Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Prezident: “Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq” (VİDEO)

Prezident: “Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq” (VİDEO)

“Aprelin 2-də erməni işğalçıları dövlətimizə qarşı növbəti silahlı təxribat törədiblər. Hərbi mövqelərimizə hücum çəkiblər. Mülki əhalini, kəndlərimizi atəşə tutublar. Qəhrəman Azərbaycan Ordusu, qəhrəman əsgərlərimiz, zabitlərimiz düşmənin təxribatının qarşısını aldılar, düşmənə layiqli cavab verdilər və təmas xəttində öz üstünlüklərini daha da möhkəmləndirdilər”. Musavat.com xəbər verir ki, bunu prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında yaralıların yaxınları və şəhid ailələri ilə görüşdə bəyan edib. 
Dövlət başçısı deyib ki, erməni işğalçılarının bu təxribatlara əl atması ilk dəfə deyil: “Mən dəfələrlə demişəm ki, onlar işğal edilmiş torpaqları daim öz nəzarətində saxlamaq istəyirlər, sülh istəmirlər. Danışıqlar prosesində özlərini qeyri-səmimi aparırlar. Beynəlxalq hüququn bütün normalarını, əxlaqi normaları pozublar. Mülki əhaliyə atəş açırlar. Bu hadisələrdən bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində – Qazax istiqamətində təxribat törətmişlər. Orada hərbiçilərimiz həlak olmuşdur. Bu hadisələr zamanı bizim kəndlərimizi daim atəşə tuturlar. Mülki əhalidən həlak olanlar var. Üç yüzə yaxın evə ziyan vurulub. Yəni, budur onların hərəkətləri. Azərbaycan əsgəri, Azərbaycan zabiti heç vaxt mülki əhaliyə qarşı vuruşmamışdır, vuruşmur və vuruşmayacaq. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq. Bizim işimiz haqq işidir”.
Prezident deyib ki, Azərbaycan Ordusu bu dəfə də düşmənə yerini göstərdi, onu yerinə oturtdu: “Bu gün də biz tam üstünlüyü əldə etmişik. Buna baxmayaraq, biz bəyan etmişdik ki, birtərəfli qaydada atəşkəsi bərpa etməyə hazırıq, bir şərtlə, qarşı tərəf də atəşkəsə əməl etsin. Biz müharibə istəmirik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Düzdür, bu, çətin prosesdir. Ancaq bilin ki, bütün əsas beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası – bütün bunlar həqiqəti əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Düzdür, hələ ki, bu qərarlar nəticəyə gətirib çıxarmayıb. Ancaq bu, məsələnin həlli üçün hüquqi əsasdır. Digər tərəfdən, Azərbaycan siyasi, iqtisadi cəhətdən bölgədə Ermənistan ilə müqayisədə böyük dərəcədə irəliyə getmişdir.
Bir daha demək istəyirəm, baxmayaraq ki, danışıqlar nəticə vermir, biz yenə də bu danışıqlar prosesinə hazırıq. Bu təxribatı erməni tərəfi ona görə törədib ki, onlara beynəlxalq ictimaiyyət, bu məsələ ilə məşğul olan vasitəçilər tərəfindən təzyiqlər artır. Artıq heç kimə sirr deyil ki, vəziyyət nədən ibarətdir. Kim işğalçıdır, kim işğalın qurbanıdır. Ona görə, danışıqlar prosesini pozmaq üçün onlar bu təxribata əl atdılar. Bu təxribat nəticəsində biz şəhidlər verdik. Şəhidlərimiz olubdur, yaralılar var. Ancaq onu da bilməlisiniz, Azərbaycan xalqı bilir ki, düşmənə çox böyük sarsıdıcı zərbə vurulubdur. Bunun günahkarı onlar özləridir”.
Prezident İlham Əliyev əlavə edib ki, ölkəmizin ərazi bütövlüyü Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur: “Ölkəmizin ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Əgər bu gün yenə də Ermənistan rəhbərliyi öz səhvlərini başa düşüb danışıqlar masasında özünü səmimi apararsa, əminəm ki, məsələnin sülh yolu ilə həlli üçün imkanlar var. Hər halda biz bunu istəyirik.
Bir daha demək istəyirəm, Azərbaycan bu gün də bəyan edir ki, birtərəfli qaydada bütün döyüş əməliyyatlarını dayandırır, amma bir şərtlə ki, qarşı tərəf bundan istifadə etməsin. Onlar da dayandırsınlar, oturduğu yerlərdə də qalsınlar, tərpənməsinlər. Biz öz torpağımızdayıq. Bizim başqa ölkənin torpağında gözümüz yoxdur. Heç bir başqa ölkənin torpağını işğal etməmişik. Amma heç kimə imkan verməyəcəyik ki, bizim torpağımızda hökmranlıq etsin. Artıq Azərbaycan dövləti də güclü dövlətdir, ordusu da güclü ordudur. Bax, bizim burada müalicə alan qəhrəman uşaqlarımız bunun ən gözəl sübutudur, təzahürüdür”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın