Bazar ertəsi , May 10 2021
Ana səhifə / Sosial / “Peyvənd var, indi bizimkilərin dərdinə bax da, peyvənd vurdurmurlar” – Elman Nəsirov

“Peyvənd var, indi bizimkilərin dərdinə bax da, peyvənd vurdurmurlar” – Elman Nəsirov

Vaksinasiya prosesi ölkəmizdə uğurla həyata keçirilsə də, hələ də bu prosesə spesifik yanaşmalar mövcuddur. 

Vətəndaşlardan bəziləri peyvəndlənmənin hər hansı fəsadlarının baş verəcəyini düşünərək, prosesdə iştirak etmirv. Bu da nəticədə digər insanları təhlükəylə qarşı-qarşıya qoyur. Belə olan halda yalnız bir fikir yaranır: Əhalinin  məcburi vaksinasiyada iştirak etməsi. 

Bəs vətəndaşların məcburi vaksinasiya prosesinə cəlb edilməsi fikri nə dərəcə zəruridir? 

Ümumiyyətlə, buna ehtiyac varmı? 

Pravda.az-ın xəbərinə görə, millət vəkili Elman Nəsirov bildirib ki, ölkəmizdə hər bir şəxs mütləq şəkildə öz məsuliyyətini dərk edərək vaksinasiya prosesində  fəal iştirak etməlidir: 

“Azərbaycanın pandemiyaya qarşı mübarizə prosesindəki töhfəsi bütün dünyada qəbul olunub. Azərbaycan həm milli, həm regional, həm də qlobal səviyyədə pandemiyaya qarşı mübarizə prosesinə töhfə verir. 

Prezident İlham Əliyev vaksinasiya mövzusunda çox prinsipial mövqedə dayanır və dəfələrlə beynəlxalq tribunalardan bildirib ki, vaksinasiya prosesində ölkələrin əlçatanlığı təmin edilməlidir, ədalətli bölgü olmalıdır. Azərbaycanda bu proses normal getməkdədir. Təxminən ölkədə 1 milyon 3 yüz mindən artıq vaksinasiya prosesi reallaşıb. Eyni zamanda parlamentin iclasında Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov vurguladı ki, ölkəmizə daha 5 milyondan  artıq dozada vaksinin daxil olunması gözlənilir. Yəni prinsip etibarı ilə vaksin çatışmamazlığı problemi bizdə yoxdur. 

Ancaq bəzi insanlar hələ də bu məsələyə şübhə ilə yanaşırlar, bəzi insanlar hələ də gözləmə mövqeyindədirlər. Vaksinləşmə prosesindən kənarda qalan insanlar, öz həyatlarını, yaxınlarının həyatını təhlükə altına atmış olurlar. Məcburi vaksinasiya ilə bağlı məsələ bu gün aktual deyil. 

Bəzi insanlar qorxurlar, çəkinirlər, elə bilirlər ki, vaksinləşmə olanda onların həyatı təhlükə altına atılmış olur. Ancaq bir müddətdən sonra görəcəklər ki, qətiyyən belə deyil. İndi əslində problem vaksinin vurulmasından gələn təhlükə ilə bağlı deyil, problem peyvənd olunmamaq və belə olan vəziyyətdə üzləşəcəyimiz problemlərlə bağlıdı. Problem yoluxmayla bağlı yaranan problemlərdir. İnsanlar bu məsələləri başa düşməli və peyvəndlənmə prosesində fəal olmalıdırlar”.

Millət vəkili hesab edir ki, prosesin müəyyən kateqoriyalar üzrə getməsi gecikməyə səbəb olur:

“Biz yaş kateqoriyaları üzrə gözləməməliyik, belə olan vəziyyətdə bu proses gecikə bilir. Ona görə mən hesab edirəm ki, yaş kateqoriyasını nəzərə almadan belə, bu prosesi sürətlə həyata keçirmək olar. Mənim mövqeyim belədir”.

Elman Nəsirov bir çox ölkələrlə müqayisədə vaksinə sahib olmaq baxımından çox şanslı olduğumuzu və bundan faydalanmağın vacibliyini vurğulayıb:

“Bu gün peyvəndlənmə prosesində iştirak etmək istəməyən insanlar dərk etmirlər ki, indi peyvəndə sahib olmağın özü dünyada qlobal problemdir. Bir çox kasıb ölkələr peyvənd almaq imkanına malik deyil. Həmin ölkələrin vətəndaşları səbirsizliklə peyvənd olunmağı gözləyir. 

Sadəcə o peyvəndi ona verən yoxdur. Bizdə isə bəzi peyvənd vurdurmayan insanlar məsuliyyətsizlik nümayiş etdirirlər. 

Peyvənd var, indi bizimkilərin dərdinə bax da, peyvənd vurdurmurlar. Ona görə hesab edirəm ki, bu məsələdə çox məsuliyyətli olmaq lazımdır, prosesdə fəal iştirak etmək lazımdır”. Azxeber.com

Həmçinin oxuyun

Azərbaycanda COVID-19: bütün pis göstəricilərdə azalma var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada 722 yeni yoluxma faktı qeydə alınıb, 1854 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti …