Ana səhifə / Sosial / Peşə xəsətəlikləri – Azərbaycanda buna kimlər harda, necə tutulurlar…

Peşə xəsətəlikləri – Azərbaycanda buna kimlər harda, necə tutulurlar…

Hansı peşə ilə məşğul olmağından asılı olmayaraq insan daim özünü mütləq şəkildə həm stress, həm də tutula biləcəyi xəstəliklərdən qorumalıdır. Bütün sahə adamlarına sağlamlıqları üçün diqqət lazım olsa da, bəzi sahələrin işçiləri müəyyən risk qrupuna daxil edilir və onlar xüsusi diqqətə ehtiyac duyurlar.

Baxmayaraq ki, istahsalatda başına gələn hər hansısa xoşagəlməz hallardan və peşə xəstəliklərindən hər bir işçi sığortalanır və belə hallar baş verərsə, birbaşa işəgötürənlər cavandeh şəxs hesab olunurlar. Lakin maddi qarşılığı ödəmək işçiyə hər zaman öz sağlamlığını geri qaytarmır. Buna görə də müxtəlif peşə sahibləri özləri öz sağlamlıqlarının keşiyində durmalıdırlar. Mütəxəssislər qeyd edirlər ki, müəyyən peşələr üzrə əmək qabiliyyətinin itirilməsindən qorunmaq üçün xüsusi qoruyucu vasitələrdən istifadə mütləqdir.

Ölkəmizdə peşə xəstəliklərinin siyahısı Nazirlər Kabinetinin 14 yanvar 2002-ci il tarixli qərarı ilə təsdiq edilib.

Müəyyən peşələrlə məşğul olan insanlar üçün stress də qaçınılmazdır. 2005-ci ildən etibarən Ümumdünya Əmək Təşkilatı stress amillərinin törətdiyi fəsadları peşə xəstəlikləri sırasına daxil edib. Lakin hazırda Azərbaycanda peşəsi ilə məşğul olan şəxslərin stress amilləri peşə xəstəlikləri kimi qəbul edilmir. Günümüzdə isə peşə stresləri ilə üzləşmədiyimiz bir sahə yoxdur.

Xərçəng yaradaraq ölümə səbəb olan fərqli faktorlar dünyanın müxtəlif bölgələrində dəyişikliklər törədirlər. Ancaq xərçəngin meydana gəlməsində qidalanma, sosial həyat, peşə təsiri, iqlim və genetik faktorların rolunun olduğu da danılmaz faktdır.

Son illərdə aparılan araşdırmalar nəticəsində ətrafımızda çox sayda konservant maddələrin olduğu təsdiq edilib. Ekoloji konservantların tipik nümunəsi isə sənaye konservantlarıdır. Artıq insanlarda meydana gələn xərçəng kütlələrinin 5-10%-i  məhz peşə xəstəliyi siyahısına daxil edilir.

Beynəlxalq Xərçəngi Araşdırma Agentliyinin hesabatlarına görə, bu günə qədər orqanizmdə xərçəng yaratdığı təsdiq olunan ən az 30 maddə ya da faktor var. Bunlara misal kimi nikel, xrom, asbest, benzin, ionlaşdırıcı radiasiya və s. göstərmək olar. Bu maddələr arasında nikelin xərçəngə səbəb olması barədə bilgələrə son illərdə aydınlıq gətirilib. Günümüzdə bu təhlükəli maddələrlə hər gün iş başında qarşı-qarşıya gələn insanlar vardır ki, onların bu səbəblərlə xərçəngə yoluxması peşə xəstəliyi hesab olunur.

Peşənin bir neçə hallarda xərçəng əmələ gətirməsi mövzusunda son illərdə maraq çəkən nüanslardan biri də həmin peşə adamının yaxınlarında da xərçəng riskinin yüksək olmasıdır. Son dövrlərdə asbest maddələrlə əlaqəli işlərdə çalışanların ağciyər xərçəngi ehtimalının artımı və uşaqlıq dövründəki qan xərçəngi xəstəliyinə tutulanlarının atalarının peşəsi ilə əlaqəsi müşahidə olunur.

Türkiyənin Sosial Təhlükəsizlik Mütəxəssisi Oğuz Aslım hələ təkcə Türkiyədə ildə altı mindən çox əlilliyin və iki mindən çox ölüm hadisəsinin peşə xəstəliyindən qaynaqlandığını ifadə edib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Modern.az saytına deyib ki, peşə xəstəliklərindən ölənlərin sayı istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində ölənlərin sayından heç də az deyil.

“Birinin işinə uyğun olan peşə xəstəliyi ilə digər biri xəstələnirsə, onun iş mühitinin səbəbi olmadığı üçün bu peşə xəstəliyi hesab edilmir. Məsələn, Azərbaycanda ürək – damar xəstəlikləri çox yayılsa da, bu, hər bir peşə nümayəndəsi üçün peşə xəstəliyi hesab olunmur. Klassik bir misal çəkim ki, məsələn, babasil xəstəliyi sürücülər üçün peşə xəstəliyi hesab olunsa da, baxmayaraq ki, müəllim işi də oturaqdır, bu, onlar üçün peşə xəstəliyi hesab olunmamalıdır, çünki onların oturduqları yerdən durması mümkündür. Babasil yalnız oturması məcbur olan şəxslər üçün peşə xəstəliyirdir.

Avropa standartlarına uyğun olaraq əslində sürücülər hər 300 km-dən bir dəyişməlidir. Bizdə buna əməl olunmur. Bakıdan sükan arxasında bir nəfər oturur və düz Tiflisə qədər avtobusu sürür”.

Sektor olaraq avtomobil, kimya, ağır sənaye və virus xəstəlikləri sektorlarında peşə xəstəliklərinə daha tez-tez rast gəlinir. Bununla yanaşı, demək olar ki, bütün xidmət sahələrində peşə xəstəlikləri mövcuddur. Müəyyən bir yaşa (35-55 yaş) çatan işçilər işsizlik qorxusundan da stress keçirirlər ki, bu da onların tez xəstəliyə tutulmasına səbəb olur. İş həyatında və ümumiyyətlə ağır işlərdə kişilərin sayının çox olması səbəbiylə peşə xəstəlikləri kişilərdə daha çox görülür.


İşəgötürənlər işçilərin peşə xəstəliklərindən qorunması üçün hansı tədbirləri görməlidirlər?

Təbii ki, işəgötürənlər işçilərini peşə xəstəliklərindən qorumaq üçün bəzi tədbirlər görməlidirlər. İş yerinin sağlamlığa zərərli olması iş yerinin havasına  yayılan maddələrdən (məsələn, duman, toz, buxar, qaz və s.) və fiziki şərtlərdən asılıdır. Hətta bəzən zərərli maddələr birbaşa əllə təmasda olur. İş yerində bu təhlükələri aradan qaldırmaq və ya minimuma endirməklə iş mühitini zərərsizləşdirmək və təhlükəni müəyyən qədər uzaqlaşdırmaq olar. Bu məqsədlə işəgötürənin tətbiq etməli olduğu üsullar aşağıdakılardır:

İstifadə olunan zərərli maddənin dəyişdirilməsi: İstifadə olunan zərərli maddə zərərsiz və ya daha az zərərli maddələrlə əvəz edilə bilər.

Qapalı iş metodu: zərərli maddəni dəyişdirmək mümkün olmadığı hallarda təhlükəli əməliyyatlar tamamilə qapalı mühitdə aparılaraq zərərsizləşdirilə bilər.

Nəmli mühitdə işləmə metodu: Xüsusilə tozlu iş yerlərində tətbiq olunur. Əməliyyat mühitinin nəmləndirilməsi ilə tozun iş otağında ətraf mühitə yayılmasının qarşısı alınır. Bəzi iş yerlərində döşəmə, divarlar və texniki vasitələr tez-tez yuyulmalı və ya nəm parça ilə silinməlidir.

Havalandırma: İş yeri və işin mahiyyətinə uyğun olaraq həyata keçirilməlidir. Yerli və ümumi olmaqla iki növü var.

İş yerinin planlaşdırılması: Obyektin ünvanı bəlli olduğu zaman tutula bilinəcək peşə xəstəlikləri nəzərə alınaraq plan qurulmalıdır. Məsələn, virus infeksiyaları xəstəliklərinin müalicə üçün planlanan dispanserlər gün şüasının çox olduğu yerlərdə tikilməlidir və s.

İş yerində zaman-zaman analizlər aparmaq: Bəzi iş yerlərində görülən qoruyucu tədbirlərə baxmayaraq, təhlükələrin tamamilə aradan qaldırıldığını ehtimal etmək doğru deyil. Bundan əlavə, qoruyucu tədbirlərin effektivliyini müəyyən etmək üçün zaman-zaman müxtəlif analizlər aparmaq lazımdır. Bu təhlillər nəticəsində iş mühitinin sağlamlıq üçün əlverişli olub-olmadığı müəyyənləşdirilir.

Peşə xəstəliyinə tutulmuş şəxs işəgötürəndən hansı hallarda maddi təzminat ala bilər?

İşəgötürənə məhkəmə davası açılaraq dəyən maddi və mənəvi ziyana görə iddia ərizəsi verilə bilər. Əsas lazım olan sənəd isə peşə xəstəlikləri klinikasından peşə xəstəliyinə tutulması haqqında hesabat təqdim etməkdir. Məhkəmə prosesi zamanı hakim və uyğun ekspertlər işçinin çalışdığı iş yerinə gedilərək işəgötürənin günahkar olub-olmadığı müəyyənləşdirilir. Bütün lazimi işlər görüldükdən sonra işçinin almalı olduğu maddi təzminatın miqdarı müəyyən edilir. Bununla yanaşı, cavabdeh iş yerində işçinin sığortalı şəxs kimi işləməsini təmin edibsə, belə olan halda Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyə görə  həmin şəxsə sosial yardım verir.


Peşə xəstəliklərinin ümumi təsnifatı aşağıdakı kimidir:

Kimyəvi maddələrin səbəb olduğu peşə xəstəlikləri
Ağır metallar
Aromatik və alifatik birləşmələr
Qazlar
Fiziki mənşəli peşə xəstəlikləri
Səs və sarsıntı
Tozlar
İsti və soyuq mühitdə işləmək
Aşağı və yüksək təzyiqdə işləmək
Radiasiya (ion və qeyri-ion)
Bioloji mənşəli peşə xəstəlikləri
Bakteriyalar
Viruslar
Psixi-sosial mənşəli peşə xəstəlikləri
Depressiya
Manik-depressiv sindrom

Peşə xəstəliklərinin əsas qrupları:

A – Kimyəvi maddələrin yaratdığı peşə xəstəlikləri

B – Peşə-dəri xəstəlikləri

C – Peşə-tənəffüs sistemi xəstəlikləri

D – Peşə-yoluxucu xəstəliklər

E – Fiziki faktorlar əsas olan xəstəliklər.


Peşə xəstəliklərini araşdıran bir sıra beynəlxalq təşkilatların tövsiyə siyahısında olub, lakin ölkəmizdə hələ tətbiq olunmayan peşə xəstəliklərini nümunələri:

  1. İsti iş mühitinin yaratdığı xəstəliklər
  2. Ozon və Osmium ilə əlaqəli yarana biləcək xəstəliklər
  3. Ultrabənövşəyi şüaları ilə əlaqədar yaranan xəstəliklər
  4. Psixoloji və Davranış Pozuntuları

Bir xəstəliyin peşə xəstəliyi kimi təsbit edilə bilməsi üçün görüləcək işlərin mərhələləri:

  1. Xəstəlik vərəqəsinə düzgün klinik diaqnozun qeyd olunması,
  2. Xəstəliyin işçinin hazırda çalışdığı yerlə əlaqəsinin araşdırılması,
  3. Xəstəliyin əvvəlki iş yerləri ilə əlaqəsinin araşdırılması.

Qanunvericiliyə görə, peşə xəstəliklərinin diaqnozunu verə biləcək xəstəxanalara Səhiyyə Nazirliyinin Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Peşə Xəstəlikləri Klinikası, Tibb Universiteti nəzdində olan klinikalar və Dövlət Təhsil və Araşdırma Klinikaları aiddir.

Peşə xəstəlikləri əsasən bədənin giriş yolları hesab olunan ağciyərlər (tənəffüs), dəri (absorbsiya), ağız (həzm) vasitəsilə yoluxaraq  işçinin əmək qabilliyətini məhdudlaşdırır.

Klinik diaqnoz qoyularkən həmin xəstəliyin fəaliyyət sahəsi ilə əlaqəsinin olub-lmadığı da araşdırılmalıdır. Əgər bu peşə xəstəliyi olarsa, xəstəliyin səbəbinin iş yer olduğu mütləq göstərilməlidir.

Peşə xəstəlikləri qarşısı alına biləcək xəstəliklər sırasına daxildir. Sadəcə, hər bir peşə sahibi tutula biləcəyi xəstəliklər haqqında ətraflı məlumatlanmalı və öz sağlamlığına qarşı ciddi yanaşmalıdır.

Xəstəlik nəticəsində şəxslər əmək qabiliyyətini qismən itirə bilərlər.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, xəstə 3, 6 ay və ya 1 il müddətində əməkhaqqı olduğu kimi saxlanılmaqla peşəsindən uzaqlaşdırılır. Uzaqlaşdırılan müddətdə həmin şəxsin müalicə və profilaktika işləri aparılır. Müalicə yaxşı effect verən xəstə uzaqlaşdırılma müddəti başa çatdıqdan sonra əvvəlki vəzifəsinə geri qaytarılır. Əks halda isə xəstənin əmək qabiliyyətini itirmə dərəcəsi müəyyən edilərək ona uyğun sosial yardım müəyyən edilir.

Qeyd etdiyimiz kimi, peşə xəstəliklərinin qarşısının alınması mümkün olan xəstəliklərdir. Çünki xəstəliyin yaranma səbəbi, mənbəyi aydındır. Müalicə aldıqdan sonra artıq xəstəlik uzaqlaşır, yalnızca bəzi hallarda xəstəliyin bəzi fəsadları qala bilər ki, bu da, təbii ki, əmək qabiliyyətinin tam itirilməsinə gətirib çıxara bilməz.

Sahib Məmmədovun sözlərinə görə, jurnalistlər üçün müəyyən göz xəstəlikləri peşə xəstəliyi hesab oluna bilər.

“Buna görə də işəgötürən kompüterlərin keyfiyyətli olmasına nəzarət etməli və işçilərin peşə xəstəliyindən qorunmalarını təmin etməlidirlər. Tam dəqiq isə bununla bağlı Səhiyyə Nazirliyi təsnifat aparmalıdır. Peşə Xəstəlikləri Strukturu Azərbaycanda demək olar ki işləmir. Əslində jurnalistlərin bu problemi sırf peşə xəstəlikləri kontekstindən işləməsi daha məntiqlidir. Artıq uzun zamandır ki, yalnızca istehsalatda baş verən bədbəxt hadisələr araşdırılır, mediada tez-tez işıqlandırlılır. Amma bu hamının diqqətindən kənarda qalıb.

Azərbaycanda daha çox zərərli, qazlı, tozlu yerlərdə işləyənlər, boya istehsalı işçiləri və s. daha çox peşə xəstəliyinə tutulurlar. Bu xəstələr arasında tənəffüs yolları xəstəlikləri daha çox yayılır.

Məsələn, vərəm dispanserlərində işləyən personalın xəstələnmə riski yüksək olsa da, xəstələrin sayına nadir hallarda rast gəlinir. Çünki onlar profilaktika qaydalarını yaxşı bilir və qoruyucu vasitələrdən istifadə edirlər.

Cəmiyyətdə peşə xəstəliklərinin ciddi qarşılanması üçün bunun statistikası aparılmalıdır. İstehsalatda bu xəstəlikləri doğuran səbəblər araşdırılmalı, ciddi tədbirlər görülməlidir”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …