Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Politoloq Vüqar Qədirov Metyu Brayzanın son bəyanatını şərh etdi – MÖVQE

Politoloq Vüqar Qədirov Metyu Brayzanın son bəyanatını şərh etdi – MÖVQE

“Elə bilirəm ki, ABŞ vətəndaşı olan bir diplomatın öz ölkəsinin imici barədə keçirdiyi həyəcana ciddi reaksiya veriləcək”

ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza maraqlı açıqlama ilə çıxış edib. O bildirib ki, ABŞ-dakı bəzi konqresmenlərin irəli sürdüyü təkliflər həmin ölkənin milli maraqları ilə ziddiyyət təşkil edir.
Çünki onlar daha çox milli maraqlardan irəli gələn deyil, seçicilərin emosiyalarına adekvat qərarlar qəbul edirlər. Sabiq səfir Corciya ştatında qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyi ilə bağlı qəbul edilən qərarın məzmununu buna misal çəkib. Diplomat bildirib ki, həmin qərarların qəbul olunduğu ştatlardakı əhalinin say tərkibi ermənilərin xeyrinədir. Bu səbəbdən də konqresmenlər Dağlıq Qarabağ münaqişəsinə birtərəfli mövqe ortaya qoyan seçicilərin mövqeyini ifadə etmiş olur. Brayza bildirir ki, Nunyes və Valadao ştatları da balansı qoruya bilməyib: “Bu, ABŞ-ın maraqlarına zidd olmaqla yanaşı, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı həmsədrlər tərəfindən 2007-ci ildə qəbul edilmiş Madrid prinsipləri ilə də ziddiyyət təşkil edir”.
Brayzanın bu mövqeyi barədə ekspertlər nə düşünür?
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri, politoloq Vüqar Qədirov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Metyu Brayzanın bəyanatındakı fikirlərlə tam razıdır:

“Bəli, sabiq səfir tamamilə doğru olaraq qeyd edib ki, ABŞ-ın bəzi ştatları tərəfindən qəbul olunan qərarlar həm başqa dövlətin daxili işinə, suveren hüquqlarına müdaxilədir, həm də həmin dövlətin öz maraqlarına ziddir. Bizə də bəllidir ki, bütün bunlar ABŞ-da zəif olmayan erməni diasporunun əli ilə edilir. Ancaq tamamilə doğru buyrulur ki, bu məsələdə yalnız ştatlardakı seçicilərin emosiyasına uyğun şəkildə qərar vermək olmaz. Necə ola bilər ki, ABŞ-ın bəzi subyektləri həm qondarma qurumun müstəqilliyini tanısın, həm də həmin ölkə münaqişənin həlli prosesində vasitəçilik etsin? Bu, bütün prinsiplərə ziddir. ABŞ-dakı ştatlarla biz də işləyirik. Xocalı soyqırımı ilə bağlı ştatlarda qəbul olunan silsilə qərarları misal göstərmək olar. Ancaq bu məsələləri heç də eyniləşdirmək olmaz. Çünki bizim təklif etdiyimiz layihələr özündə həqiqətən baş verən faciəni əks etdirir. Bəs onlarınkı nədir? Bir ölkənin torpaqlarını işğal edib sonra da onun müstəqil olmasını özünü dünyanın ən demokratik ölkəsi hesab edən ABŞ-ın bəzi subyektlərində qəbul etdirmək. Təbii ki, belə hallar, bir ölkə olaraq, ABŞ-ı nüfuzdan salır. Bu həyəcan təbilinin bizim tərəfimizdən deyil, məhz Metyu Brayza tərəfindən çalınması olduqca vacibdir. Çünki o, sıradan adam deyil, həm də münaqişəyə yaxşı bələd olan diplomatdır. Elə bilirəm ki, ABŞ vətəndaşı olan bir diplomatın öz ölkəsinin imici barədə keçirdiyi həyəcana ciddi reaksiya veriləcək”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın