə hər dollara 60 qəpik güzəşt tətbiq olunacaq. Bu, 10 min dollara 6 min manat güzəşt deməkdir”.

V.Bayramovun sözlərinə görə, fərmanda fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar tərəfindən bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi tövsiyə olunur: “Bu, faizlərin silinməsi və məhkəmədə olan işlərin geri çağırılması anlamına gəlir. Sənədə əsasən, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə kreditlər veriləcək. Bu o deməkdir ki, vətəndaşlar banklardan illik 1 faizlə manatla kredit götürməklə digər öhdliklərini ödəyə biləcəklər.

Hər bir vətəndaşa ödəniləcək güzəştin maksimum məbləği 5 min dollar olacaq. Bu isə o deməkdir ki, 10 min dollar kredit götürən şəxs onun yarısı qədər maksimum məbləğ olmaqla güzəşt əldə edə biləcək”.

Məbləğin 10 min dollara qədər olması fərmanın təsir gücünü artırır

Rəşad Həsənov ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, fərmanın birinci hissəsində məzənnə fərqinə görə nəzərdə tutulan ödənişlər bütün kredit götürən fiziki şəxslərə şamil ediləcək: “Həmin dövrdə götürülmüş kreditlərin müəyyən bir qismi artıq ödənilib. Ancaq bir məsələ var. Fərmanda deyilmir ki, bu, problemli kreditlərə şamil edilsin, deyilir ki, 10 min dollara qədər kreditlərə tətbiq edilsin. Yəni hamıya aid olacaq. Dollarla borcu olan vətəndaşların sayının azalmasından söhbət getmir. Ən son 2 min və 5 min dollaradək olan kreditlərə güzəşt tətbiqi ilə bağlı məsələ müzakirə olunurdu. Məbləğin 10 min dollara qədər olması miqyası genişləndirir, fərmanın təsir gücünü artırır.

Dollar kreditləri 2 kateqoriyaya bölünür. Bunlar 2015-ci il fevralın 21-nə qədər götürülmüş və həmin tarixdən 2015-ci il dekabrın 21-nə qədər götürülmüş borclardır. Ümumi güzəşt devalvasiya nəticəsində borcun manatla ifadəsində yaranmış fərqin ödənilməsinə hesablanıb. Yəni 1-ci devalvasiyadan əvvəl götürülmüş hər dollara görə 25 qəpik, 1-ci və 2-ci devalvasiyalar arasında götürülmüş hər dollara görə 60 qəpik, 2-ci devalvasiyadan sonra götürülmüş hər dollara görə isə hər iki güzəşt – yəni 85 qəpik ödənilir. Vətəndaşın bu günə borcu yoxdursa, ödədiyi artıq məbləğ ona qaytarılır. Bu məsələ fərmanda konkret göstərilməsə də, ola bilsin ki, banklar vətəndaşın adına əmanət hesabı açacaq, orada yerləşdiriləcək. Çünki 2015-2019-cu illərdə insanlar borclarını müxtəlif yollarla ödəməyə çalışıblar. Onların bu günə borcları az ola bilər”.

Vaxtı keçmiş manat kreditlərinə də güzəşt olunacaq

Mərkəzi Bankın baş direktoru Rəşad Orucov ile ilgili görsel sonucu

Rəşad Orucov

Mərkəzi Bankın baş direktoru Rəşad Orucovun “Real Tv”yə dediyinə görə, fərmanın ikinci hissəsi bütövlükdə bu gün əhalinin banklar qarşısında mövcud olan borclarının həllinə yönəlib: “Bu gün banklar qarşısında vaxtı bir ildən çox, yəni 365 gündən çox keçmiş kreditlər varsa və bu kreditin məbləği dollarla 10 min dollara, manatla isə 17 min manata qədərdisə, bunun üçün də fərmanda mexanizm nəzərdə tutulub. Banklar əhaliyə yeni kredit müqaviləsinin bağlanılmasını təklif edəcəklər. Kreditlərin müddəti 5 ilə qədər uzadılacaq. Fiziki şəxslərə 1 il güzəştli dövr veriləcək. Bu o deməkdir ki, fiziki şəxslər artıq yeni müqavilə üzrə öhdəliklərinə güzəşt alacaqlar, onlar öhdəliklərini ikinci ildən həyata keçirməyə başlayacaqlar. Eyni zamanda bu günə qədər həmin kreditlər üzrə hesablanmış və ödənilməmiş faizlər, dəbbə pulları, cərimələr varsa, onların silinməsi üzrə tədbirlər görüləcək, yəni sıfırlanacaq. Eyni zamanda yeni müqavilə üzrə kredit faizləri cəmi illik 1 faizə endiriləcək. Görürsünüz ki, bu faizlər çox aşağıdır. Bu gün banklarla borcalanlar arasında hansısa məhkəmə mübahisələri varsa, məhkəmə işləri gedirsə, hətta məhkəmə prosesi tamamlanıb və qərarlar icraya yönəldilibsə, bütün bu işlər geri çağırılacaq, dayandırılacaq. Əhalinin üzərində olan məhkəmə qərarları, icraları aradan götürüləcək. Əhali növbəti 5 ilə çox aşağı faizlə, silinmiş faizlə öz öhdəliklərini icra edə biləcək.

R.Orucov qeyd edib ki, problemli kreditlərin restrukturizasiyası üzrə, yəni yeni müddətlərin uzadılması, faizlərin silinməsi üzrə tədbirlər manatla kreditlərə də şamil olunacaq: “Məbləği 17 min manata qədər olan kreditlər də eyni şərtlərlə restrukturizasiya olunacaq. Yəni kreditin qalıq məbləği 17 min manatdırsa və onun vaxtı 1 ildən çox, yəni 360 gündən çox keçibsə, o zaman banklar bu qrup əhalinin də borclarını restrukturizasiya edəcək”.

Mərkəzi Bank rəsmisinin sözlərinə görə, fərmandan ümumilikdə 900 minə yaxın vətəndaş faydalanacaq: “İlkin məlumata görə, məzənnə dəyişməsi nəticəsində təsirə məruz qalan, xarici valyutada krediti olan təqribən 450 minə yaxın insan bu fərmanın birinci hissəsindən faydalanacaq. Fərmanın ikinci hissəsindən isə vaxtı keçmiş manat kreditlərinə görə daha 400 min borcalan faydalanacaq”.

Bundan əlavə, xarici valyutada olan kreditini yeni məzənnə ilə ödəyən şəxslərin artıq ödədikləri vəsait də onlara qaytarılacaq: “Əgər vətəndaş 0,78 məzənnə ilə dollar krediti götürübsə, devalvasiyadan sonra krediti yüksək məzənnə ilə ödəyibsə, iki məzənnə arasındakı fərqi geri alacaq”.

Dövlət tərəfindən 700 milyon manatdan artıq vəsait ödəniləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, ödəniş ilk növbədə fiziki şəxslərin kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldiləcək, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına veriləcək: “Bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 dolların manat ekvivalentindən çox ola bilməz. Ümumiyyətlə, prezident fərmanının sosial əhəmiyyəti kifayət qədər yüksəkdir. Belə ki, fərmanın əhatə dairəsinə 800 min nəfərdən çox insan düşür. Bunun üçün dövlət tərəfindən 700 milyon manatdan artıq vəsait ödəniləcək”.

Banklar nə qazanacaq?

Zakir Nuriyev ile ilgili görsel sonucu

Prezidentin fərmanı banklara nə verəcək? Suala cavab verən Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyevin “Yeni Müsavat”a dediyinə görə, prezidentin fərmanı ilk növbədə vətəndaşların rifahına xidmət edən addımdır: “Fərman cənab prezidentin əhalinin sosial rifah halının yaxşılaşmasına yönəlmiş bir addımdır. Burada daha çox əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kreditlərinin ödənməsinə dövlət dəstəyindən gedir. Banklar bu prosesdə fərmanın yaratdığı şəraitdən öz kapital vəziyyətinin, müştəriləri ilə olan münasibətlərinin, bank-biznes münasibətlərinin daha da yaxşılaşması istiqamətində faydalanacaqlar. Amma burada əsas hədəf banklardan daha çox vətəndaşlardır. Bu addım sosial paketdir”.

Z.Nuriyevin sözlərinə görə, fərmanla 1 yanvar 2012-ci ildən 21 dekabr 2015-ci ilədək xarici valyutada götürülmüş 10 min ABŞ dollarına qədər olan kreditlərin əsas məbləğinin devalvasiya nəticəsində artan hissəsinin dövlət tərəfindən ödənməsi nəzərdə tutulur: “Bank sektorunda bu fərmandan irəli gələn addımları biz bu gün bank rəhbərləri ilə geniş müzakirə edərək vətəndaşlara geniş məlumat verəcəyik”.

Vüsal Qasımlı ile ilgili görsel sonucu

Vüsal Qasımlı

V.Qasımlının sözlərinə görə, fərman həm də bank sektorunun maraqlarını nəzərə alıb: “10 000 dollara qədər, milli valyutada isə 17 000 manata qədər əsas kredit borcu olan fiziki şəxslərin gecikmədə olan borcları uzunmüddətli və aşağı faizli kreditlərlə əvəzlənəcək və restrukturizasiya olunacaq. Bunun üçün banklara 682 milyon manat məbləğinə qədər dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit veriləcək. Eyni zamanda bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinə qədər xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin olunacaq”.

R.Həsənovun sözlərinə görə, prezidentin fərmanı Azərbaycanın bir sıra beynəlxalq reytinqlərdəki mövqeyinin yaxşılaşmasına gətirib çıxaracaq: “Bir var imitasiya xarakterli cüzi bir güzəşt edilsin, üzərində təbliğat qurulsun, son nəticədə isə real effekti olmasın. Amma prezidentin fərmanında real və güclü effeklti olan bir mexanizmdən gedir. Bu fərman vətəndaşlarla yanaşı, banklar üçün də mühüm əhəmiyyət kəsb edir. Bank vəsaitin istifadəsindən qazanan bir qurumdur. Əgər vəsait problemli kredit formasında istifadədən kənarda qalırsa, bank artıq problemlə üzləşir. Bundan əlavə, qanunvericiliyə əsasən bank problemli kreditlərin həcminə uyğun ehtiyat normaları yaratmalıdır. Bu vəsaitlər də Mərkəzi Bankın müxbir hesablarında dövriyyədən kənarda qalır. Banklar bir sıra hallarda müştərilərə müəyyən güzəştlər etsə də, sonradan yenidən həmin müştəri ödəyə bilmədiyinə görə vəsait problemli kreditə çevrilirdi. Bu məsələnin həlli banklar üçün vəsaitlərin əhəmiyyətli bir hissəsinin dövriyyəyə qayıtmasına gətirib çıxaracaq. Bankların adekvatlığı, likvidlik əmsalı yüksələcək. Buna uyğun olaraq bankların reytinqləri böyük ehtimalla, ilin sonunadək müsbətə doğru dəyişəcək. Bu isə öz növbəsində ölkənin Qlobal Rəqabətlilik İndeksi, ”Doing Business” hesabatında mövqeyinin yaxşılaşmasına səbəb olacaq. Çünki hər iki hesabatda Azərbaycanın ən zəif nöqtəsi maliyyə-bank sektoru, kredit əlçatanlığı, bank sektorundakı gərginliyin davam etməsidir. Fərman bankların mənfəət normasının yüksəlməsinə də səbəb olacaq”.

Həmçinin oxuyun

Pensiyalar yenə artacaq – Tarix açıqlandı

“Pensiya sahəsində aparılan islahat 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçılarımızın təqribən 60%-i …