Sosial şəbəkədə biz:
Poliklinikalarda rentgen kabinetləri niyə azalır? – Şikayət
Xəbər Şəkli

Poliklinikalarda rentgen kabinetləri niyə azalır? – Şikayət

22 June 2026, 16:06
Sosial

Hələ sovet dövründən bütün qəsəbə və şəhər poliklinikalarında mütləq olmalı müayinə cihazlarından biri rentgendir. Rentgen kabinetləri həm böyüklərin, həm də uşaqların dispanserizasiyasında ən vacib xidmətlərdən hesab olunur.


Amma son aylarda bir çox qəsəbə, kənd, hətta çoxsaylı əhalisi olan ərazilərdə poliklinikalardakı rentgen kabinetlərinin köhnə olması, çox vaxt istismara yararsız vəziyyətə düşməsi diqqət çəkir. Nəticədə xəstələr keyfiyyətli rentgen müayinəsindən yararlana bilmir.


Bəzi iri poliklinikalarda isə istismara yararsız rentgen avadanlıqlarının istifadəsi təhlükəli hesab edildiyindən kabinetlərin bağlanması çıxış yolu kimi seçilir.


Belə bir şikayət Buzovna qəsəbəsindən daxil olub.


Şəhər tipli qəsəbə olan Buzovna poliklinikasında rentgen kabineti uzun müddətdir fəaliyyət göstərmir. Xəstələr, qeydiyyatda olan sakinlər və uşaqlar rentgen müayinəsi üçün Zirə və ya Zabrat qəsəbələrinə göndərilir. Bu isə insanların uzun məsafə qət etməsinə, növbələrin və sıxlığın artmasına səbəb olur.


Şikayətçi bildirib ki, Buzovnada xəstəxana, Mərdəkanda isə sanatoriyalar fəaliyyət göstərir. Rentgen avadanlığı həmin müəssisələrdə mövcud olduğundan, xəstələrin bu yaxın ünvanlara yönləndirilməsi daha məqsədəuyğun olardı.


“2 yaşlı uşaqla Zirəyə və ya Zabrata tıxaclı yollarda getmək çıxış yolu deyil. Buzovna sakinlərinin ən azı bir rentgen kabinetinə haqqı var”, – deyə şikayətdə bildirilir.


Məsələ ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinə sorğu ünvanlamışıq.

Medcina.az