Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Polietilen paketlərdən imtina: “İdeya yaxşıdır, amma düzgün həyata keçirilmir”

Polietilen paketlərdən imtina: “İdeya yaxşıdır, amma düzgün həyata keçirilmir”

İllər öncə insanlar bazara, mağazalara aliş – verişə gedən zaman özləri ilə ipdən toxunan, parçadan hazırlanan, yaxud həsir tipli zənbillər götürərdilər. Mağazalarda da ərzaq məhsulu alanda onu kağıza büküb alıcıya verirdilər. Sonradan kağızı da, parçanı da, həsiri də polietilen torbalar əvəz etməyə başladı.

Polietilen torbaların insan orqanizmi üçün zərərli olduğu danılmazdır. Çünki bu paketlərin tərkibi çox qarışıqdır, yüzlərlə kimyəvi birləşmənin nəticəsində əldə edilir. Polietilen torbalar insan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Polietilenin üzərindəki bakteriyaların çoxluğu səbəbindən paketlərdəki ərzaqlar daha tez xarab olur. Kip bağlanmış şəffaf paketdə kondensat əmələ gəlir və müxtəlif göbələklər inkişaf edir. Polietilen məhsullar dondurulduqda isə ondan insan üçün zərərli olan toksinlər ayrılır. Dünyanın bir çox inkişaf etmiş ölkələrində polietilen torbaların insan orqanizminə və təbiətə vurduğu zərərli risklər nəzərə alaraq, onların istifadəsinin məhdudlaşdırılmasına, kağız, parca torbalardan istifadəyə üstünlük verilməsinə başlanılıb. Artıq ABŞ, İngiltərə, Yeni Zelandiyada ərzaqlar üçün yalnız kağız paketlərdən istifadə olunur. Tayvan, Keniya, Uqanda, Fransa, Latviya və bu kimi bir çox ölkələrin hökumətləri də polietilen paket istifadəsini qadağan edib. Bu yaxınlarda isə Gürcüstan da plastik qablardan, sellafon torbalardan istifadəyə qadağa qoyub.

Ölkələrin çoxunda bu məqsədlə həyata keçirilən ən səmərəli tədbir həmin torbaların marketlərdə alıcılara satılması, bununla da onları kağız və parça torbalardan istifadəyə həvəsləndirmək olub. Beynəlxalq təcrübə polietilen torbaların ödənişli olmasından sonra onlara tələbatın 95 faizədək azaldığını göstərir. Azərbaycanda polietilen torbaların istifadəsi ilə bağlı hələlik konkret şəkildə məhdudlaşdırıcı tədbirlər həyata keçirilməsə də, artıq müəyyən təşəbbüslər ortaya qoyulub.

Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi pullu olub. Ticarət şəbəkələri və mağazalarda iri ölçülü polietilen torbalar 5 qəpiyə, daha kiçik ölçülü torbalar isə 3 qəpiyə satılır.

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, əslində, bu, dünyanın bir çox ölkələrinin keçdiyi yoldur, Azərbaycanda da bununla bağlı qərar verilib və bunu ekoloji problemlərlə mübarizə kimi qələmə verirlər. İdeyanın özü doğru olsa da, onun reallaşdırılması qaydaları səhvdir:

“Məsələn, Avropa və Amerikada bununla bağlı qərar qəbul edilməmişdən əvvəl illərlə təbliğat-təşviqat işləri aparılıb, insanlara hətta dövlət və ya ekoloji təşkilatların dəstəyi ilə marketlərin qarşısında pulsuz parça torba paylanıb. Bundan əlavə, bəzi ölkələrdə bu torbalardan istifadə kökündən qadağan olunub və ya pullu satışa keçilib. Bizdə isə heç bir əlavə tədbirlər görmədən birbaşa torbaların pulla satışına başlanılıb. Bununla bağlı ciddi bir ictimai müzakirə olmadan, polietilen torbaya 3-5 qəpik qiymət qoyub düşünülür ki, insanlar bu 3-5 qəpiyə görə həmin torbalardan bundan imtina edəcək. Bu, yalnış düşüncədir. Bu, insanların öz vərdişlərindən imtina etməsi üçün kifayət deyil”.

N.Cəfərlinin dediyinə görə, Azərbaycan sadəcə dünyada gedən trendlərə, “Dovos gündəliyinə” ayaq uydurmağa çalışır. Əslində, dünyada belə bir yanaşma çoxdan var ki, polietilen torbalar ekologiyaya çox ciddi ziyan vurduğundan ondan imtina etmək lazımdır. Lakin həmişə olduğu kimi bu dəfə də Azərbaycanda axırda görülməli olan işi əvvəldə görürlər:

“Azərbaycan alıcısı 3-5 qəpiyə görə bundan imtina etməyəcək. Bizdə düşünürlər ki, xaricdə polietilen torbalar pullu olduğuna görə, ondan imtina edirlər, halbuki, bu, tamamilə yanlışdır – inkişaf etmiş ölkələrdə ekologiyaya vurulan ziyanın insanlar tərəfindən qəbul olunmasına görə polietilen torbalardan imtina edilir”.

Natiq Cəfərli bildirib ki, daha yaxşı olardı ki, marketlərin qarşısında aksiyalar təşkil olunsun, pulsuz parça torbalar paylanılsın:

“Hətta, dövlət heç olmasa 1 illik bunun üçün ekoloji təşkilatlara qrant ayırsın. Vətəndaş ekoloji problemi dərk etməsə, 3-5 qəpiyə görə polietilen torbalardan imtina etməyəcək və bu qərar sadəcə vətəndaşlarda növbəti narazılıq yaradacaq. Bunu anlamaq lazımdır”.

Ekoloq Ramil Əliyevin sözlərinə görə, hər il dünyada 4 trilyon paket istifadə olunur, hər 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır. Onlar torpaqda 80-90 il qalır, çürümək bilmir və olduqca böyük ziyan vurur. Ekologiyaya vurduğu zərərə görə onlardan gündəlik ticarətdə istifadə edilməsi tamamilə qadağan edilməlidir. Onun əvəzinə kağız torbalardan, müəyyən taxta məmulatlarından hazırlanmış qablaşdırıcı əşyalardan istifadə edilməsi daha məqsədəuyğundur:

“Xüsusilə polietilen torbaları həsir zənbillərlə əvəzləyə bilərik. Bu zənbilləri həm uzun müddət istifadə etmək olur, həm də ekoloji cəhətdən təmizdir. Polietilen torbalar birdəfəlik istifadə edildiyi üçün tullantı miqdarı həddindən artıq çox olur. Onların tullantıları torpaq altında yüz illərlə çürümür, ekoloji baxımdan çox ziyan vurur. Bu tullantıların təkrar emala cəlb edilməsi də sərfəli deyil, çünki onların toplanıb təkrar istehsala verilməsindənsə yenisini istehsal etmək daha ucuz başa gəlir. Buna görə də zərərli tullantılar ilbəil çoxalır”.

Ekoloq qeyd edib ki, inkişaf etmiş dünya ölkələrində əsas tədbir kimi plastik torbaların ödənişli olması və ya onlara ekoloji vergi tətbiqi kimi üsullardan istifadə edilir. Bununla yanaşı, dəfələrlə istifadə oluna bilən parça torbalardan, bakteriyaların və ya digər canlı orqanizmlərin parçalaya biləcəyi çantalardan istifadənin təşviqi də görülən tədbirlər sırasındadır:

“Artıq illərdir ki, Danimarkada ticarət müəssisələrində pulsuz polietilen torbaların paylanmasına vergi tətbiq olunur. Danimarkada plastik torbalar ödənişli ediləndən sonra alıcılar arasında ona təlabat 90 faiz azalıb. İrlandiyada plastik torbaların qiyməti artdıqdan sonra bu məhsula tələbat 95 faiz azalıb. Latviyada polietilen paketlərdən istifadəni azaltmaq üçün onlara vergi tətbiq olunur. İtaliyada 2011-ci ildən yüngül çəkili plastik torbaların istifadəsinə qadağa qoyulub. Bu plastik torba istehlakının 60 faiz azalmasına gətirib çıxarıb”.

Ramil Əliyev hesab edir ki, polietilen paketlərin istifadəsindən imtina yalnız ekoloji cəhətdən savadlı istehlakçının formalaşması zamanı həyata keçirilə bilər:

“Polietilen paketlərdən imtina üçün öncə uzunmüddətli maarifləndirmə kampaniyası təşkil olunmalıdır. Parça, kağız torbaların istehsalı və əlverişli şərtlərlə satılması təşkil olunmalıdır”.

Millət vəkili Musa Quliyev hesab edir ki, polietilen torbaların satışının, istehsalının qadağan edilməsi dünyada ekologiyanın qorunması üçün tətbiq olunan ən yaxşı təcrübədir:

“Bir çox dünya ölkələri ekologiyanı qorumaq üçün polietilen torbaların, birdəfəlik plastik qabların istehsalının, satışının qadağan olunması və ya məhdudlaşdırılması ilə bağlı qanunvericiliyə dəyişiklik ediblər. Azərbaycanda da artıq belə bir qanunvericlik bazası yaradılıb ki, bu da, ilk növbədə, ekologiyanın, təbiətin, insan sağlamlığının qorunmasına xidmət edir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib ki, bu gün polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. O hesab edir ki, marketlərdə polietilen torbaların pulla satılması insanların ondan istifadəsini azalda bilər:

“Polietilen torbalar pulsuzdur deyə alıcılar bundan məmnuniyyətlə istifadə edirdilər. Ancaq bilmirdilər ki, bu torbaların ətraf mühitə, flora və faunaya mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür. Ona görə də polietilen torbalardan istifadə tədricən məhdudlaşdırılmalıdır. Bu torbalar qısa müddət ərzində istifadə edildikdən sonra atılır və yol kənarında, ətraf ərazilərdə xoşagəlməz mənzərə yaradır”.

İ.İbrahimovanın dediyinə görə, beynəlxalq təcrübə göstərir ki, bu torbalar ödənişli olduqdan sonra onlara tələbat 95 faizədək azalır. Lakin polietilen torbalardan istifadəni azaltmaq üçün onların marketlərdə ödənişli olması yeganə həll üsulu deyil. Həmin materialların alternativləri, yəni kağız, parça, kətan torbaların istehsalının genişləndirilməsi ilə bağlı tədbirlər də nəzərdə tutulub və nazirlik beynəlxalq ekspertlərin iştirakı ilə maraqlı tərəflərin görüşünü təşkil edib. Bakupost.az

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …