Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Pensiyaçıların bankomat problemi

Pensiyaçıların bankomat problemi

Ekspertin fikrincə, müavinətlərin verilməsinin iki banka həvalə edilməsi doğru deyil

Dövlət büdcəsindən maliyyələşən qurumlardan maaş alan, eləcə də dövlətdən pensiya və sosial müavinət alan vətəndaşların başlıca problemlərindən biri də bankomat azlığıdır. Belə ki, bu təbəqədən olanlar əsasən pullarını Beynəlxalq Bankın və “Kapital Bank”ın bankomatlarından alırlar. Əksər iri qəsəbələrdə bu bankların cəmi bir bankomatı olduğundan maaş və pensiyaların köçürülməsi ərəfəsində bankomatların önündə uzun növbələr yaranır.

Bəs görəsən, ölkənin ən iri iki bankının bankomatları niyə bu qədər azdır? Və ya maaş, sosial müavinət və pensiyaların ödənişi nə üçün məhz iki bank vasitəsilə həyata keçirilir?

İqtisadçı ekspert  Samir Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, hazırda dövlət büdcəsindən verilən maaş və pensiyaların verilməsində iki bank iştirak edir – Azərbaycan  Beynəlxalq Bankı və “Kapital Bank”. Bir arada “Texnikabank” da bu prosesə qoşulmuşdu, Sumqayıt şəhərində pensiyaların verilməsi bu bank vasitəsilə həyata keçirilirdi. Daha sonra bu bank bağlandı və bu məsələ yenə də iki bankın öhdəsində qaldı. Bankların gəlirlərinə diqqət yetirsək, Beynəlxalq Bankın faizdən olmayan gəlirləri 400 milyon manatdan çoxdur. İkinci yerdə “Kapital Bank” gəlir. Bu gəlirlərin də əsasını pensiya, sosial müavinətlər və maaşların bu iki bank tərəfindən verilməsi təşkil edir. Burada hökumətin əsaslandırması belə ola bilər ki, bu iki bank ən yaxşı infrastruktura malikdir, hər rayonda filialı və bankomatları var. Bu iki bankın bankomatları digər banklarla müqayisədə çoxdur. Ancaq hökumət burada bir tərəfdən digər bankların da inkişafına  şərait yaratmalıdır. Ola bilər ki, hansısa bankın bankomatları hər yerdə  bu qədər çox deyil. Ancaq hansısa rayonlarda kifayət qədər  yaxşı şəbəkəsi ola bilər. Bütün respublika üzrə olmasa da, ayrı-ayrı rayonları ayrı-ayrı banklara vermək olar.

İqtisadçı ekspert  Samir Əliyev ile ilgili görsel sonucu

Biz də müşahidə edirik ki, bankomatların önündə onlarla insan növbədə dayanır. ABB və “Kapital Bankın” bankomatlarının qarşısında pensiyaçılar, həkim və müəllimlər, sosial müavinət alanlar növbə yaradırlar, həmin bankların digər müştəriləri də bundan əziyyət çəkirlər.

Halbuki onun yanında digər banklara məxsus bankomatların önü boş olur. Bu mərkəzləşməni azaltmaq üçün digər banklar da prosesə cəlb olunmalıdır. Xüsusən də 3-4 gün ardıcıl bayram günləri  olanda bankomatlarda pul tapılmır. Ona görə düşünürəm ki, bu məsələyə baxılmalıdır. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdən maaş alan,  o cümlədən sosial müavinət və pensiya alan  müştərilərə xidmət göstərən bankların sayı 10-a qədər artırılarsa, bu daha məqsədəuyğun olar”.

 

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …