Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Sosial / Prezident Ərdoğan niyə AK Partiyaya qayıtdı – fövqəladə qurultayın dərin hədəfləri…

Prezident Ərdoğan niyə AK Partiyaya qayıtdı – fövqəladə qurultayın dərin hədəfləri…

AK Partiyanın tarixi qurultayına qatılan Rauf Arifoğlu musavat.com-un oxucuları üçün gözlə görünməyən, pərdəarxası məqamlardan danışdı
Xəbər verdiyimiz kimi, mayın 21-də Türkiyənin iqtidar partiyası olan Ədalət və İnkişaf Partiyasının (AK Partiya) 3-cü fövqəladə qurultayı keçirilib. Qurultayın nəticəsi olaraq cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan 998 günlük ayrılıqdan sonra yenidən qurucusu olduğu partiyanın rəhbərliyinə qayıdıb.
Qurultayda Azərbaycan mediası adına iştirak edən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu musavat.com-un suallarını cavablandırıb:
– Rauf bəy, AKP-nin qurultayında Azərbaycandan iştirak edən yeganə media rəhbərisiniz. İstənilən halda, bu cür məhdud təmsiliyyətin səbəbi maraqlıdır.
– Mən AK Partiyanın qurultayında xarici media təmsilçisi statusunda iştirak etmişəm. Müraciətim və Türkiyənin iqtidar partiyasına yaxın dostlarımın diqqəti sayəsində akkreditasiyadan keçmişəm və gün ərzində də sıradan bir media mənsubu kimi çalışmışam. Öz saytlarımıza reportaj hazırlamışam, foto-video çəkilişlər etmişəm. Azərbaycanın dövlət televiziyasının Türkiyə bürosu da qurultayda idi; onları görə bilməsəm də, əminəm ki, mandatlarına uyğun şəkildə xəbər hazırlayıblar…

akp1.jpg (35 KB)

Görəndə ki, Azərbaycanın müstəqil mediasını və hətta ictimaiyyətini mən təmsil edirəm, qərara gəldim ki, qurultayın bir çox fraqmentlərini sosial şəbəkələr vasitəsi ilə ölkəmin qəzet oxumayan kəsiminə də çatdırım. Bunun üçün facebookun canlı yayım funksiyasından istifadə etdim… Yəni qurultayda media fəhləsi kimi, düz 8 saat çalışdım, yazdım, çəkdim, musavat.com saytı, “Yeni Müsavat” qəzeti ilə dəfələrlə əlaqə saxladım. (İndi də sizə müsahibə verirəm.) Əməkdaşlarımıza da təşəkkür edirəm ki, bazar günü olmasına baxmayaraq, mənimlə bərabər çalışdılar.

akp2.jpg (35 KB)
– Təhlükəsizlik tədbirləri hansı səviyyədə idi?
– Çox yüksək səviyyədə. Bu da Türkiyənin beynəlxalq terror təşkilatlarının və onları yemləyən böyük dövlətlərin hədəfində olmasından qaynaqlanır.
– Xəbərlərdən və sizin sayta yolladığınız videogörüntülərdən qələbəlik və coşğu görünür. Ankaranın küçələrində də eyni coşğunun olduğunu Türkiyə xəbərlərindən izləyirik. Siz bilavasitə nələri müşahidə etdiniz? Təəssüratlarınız necədir?
– Türkiyə toplumu ümumiyyətlə həyəcanlı, enerjili və qoşulduğu hər bir prosesə, işə ürəyini verən toplumdur. Siyasətdə də belədir. Türkiyənin siyasi liderləri də, onların tərəfdarları da çox aktiv və hərəkətlidirlər. AK Partiya liderləri və elektoratı isə indiki anda, ölkə birincisidir.
Bu da təsadüfi deyil. Ölkə və partiya lideri Rəcəb Tayyib Ərdoğan elə bir kurs götürüb ki, bu kurs ancaq fəallıq, yorulmadan mücadilə, böyük savaşlarla müvəffəq ola bilər. Özlərinin də mətbuata açıqladıqlarına görə, hazırda AK Partiya və onun hökumətinin əksər üzvləri gündə 14 saat işləyirlər. Bu qurultaydan sonra, düşünürəm ki, onların işləri heç də azalmayacaq. 998 günlük ayrılıqdan sonra Ərdoğan yenidən AK Partiyanın rəhbərliyinə gətirildi. Bu da ancaq onunla mümkün oldu ki, bu ilin 16 aprelində keçirilən referendumu Ərdoğan uddu və Türkiyə Anayasasını dəyişdirdi. Türkiyənin əvvəlki konstitusiyasına görə, prezident seçilən şəxs tərəfsiz olmalı, heç bir partiyanı təmsil etməməli, əgər hansısa partiyada təmsil olunurdusa, ordan çıxmalı idi. Və fəaliyyətini partiyasız, bütün siyasi qruplara bərabər məsafədə göstərməli idi. 16 aprel referendumundan sonra konstitusiya dəyişdi. Bu dəyişikliyin məntiqi olaraq da AK Partiyanın üçüncü, növbədənkənar qurultayı meydana çıxdı. Nəticədə də 21 may 2017-ci ildə, bu cür böyük, möhtəşəm qurultay vasitəsilə Ərdoğan öz qurduğu partiyanın başına qayıtdı. Burada müxtəlif çıxışlar oldu. Lakin təbii ki, ən mühümü prezident Tayyib Ərdoğanın çıxışı idi. Mən 105 dəqiqəlik bu çıxışı diqqətlə və sonuna qədər dinlədim. Bu, bir yol xəritəsi idi. Prezident Ərdoğan nə istəyir, nələr planlaşdırır və Türkiyəni hara aparır?..

akp3.jpg (48 KB)
– Hansı qənaətləriniz var? 998 günlük ayrılıqdan sonra AK Partiyanın rəhbərliyinə gələn Ərdoğanla birgə partiyanın həyatında nələr dəyişəcək fikrinizcə? Sualı bir az da genişləndirsək, ümumən Türkiyə siyasətinə, ölkə vətəndaşlarının həyatına nə kimi yeniliklər gətirəcək?
– Ərdoğan ölkənin həyatında baş verəcək çox ciddi dəyişikliklərin anonsunu verdi. Aydın oldu ki, o, ilk növbədə Nazirlər Kabinetində çox ciddi islahatlar aparacaq, kadr dəyişiklikləri həyata keçirdəcək. Həm də ən qısa zamanda. O, AK Partiyada da dəyişikliklərə artıq start verib. Partiyanın rəhbərliyinin yeni tərkibi buna sübutdur. Onun çıxışından aydın oldu ki, bundan əvvəlki siyasi tədbir, 16 aprel referendumu AK Partiya üçün böyük dərs olub. Belə ki, partiyanın yerli bölmələrinin, o cümlədən də partiyanın özünün texnoloqlarının bir növ qələbəyə arxayınlaşması səbəbindən referendumun nəticələri az qala tərsinə olacaqdı. Ərdoğan partiya qarşısında o məsələni qoydu ki, təşkilat aşağıdan yuxarıya, yenilənməlidir. Partiyasına və şəhərinə, təşkilatına yük olacaq başqanlar yox, partiyasının, şəhərinin, bölgəsinin yükünü daşıyacaq başqanlar – bələdiyyə, partiya başqanları, hökumət nümayəndələri – lazımdır. Ərdoğan uzun və strateji hədəfləri üçün yol arkadaşlarını yenidən saf-çürük etmək zorundadır. Buna məcburdur. Hamıya məlumdur ki, AK Parti və onun bütün strukturları, dolayısı ilə, Məclis və hökumət də, FETÖ -nun- əski iqtidar ortaqları olan “Gülən hərəkatı”nın ciddi təsirlərinə məruz qalıb və bu təsirlər hələ də davam edir. Bu səbəbdən də o, həm partiyasındakı, həm də hökumətindəki təmizləmələri bilavasitə və daha radikal şəkildə həyata keçirməlidir. Bunun üçün də həm hökumətə, həm də partiyaya nəzarət yetkilərini əlində cəmləşdirməlidir. Bu qurultaydan sonra, Türkiyə ictimaiyyəti çox yüksək rütbəli məmurların, çoxsaylı (AK Partiya mənsubu) millət vəkillərinin, FETÖ ünsürü kimi, ifşası və həbslərinin şahidi olacaqlar. Ərdoğan AK Partiyada, o cümlədən iqtidarda çox ciddi islahatların həyata keçirilməsinin vacibliyini də qəbul edib və bunları həyata keçirəcək. Ərdoğan öz partiyasının, nəhəng bir siyasət mexanizmi olan bir təşkilatın başına bilavasitə keçməklə, onu öz arxasına alaraq, 2019-cu ildə keçiriləcək və Türkiyə tarixində ilk dəfə olacaq prezidentlik sisteminə keçid seçkilərinə hazırlaşır. Bu, onun üçün, Türkiyə və region üçün çox önəmlidir. Ona görə də bu, Ərdoğana çox lazım idi ki, təşkilatının başına özü keçsin və onu gücləndirsin.

“Təcrübə onu göstərdi ki, AK Partiya-Ərdoğan, Ərdoğan-AK Partiya tandemi daha yaxşı alınır”

– Onsuz da partiya onu özünə lider bilirdi və məsafədən də – Prezident Sarayından da onu idarə edə bilərdi.
– Təcrübə onu göstərdi ki, AK Partiya-Ərdoğan, Ərdoğan-AK Partiya tandemi daha yaxşı alınır. Bu partiyanın başında başqası olanda, AK Partiya taqətdən düşür, təsir gücü azalır. Hər kəs bu gerçəyi qəbul edir və bu gerçəyi də qəbul edərək, Ərdoğan da 998 günlük ayrılıqdan sonra öz partiyasının başına qayıtdı.
– Ərdoğanın qurultaydakı çıxışından başqa nələri “oxumaq” mümkün oldu?

akp4.jpg (62 KB)
– Ərdoğan çıxışında partiya qarşısında məsələ qoydu ki, artıq yüzdə 35-lərlə, yüzdə 45-lərlə iqtidar olmaq zamanı geridə qaldı. İndi artıq 50+1 göstəriciləri ilə iqtidar olmaq zamanıdır. Bu da olduqca çətin bir kursdur. Ərdoğan Türkiyə siyasətində məğlubedilməzlik fenomeninə çevrilib. Məhz bu səbəbdən də onun düşmənlərinin, bədxahlarının sayları və gücləri artıb. Daha doğrusu, Türkiyənin və Ərdoğanın güclü, dünya çaplı düşmənləri özlərini açığa çıxartmağa məcbur qalıblar. Çünki o, ölkə içindəki bütün siyasi rəqiblərini darmadağın edib, hərbi-silahlı və dövlət içindəki gizli düşmənlərini əzib, PKK kimi terror təşkilatlarına və onların siyasətdəki uzantılarına acımadan zərbələr endirir… Osmanlı varisi indiki Türkiyənin başında olan hər hansı bir lider – soyadı Ərdoğan olmasa da – daha əvvəldən məhz bu cür davransa, Avropa, xristian dünyası ona qarşı birləşərdi. Necə ki, Tayyib Ərdoğana qarşı birləşib…
– Bu halda, dövlətin başında olmaq tam müdafiəni təmin etmir ki? AKP ilə bu cür bağlanmaq nəyi dəyişir ki?
– Məhz belə bir məqamda Ərdoğana milyonlarla üzvü olan və bütün Türkiyədə struktura malik AK Partiya çox lazımdır. Çünki o, başa düşür ki, nə qədər ki, Türkiyə xalqı onu dəstəkləyir, hətta ordunu ona qarşı döndərsələr də (15 iyul 2016-dakı kimi), iqtidardan düşürə bilməzlər. Ərdoğanın iqtidarının canı Türkiyə xalqının içindədir. AK Partiyaya da o “can”ın yatmayan keşikçisi rolu biçildi. Son referendumda AK Partiya bir balaca mürgülədi, “can” əldən getmişdi az qalsın. Bundan sonra AK Partiyaya yatmaq yoxdu… Ərdoğan məhz partiyalılara xitabən dedi ki, ilətişimin, əlaqənin ən yüksək formalarının, modellərinin çıxmasına baxmayaraq, yalnız buna arxayın olmaq olmaz. Hər bir ailəyə, şəxsə qucaq açaraq, qapı-qapı gəzərək, onların dərdini dinləmək, problemlərinə çarə axtarmaq, xalqla qucaqlaşmaq lazımdır. İnsani münasibətlər hər təbliğatdan üstündür, dedi. Bundan sonra AK Partiya və prezident Ərdoğanın daha çox xalqçı olacağı, xalqa yönəlik siyasət aparacağı gözləniləndir. Məhz öz çıxışının iqtisadi bölümündə də o, xalqa yönəlik həyata keçirəcəyi islahatların və xalqın vəziyyətinin daha yaxşı olacağı ilə bağlı müjdələrin də anonslarını vermiş oldu.

“Rəcəb Tayyib Ərdoğan iqtidarının canı xalqdadır, AK Parti o canın keşikçisi təyin olundu…”

– Türkiyə lideri tənqid etməyi sevir. Bu dəfə də etdimi?
– Əlbəttə. Ərdoğanın sözdən üstün silahı yoxdur, onu da yaxşı işlədir… O, öz çıxışında Avropanın bir çox addımlarını kəskin tənqid elədi. Eyni zamanda FETÖ terror hörgütünü, ana müxalifət partiyasını, eləcə də Türkiyənin savaşdığı silahlı terror təşkilatlarının hər birini ayrı-ayrılıqda tənqid atəşinə tutdu.
– Bizə aid nəsə dedimi? Azərbaycanın və azərbaycanlıların da ondan, daha doğrusu, Türkiyədən böyük gözləntiləri var…

akp5.jpg (16 KB)
– Ümumi halda danışdı. O, dedi ki, biz təkcə özümüzü yox, dünyanın dörd bir yanında gözünü bizə dikən qardaşlarımızı də düşünməliyik. Böyük ehtimalla o, dış türklər və müsəlmanlar mövzusunda danışaraq, qərarını elan edirdi. Dedi ki, biz onların da gözləntilərini doğrultmalı, xarici siyasətdə də mühüm dəyişikliklərə getməliyik. “Gözünü bizə dikən, sevən hər kəsə qucaq açmalıyıq”. Hesab edirəm ki, bu mesajdan bizə də pay düşür.
– Sayta yolladığınız foto və videolardan yerli, xarici jurnalistlərin qurultayı işıqlandırmaq üçün necə operativ, gərgin çalışdığı hiss olunur. Qurultayda jurnalistlər üçün necə iş şəraiti yaradılıb?
– Mən salonun media bölümündən qurultayı izlədim. Əsasən yerli, amma həm də xarici media nümayəndələrinin iş prosesinin şahidi oldum. Hər şey yaxşı təşkil olunmuşdu. Yetkililər hər sözümüzə, jestimizə çox həssaslıqla, dərhal reaksiya verirdilər. Ona görə də belə ortamda çalışmaq gözəl idi. Xüsusən televiziyaçıların canlı yayın rejimində necə işlədiyini bir daha görmək mənim üçün maraqlı idi. Media zəhmətkeşləri böyük, hörmət olunacaq bir əməyin sahibləridilər.
Onlar olmasa, dünyaya heç bir liderin səsi sürətli və obyektiv çatdırılmaz, mesajı, çabası indiki qədər effektli olmaz.
Ümumiyyətlə, dünya artıq söz sürəti ilə fırlanır…

Həmçinin oxuyun

“SƏDƏRƏK”də MAĞAZALAR BAĞLANDI – Ticarətçilər gömrük və vergiyə etiraz edirlər

“Sədərək” Ticarət Mərkəzində bir qrup sahibkar etiraz əlaməti olaraq bu gün mağazaları bağlayıblar. İş adamlarından …

Bir cavab yazın