Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Pensiyaçılar azalır: Saxta əlillik azalıb, yoxsa insanlar pensiya almadan ölür?

Pensiyaçılar azalır: Saxta əlillik azalıb, yoxsa insanlar pensiya almadan ölür?

2024-cü il yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda 1 milyon 96 min pensiyaçı qeydiyyatda olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin 10,8 faizi pensiyaçı olub. 2023-cü ilin əvvəlinə olan məlumatla müqayisədə bu il Azərbaycanda pensiyaçıların sayında azalma qeydə alınıb. Belə ki, ötən ilin yanvarın 1-i vəziyyətinə ölkəmizdə 1 milyon 114 min 200 pensiyaçı qeydiyyatda olub. Yəni 1 il ərzində Azərbaycanda pensiyaçıların sayı 18 200 nəfər azalıb. Ötən il Azərbaycan əhalisinin 11 faizini pensiyaçılar təşkil edirdisə, bu il bu rəqəm 10,8 faiz olub. Bu ilin məlumatlarına görə, pensiyaçıların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Ölkəmizdə aylıq pensiyaların orta məbləği bu il 441,3 manat təşkil edib. Ötən il bu rəqəm 372,1 manat təşkil edib. Yəni keçən bu müddət ərzində Azərbaycanda pensiyaların orta məbləği 69 manatdan çox (18,6 faiz) artıb. Bu il pensiyaların orta məbləği orta aylıq əmək haqqının 47,3 faizinə bərabər olub. Ötən il bu rəqəm 44,3 faiz olub.
 
Qeyd edək ki, pensiya ilə bağlı məsələlər bu gün ölkədə ən aktual mövzulardan biridir. İstər pensiya yaşı, istər pensiya kapitalı, pensiyanın birdəfəlik varisə ödənilməsi məsələsi davamlı müzakirə olunsa da bu istiqamətdə elə bir ciddi dəyişiklik yoxdur. Pensiyaçıların sayının isə ötən ilə nisbətən azalması da bu qəbildən olan problemlərdəndir. Hansı amillər pensiyaçıların sayının azalmasına gəritib çıxarır? 

İqtisadçı-ekspert Ruslan Atakişiyev “Cebhe.info”-ya bildirib ki, ümumiyyətlə, son dövrlər pensiya sahəsində aparılan islahatlarla bağlı pensiyaçıların sayında azalma müşahidə edilir:

“Biz bunu əvvəllər də müşahidə edirdik. Hətta belə bir proses ünvanlı sosial yardım alınmasında da özünü göstərirdi. Bunu əsas səbəblərindən biri ondan ibarətdir ki, pensiya islahatları ilə bağlı olaraq artıq həm əlilliyə, həm yaşa görə, eləcə də əmək pensiyası ilə bağlı nəzarət sistemi gücləndirilir.

Məsələn, son dövrlər əlilliklə bağlı pensiyalarda azalma müşahidə edilir. Çünki əlilliklə bağlı saxta sənədlərin olması da pensiyaçıların sayını artırırdı. İndi bu sahədə, əlilliyin yoxlanması, dərəcələrinin müəyyən edilməsi məslələrinə nəzarət sisteminin gücləndirilməsi ilə bağlı bəzi şəxslər artıq bu kateqoriyalara daxil ola bilmir. Əgər onlar əvəllər bu katerqoriyada əlillilk pensiyası alırdısa, indi mümkün deyil. O cümlədən də yaşla, əmək pensiyaları ilə bağlı da belə hallar ola bilirdi”. 

O bildirib ki, pensiya sahəsində olan pozuntular nəticəsində bir neçə mənbədən pensiya ala bilirdi:

“Bu sahədə son dövrlər nəzarətin gücləndirilməsi nəticəsində həm şəxslər ancaq bir mənbə üzrə pensiya ala bilir, həm də digər susi-istifadə hallarının aradan qaldırılması istiqamətində işlər aparılır. Bütün bu istiqamətdə nəzarətin gücləndirilməsi pensiyaçıların sayının azalmasına səbəb olur”. 

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …